“Yenə də deyirəm, körpə dünyaya gətirib, yetim qoymayın” – Aqiyə Naxçıvanlı 

“Yenə də deyirəm, körpə dünyaya gətirib, yetim qoymayın” – Aqiyə Naxçıvanlı 
16:08 16-05-2018 | icon 254

"Görün mənim söylədiklərim bəzi adamlara necə təsir edib ki, onlar mənə qarşı kampaniya aparmağa qərar veriblər. Mən sözümün üzərində dayanıram”.

Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq komitəsinin sədri, millət vəkili Aqiyə Naxçıvanlı səsləndirdiyi "Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?” fikrinin sosial şəbəkələrdə kəskin tənqid olunmasına münasibət bildirərkən belə deyib.

O bildirib ki, bununla bağlı Milli Məclisdə dinləmələr keçirəcək: "Mayın 23-ü saat 11-də Parlamentdə bununla bağlı dinləmələr keçiriləcək. Bütün media nümayəndələrini bu tədbirə dəvət edirəm. Bu mövzu kifayət qədər həssas mövzudur. Lakin reallıq budur ki, hər il minlərlə ailə dağılır, heç bir günahı olmayan körpələr yetim qalırlar. Mən nə demişəm?! Demişəm ki, madam boşanacaqsınız, niyə övlad dünyaya gətirib, bədbəxt edirsiniz. Burada qeyri-adi nə var ki?! Bir daha deyirəm ki, rəqsi öyrənməyin, ailə dəyərlərini öyrənin və ondan sonra ailə qurun”.

Qeyd edək ki, Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Aqiyə Naxçıvanlının "Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?” fikri sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb və hətta buna görə, komitə sədrini təhqir edənlər də tapılıb.