ABŞ konsulu: “Azərbaycandakı “Greencard” agentliklərinin ABŞ səfirliyilə əlaqəsi yoxdur” - MÜSAHİBƏ

ABŞ konsulu: “Azərbaycandakı “Greencard” agentliklərinin ABŞ səfirliyilə əlaqəsi yoxdur” - MÜSAHİBƏ
10:41 25-05-2018 | icon 296

Ceremi Litl: “Birbaşa ABŞ-ın səfirliyilə danışa bilərsiniz və fərqli şirkətlərin xidmətindən istifadə etmək lazım deyil”

ABŞ-ın Bakıdakı konsulu Ceremi Litl “Greencard”la bağlı Modern.az saytınınsuallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik. 

- Biz istərdik ki, siz “Greencard”la bağlı 2018-ci ilin nəticələrini aydın izah edəsiniz. Nə qədər azərbaycanlı bu lotereyanı uddu?

- Biz son zamanlar azərbaycanlıların “Greencard” almaq üçün müraciətlərinin çoxaldığının şahidi oluruq. Hər il bu lotereyanı udan azərbaycanlıların sayı artır. Ötən ilin nəticələrinə görə, 434 azərbaycanlı bu lotereyanı udmuşdu. Bu il isə “Greencard” lotereyasını udan azərbaycanlıların sayı 916 oldu.

2016, 2017, 2018-ci illər üzrə Azərbaycandan müraciət edənlərin sayı hələ ki, açıqlanmır. Bu barədə son statistik rəqəm 2015-ci ilə aiddir. Həmin il Azərbaycandan “Greencard” almaq üçün müraciət edənlərin sayı 13 min 986 nəfər olub. 

- Mən heç vaxt Amerikada olmamışam. Mənim üçün maraqlıdır, niyə insanlar hamısı ABŞ-a getmək və ya oranın vətəndaşı olmaq istəyir? 

Bu suala cavab vermək üçün yalnız öz fikirlərimdən istifadə edəcəyəm. Mən immiqrasiya sahəsində 12 ilə yaxındır ki, fəaliyyət göstərirəm. Mənim üçün Azərbaycana gəlib Azərbaycanda fəaliyyət göstərmək öz karyeramda inkişafa nail olmaqdır. ABŞ-a getmək istəyən insanların istəyinə gəlincə, bu, öz-özlüyündə maraq kimi təsbit oluna bilər. ABŞ-da peşəkarlar üçün öz fəaliyyətlərini davam etdirməyə çoxsaylı imkanlar mövcuddur. Bu cür insanlar sözügedən imkanlardan yararlanaraq peşəkarcasına öz karyeralarını yüksəldə bilərlər. Bunun əldə olunması üçün yollar var. “Greencard” lotereyası da bu yollardan biridir.

- Fərz edək ki, mən “Greencard” üçün müraciət etdim və qalib oldum. Qeyd etdiniz ki, ABŞ iş üçün geniş imkanlar açır. Bəs söhbət hansı növ işlərdən gedir? 

- Hər şey sizin özünüzdən, əldə etdiyiniz bacarıqlardan, görə biləcəyiniz işlərdən asılıdır. Bir amil də var – bu da bəxt amilidir. Yaddan çıxarmayaq ki, “Greencard”ı əldə etmək üçün şans amili də ön plandadır.

Mən səfirliklərdə işləyən həmkarlarımla da rastlaşmışam, məlum olub ki, onlar da vaxtı ilə ABŞ-a “Greencard” vasitəsi ilə köçüblər. Ehtimalla demək olar ki, əgər siz müəyyən sahədə püxtələşmiş peşəkarsınızsa, ABŞ-a köçərkən bu sahədə işlərinizi uğurla davam etdirə bilərsiniz.

Universitetə təzə qəbul olunmusunuzsa və bundan sonra ABŞ-a gedirsinizsə, Amerika universitetində öz təhsilinizi davam etdirə bilərsiniz. Amerikanın ümumiyyətlə peşəkarlara ehtiyacı var və insanların işləməsi üçün də geniş imkanlar var.

