Baş nazirin müavini Əli Həsənov: “Yeni sədrə bildirmişəm ki…”

Baş nazirin müavini Əli Həsənov: “Yeni sədrə bildirmişəm ki…”
11:45 16-05-2018 | icon 125

Baş nazirin müavini Əli Həsənov “Yeni Müsavat” qəzetinin bugünkü sayında dərc olunmuş “Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı” başlıqlı yazı ilə əlaqədar Nazirlər Kabinetinin mətbuat xidmətinə mövqeyini açıqlayıb: 

“Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsində adətən hər ayın 15-i qəbul günüdür. Dövlət Komitəsi məcburi köçkün soydaşlarımızın rəsmi müraciət yeri olduğu üçün həmin günlərdə iştirakçıların çox sayda olması normal haldır və bu proses 20 ildən artıq bir müddətdə mütəmadi davam etmişdir. Görünür, qəzetin müxbiri yalnız 20 ildən sonra Komitənin qəbul günləri ilə maraqlanmağa başlayıb”.

Əli Həsənov daha sonra bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib hamı kimi o da bu təyinatı çox uğurlu sayaraq, ona hörmətlə yanaşır: “Yeni sədrə bildirmişəm ki, nə vaxt mənim məsləhətimə və yardımıma ehtiyacı olsa, hər zaman ona kömək etməyə hazıram”.

Baş nazirin müavini sözünün sonunda deyib: “O ki qaldı “Yeni Müsavat”da yazılan “köçkünlərin “Qaçqınkom”un qarşısına toplaşmasının təşkil edildiyi” iddiasına, qəzetin özünün də “bu iddiaların nə dərəcədə doğru olmasına” şübhə ilə yanaşdığı kimi, tam məsuliyyətlə və qətiyyətlə bildirirəm ki, bütün bunlar həqiqətən də reallıqdan uzaq olan uydurmalardır”.

Qeyd edək ki, baş nazirin müavinin adı çəkilən yazıya cavab vermək hüququ olduğu kimi, o cavabı dərc etmək isə bizim borcumuzdur.

Ümidvarıq ki, hər şey deyildiyi kimidir, sonradan ortalığa xoşagəlməz həqiqətlər çıxmaz.

Mənbə:Musavat.com