Ziyad Səmədzadə: Azərbaycan dünyaya lazımdır

Ziyad Səmədzadə: Azərbaycan dünyaya lazımdır
11:56 01-06-2018 | icon 495

 

Akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sualları cavablandırıb:

– Cənub Qaz Dəhlizi Azərbaycana, bütövlükdə dünyaya nə verəcək? Bu layihənin məqsədi nədir?

– Bilirsiniz, Cənub Qaz Dəhlizi hazırda fəaliyyətdə olan Bakı-Tbilisi-Ərzurum boru kəmərinin ixrac potensialını genişləndirməklə yanaşı, Türkiyədə TANAP və Avropada TAP qaz kəmərlərinin tikintisini özündə ehtiva edən qlobal transmilli layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

Ümumiyyətlə, Cənub Qaz Dəhlizi boru kəməri elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Layihənin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilərək, Cənubi Qafqaz Boru kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. Odur ki, bir neçə il öncə Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı və nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP – Trans-Anadolu Qaz Boru kəməri üzrə müqavilə imzalandı.

Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi. TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Vurğulayım ki, gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik.

Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Amma əminəm ki, bundan böyük həcmdə resurslarımız var.

Gələcək kəşfiyyat və istismar işləri də bunu təsdiqləyəcək.  Bu yerdə onu da xatırladım ki, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir ki, onlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Yəni, bu layihənin timsalında geniş beynəlxalq əməkdaşlıq yaradılıb.

– Ziyad müəllim, heç şübhəsiz ki, Cənub Qaz Dəhlizi də daxil olmaqla, bütövlükdə bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı...

– Tamamilə, doğrudur. Ölkə prezidenti də çıxışında bu məqama xüsusi yer ayıraraq, bildirdi ki, bu layihələrin icra edilməsində Azərbaycan da daxil olmaqla, adları çəkilən yeddi ölkənin birgə səyləri xüsusi yer tutur. Həmin ölkələrə və onların rəhbərliyinə bu əməkdaşlığa görə təşəkkürünü bildirən Azərbaycan prezidenti, eyni zamanda, Amerika Birləşmiş Ştatları hökumətinə də minnətdarlığını ifadə etdi.

Qeyd etdi ki,  Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir.

ABŞ hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynayıb.

Bununla yanaşı, cənab İlham Əliyev Böyük Britaniya hökumətinin həmişə Azərbaycanın yanında olduğunu söylədi, Avropa İttifaqının bu layihənin icrasında çox önəmli rol oynadığını bildirdi. 

Xatırlatdı ki, hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb. Heç təsadüfi deyil ki, Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir.

2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Yəni, Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru, təbii ki, çox böyük yer tutur. Onu da bildirim ki, bütövlükdə bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının dəstəyi olmadan mümkün olmazdı.

Odur ki, Azərbaycan prezidenti bu məsələyə dəstək olan, beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürünü bildirdi və qeyd etdi ki, onlar da bizə inanıb, öz maliyyə resurslarını ayırıblar. “Onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaş kimi bütün borcları vaxtında qaytarır və qaytaracaq”, - deyə prezident İlham Əliyev fikirlərini tamamladı.

Bütün bunlar Cənub Qaz Dəhlizinin, eləcə də, digər layihələrin nə dərəcədə böyük önəm və əhəmiyyət daşıdığını ortaya qoyur. Geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə və digər layihələr gələcəkdə nəinki energetika sahəsində, həmçinin bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

Bu layihələr Azərbaycanın bölgədəki və dünyadakı yerini möhkəmləndirəcək, onun rolunu, nüfuzunu artıracaq. Bir sözlə, Azərbaycan xalqı və dövləti bu layihədən və digərlərindən gələn gəlirlər hesabına həm də öz iqtisadi inkişafını, öz sabit və təhlükəsiz yaşayışını daha da gücləndirmiş olacaq.

– Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin nə dərəcədə böyük önəm daşıdığını elə açılış mərasiminə olan diqqətdən də görmək mümkündür. ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavininin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisinin,  Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibinin tədbirdə iştirakı, Türkiyə və Böyük Britaniyanın dövlət rəhbərlərinin təbrikləri buna misal göstərilə bilər...

– Təbii ki, bu, belə də olmalı idi. Bu layihədən qazanan təkcə Azərbaycan deyil, bütövlükdə  Avropa və dünyadır. Bu baxımdan, bu layihənin gerçəkləşməsinə, onun rəsmi açılış mərasiminə də diqqət gözlənilən idi və başqa cür ola da bilməzdi.

Mən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun çıxışına və təbriklərinə toxunmaq istəyirəm. Çünki OPEC dünyada neft ixracı ilə bağlı ən mühüm təşkilatlardandır.

Cənab Barkindo çıxışında “Bu layihə bir ilham mənbəyidir”, - deyərək,  Azərbaycanın, eləcə də, regionun və dünyanın bu layihədən qürur hissi duymalı olduğunu söylədi. O bildirdi ki, bu layihə və onun artıq sürətlə inkişaf etməkdə olan fazası çoxmilyardlı kapital qoyuluşu layihəsidir.

Həmçinin, qeyd etdi ki, bu layihə dünya miqyasında ən böyük enerji layihələrindən biridir və bu tərəfdaşlıq Cənub Qaz Dəhlizi ilə Xəzər dənizindən daha çox, qaz ehtiyatlarının nəql olunmasına imkan yaradaraq, qlobal enerji təhlükəsizliyinə, xüsusilə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

Hesab edirəm ki, bunlar Cənub Qaz Dəhlizinin önəminə verilən ən gözəl, ən dəyərli yanaşmalardan biri və birincilərdəndir. Odur ki, bu layihənin açılışı ilə bağlı Azərbaycan xalqını, Azərbaycan dövlətini və ilk növbədə ölkə prezidentini təbrik edir, Azərbaycanın qarşıdakı dövrdə də daha böyük və yeni layihələrə uğurla imza atmasını arzulayıram.

Bu gün Azərbaycan dünyaya güclü iradəsini, qətiyyətini və dünya üçün nə qədər önəmli bir tərəfdaş olduğunu nümayiş etdirdi. Dünya bizə nə qədər lazımdırsa, Azərbaycan da bir o qədər dünyaya lazımdır. Dünya belə demək mümkünsə, Azərbaycana məhkumdur.

Kamil HƏMZƏOĞLU