- Bəziləri “Greencard”ın nəticələri açıqlananda narazılıq etdilər, axtarış sistemində problem olduğunu bildirdilər. 

- Narazılıq doğuran məqamlar barədə spesifik şəkildə söhbət etmək lazımdır. Gəlin, son statistik məlumatlara nəzər yetirək. Bizdə dərc olunan son statistikaya əsasən 11 minə yaxın azərbaycanlı “Greencard” almaq üçün müraciət edib. 11 min nəfərin arasından 400 ya da 500 insan uğur qazanmışdı.

2017-ci ildən danışarkən, bir məqamı diqqətinizə çatdırmaq istərdim. Siz təqdim etdiyiniz məlumatlardan sonra adınızı siyahıya daxil etmək istəyirsiniz. “Greencard”a müraciət etmək prosesində bir neçə mərhələ var. Siz bu mərhələlərdə uğursuzluğa uğraya bilərsiniz. Belə bir inam yarana bilər ki, siz artıq müsahibəyə də çağırılmısınız, lakin mərhələlərin birində uğursuzluğa düçar olmusunuz.

Bundan başqa, müxtəlif agentliklər fəaliyyət göstərir ki, onlar vasitəçilik rolunu oynayırlar. Onlar insanların müraciətlərini götürür və onları təqdim edir.

Siz dediyiniz ayrı-ayrı şikayətlərə gəlincə, düşünürəm ki, bunlara fərdi şəkildə yanaşmaq lazımdır. Bu məqamlar barədə mənə dəqiq məlumatlar lazımdır ki, onları araşdıra bilək. 

- ABŞ səfirliyinin “Greencard Azerbaijan” şirkəti ilə hər hansı əməkdaşlığı varmı?

- Bu, çox yaxşı sualdır. Bu məqam haqqında xüsusilə danışmaq istərdim. Biz Azərbaycanda “Greencard”la bağlı fəaliyyət göstərən agentliklər barədə məlumatlarımız var. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, sözügedən agentliklərlə ABŞ səfirliyinin hər hansı bir əlaqəsi, əməkdaşlığı yoxdur.

Çox acınacaqlı haldır ki, sözügedən agentliklər özlərini ABŞ-ın tərəfdaşlıq etdiyi qurum kimi təqdim edirlər.  Ən vacib şey odur ki, birbaşa ABŞ-ın səfirliyilə danışa bilərsiniz və fərqli şirkətlərin xidmətindən istəfadə etmək lazım deyil.

Bu agentliklər vasitəçilik rolunu üzərlərinə götürürlər, insanlardan hazır doldurulmuş formada olan məlumatları götürürlər və onların təqdimatı ilə məşğul olurlar. Sadəcə olaraq bu müraciət formaları bəzən müraciət edənlərin razılığı ilə təqdim oluna bilər. Lakin elə hallar da olur ki, bəzi şəxslərin özü haqqında müraciətlərin verilməsi haqqında məlumatları olmur.

 - Bu, necə olur?

- İstənilən sözügedən agentlik məlumatları aldıqdan sonra müraciətləri daxil edir, “Greencard” siyahısına salır. Nəticə etibarı ilə hər hansı bir şəxs uğur qazana bilər. Bu uğur qazanan şəxsin də əlaqə vasitələri həmin agentliklərdə olur. İnsanlar isə başa düşməlidirlər ki, onlar öz sayələrində uğur qazanıblar, onlara uğur gətirən bir rəqəm var. Amma bundan xəbərləri olmur. Həmin agentliklər isə uğur gətirən rəqəmlərə görə insanlardan minlərlə dollar pul alır. Fərz edin ki, sizə uğur gətirən bir rəqəmi sizdən gizləyirlər. Onlar bu rəqəmin açıqlanması üçün sizdən pul alırlar.

 

- Onlar bəs insanların müraciətlərini Dövlət Departamentinin sisteminə necə daxil edə bilirlər? 

Bu, məlumat sisteminin zəifliklərindən biridir ki, təşkilatlar ora məlumatları daxil edə bilir. Nəticə etibarı ilə onların bu sistemə girişləri olur. Onlardan başqa kimsə qalib gələn rəqəmi öyrənə bilməzlər.

Agentliklər görün nə edir?! Onlar sizdən məlumatları alır, onları sistemə daxil edir. Bəzən insanların xəbərləri olmadan onlar haqqındakı məlumatları yenə də sistemə daxil edirlər.

Öz məlumatlarınızı özünüz daxil etmək istəsəniz, sistem 2 bir birilə uyğun görünən məlumat görə bilər. Bu zaman sistem nə edir? Sistem onların 2-ni də diskvalifikasiya edir. Məsələ ondadır ki, həmin agentliklər insanlara məhəl qoymurlar, onların xəbəri olmadan məlumatları sistemə daxil edirlər. 

Digər bir məsələ də var ki, bu da prosesə xələl gətirir. Fərz edək ki, sizin haqqınızda olan məlumatları 5 il ərzində sizin xəbəriniz olmadan sistemə daxil edirlər. Nəticə etibarı ilə, ola bilər ki, sizin 5-ci il bəxtiniz gətirər və qalib ola bilərsiniz. Amma sizin sosial ya da ailə statusunuzda müəyyən dəyişikliklər ola bilər. 5-ci il sistem sizi qəbul edərkən, görəcək ki, məlumat düzgün daxil edilməyib. Nəticə etibarı ilə siz yenə də uğursuzluğa düçar olursunuz, təsnifatdan keçmirsiniz. “Greencard” agentliklərinin ümumiyyətlə, insanların uğur qazanmasında marağı yoxdur. Onlara maraqlıdır ki, çox sayda insanlar müraciət etsin. Çox müraciət olanda daha çox insanın uğur qazanmaq ehtimalı artır və bu minvalla onlar uğur qazanan insanlardan pul götürə bilirlər. 

Biz həmişə bir məqamı vurğulayırıq ki, sizin “Greencard” lotereyasına aid olan sənədlərinizi məhz özünüz təqdim etməlisiniz. Bu, bir növ sizi sığortalayır. Bu baxımdan ki, siz müəyyən bir vaxtda agentlik vasitəsi ilə müraciət etmisinizsə, onlardan məlumatlarınızı almaq çətin olacaq. Bir şeyi də bilirik ki, sözügedən agentliklər bir-birilə əlbirdirlər. Bunlar böyük bir şəbəkə təşkil edirlər.

- ABŞ gələcəkdə “Greencard” almaq üçün şərtləri sadələşdirə bilərmi?

Bu, bir çoxlarının arzusudur ki, viza alınması prosesi sadələşdirilsin. Amma bunun necə edilməsi öz-özlüyündə böyük bir sualdır. Biz də arzularımızı elə qaydada həyata keçirməliyik ki, mövcud sistemin tamlığını qoruya bilək. Bilirəm ki, ABŞ-da inteqrasiya məsələləri ilə bağlı müəyyən siyasi dairələrdə söhbətlər gedir. Lakin, bunun necə edilməsi kifayət qədər mürəkkəb məsələdir.

- “Greencard” lotereyasında seçim modeli necədir?

2 amil vacibdir. Biri orta təhsil haqqında sənədlərin olması, digəri isə iş təcrübəsidir. Digər məsələlər isə sırf kompüter tərəfindən həyata keçirilir, yəni seçimi kompüter edir.

- Müraciət sistemində hansı ölkələr ön sıradadır?

- 2017-ci ildə zirvədə olan 5 dövlət Efiopiya, Özbəkistan,Ukrayna, Albaniya və Rusiya idi. “Greencard” lotereyası ABŞ-la immiqrasiya istiqamətində zəngin təcrübəsi olmayan dövlətlərin vətəndaşları üçündür. Meksika, Çin, Hindistan kimi dövlətlər bu lotereyada iştirak etmir. Lakin elə dövlətlər var ki, ABŞ-la immiqrasiya sahəsində zəngin təcrübəsi yoxdur, bununla bağlı rəqəmlər kifayət qədər kiçikdir. Məqsəd bundan ibarətdir ki, ABŞ-da yaşayan immiqrantlar arasında müxtəliflik olsun.