“Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirildi

“Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirildi
11:43 12-05-2018 | icon 118

Mayın 11-də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər. Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. “ASAN Radio”nun direktoru Emin Musəvi tədbiri açaraq layihə haqqında məlumat verdi. Bildirdi ki, “Sevdiyim” layihəsi “ASAN Xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə reallaşıb. Layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir. Layihə çərçivəsində görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip ərsəyə gəlib. Əsərin bəstəkarı və ifaçısı Əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür. Üçrəngli bayrağımız nüfuzlu beynəlxalq təşkilatlarda dalğalanır Mərasimdə çıxış edən Prezidentin köməkçisi Fuad Ələsgərov tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, müstəqil Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi kimi ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918-ci il noyabrın 9-da təsdiq edilib. Lakin Cümhuriyyətin süqut etməsinə baxmayaraq, Azərbaycan xalqı bayrağımızı daim öz qəlbində yaşadıb və 70 il sonra ona bir daha sahib çıxıb. 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Həmin gün dövlət bayrağımız sessiyaya gətirildi və muxtar respublikanın Ali Məclisində ucaldılıb: “Bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim müstəqilliyə gedən yolumuz məhz həmin gündən başlamışdır”. Fuad Ələsgərov qeyd etdi ki, ümummilli lider Heydər Əliyev üçrəngli bayrağımıza sadəcə dövlət rəmzi kimi yox, dünya azərbaycanlılarını birləşdirən simvol kimi dəyər verirdi. O deyirdi: “Kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını, işğal edilmiş torpaqlarının azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Qeyd olundu ki, üçrəngli bayrağımızın Azərbaycan dövləti tərəfindən təsdiq edilməsi barədə məsələ Azərbaycanın Ali Soveti qarşısında məhz ümummilli liderimiz tərəfindən qaldırılıb. Yalnız bundan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. Prezidentin köməkçisi bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlətimizin başçısı 2007-ci il noyabrın 17-də “Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” sərəncam imzalayıb və 2010-cu il sentyabrın 1-də dünyanın ən hündür bayrağının ucaldığı Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidentinin üçrəngli bayrağımız barədə fəxrlə dediyi sözlər hamımızın yaddaşına həkk olunub. Dövlət başçısı mərasimdə deyib: “Bizim bayrağımız qürur mənbəyimiz, canımız, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Fuad Ələsgərov qeyd etdi ki, artıq 28 ildir üçrəngli bayrağımız enmədən başımız üzərində dalğalanır. Ümummilli liderimizin dəfələrlə dediyi kimi, Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Qürur hissi ilə deyə bilərik ki, bu gün bu bayraq adi dövlətin deyil, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlər vermiş, dünyaya özünü tanıda bilmiş, güclü iqtisadiyyat qurmuş, regionda aparıcı qüvvəyə çevrilmiş dövlətin bayrağıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı görsəydilər, fəxr edərdilər. Bu nailiyyətlərin əldə edilməsinə görə Azərbaycan xalqı, əlbəttə ki, ilk növbədə, müasir dövlətimizin qurucusu olan ulu öndər Heydər Əliyevə borcludur. Bu gün ulu öndərin siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderin qoyduğu təməllər üzərində güclü dövlət qurulub. Azərbaycanda siyasi sabitlik hökm sürür, iqtisadiyyat inkişaf edir və müstəqil xarici siyasət aparılır. Üçrəngli bayrağımız BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların üzərində dalğalanır. Prezidentin köməkçisi diqqətə çatdırdı ki, müasir Azərbaycanın əldə etdiyi əsas uğurlardan biri də güclü ordunun yaradılmasıdır. Hazırda Azərbaycan Ordusu müasir silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli bir ordudur: “Bu ordu öz gücünü 2016-cı ilin aprel döyüşlərində göstərdi və üçrəngli bayrağımızı düşməndən azad edilmiş torpaqlarda ucaltdı. Əminik ki, çox yaxın zamanlarda, Azərbaycanın dahi dramaturqu Cəfər Cabbarlının sözləri ilə desək, “yaşıl donlu, mavi gözlü, al yanaqlı” bayrağımız Şuşada, bütün Qarabağda dalğalanacaq”. Fuad Ələsgərov Azərbaycanın dövlət bayrağına həsr edilmiş bu gözəl layihənin ərsəyə gəlməsində xidməti olmuş “ASAN Xidmət”ə, “ASAN Könüllüləri”nə, “ASAN Radio”ya və klipin bütün yaradıcı heyətinə təşəkkürünü bildirdi. “Heydər Əliyev siyasəti Azərbaycanı parlaq gələcəyə aparır” Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Bu günlərdə dünya azərbaycanlılarının ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyini geniş şəkildə qeyd etdiyini söyləyən nazir ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi. Vurğuladı ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Vətəninə və xalqına əvəzsiz xidmətləri ilə əbədilik qazanmış ümummilli lideri – Heydər Əliyevi var. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq xalqımızın taleyinə təsir göstərən əhəmiyyətli addımlar atıb: “Ümummilli lider Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü misilsiz işlər heç vaxt unudulmayacaq. Ulu öndər dövlət rəmzlərini, xüsusən, dövlət bayrağını həmişə diqqət mərkəzində saxlayıb. O, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu. Bu gün Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət, irəli sürdüyü hər bir təşəbbüs ölkəmizi daha da inkişaf etdirir, daha parlaq gələcəyə aparır”. Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, 2018-ci il ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngindir. Prezident seçkiləri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin, ordumuzun, parlamentimizin 100 illik yubileyləri belə mühüm tədbirlərdəndir. Azərbaycan son 100 ildə çox çətin tarixi proseslərdən keçsə də, hazırda öz tarixinin ən şanlı səhifələrini yaşayır: “Ümummilli liderimizin uzaqgörənliyi, müdrikliyi və əzmkarlığı nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və sarsılmaz olub. Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycanın müstəqil olmasına yönəlmişdi. Ulu öndər gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hislərinin aşılanması məsələsini daim diqqətdə saxlayırdı”. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qeyd etdi ki, ulu öndərin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi önəmli hadisələrdir. Bu gün Heydər Əliyev və Xalq Cümhuriyyətini birləşdirən bir çox məqamlar var. Bu məqamlardan ən əsası isə üçrəngli Azərbaycan bayrağıdır. Cümhuriyyətin süqutu ilə üçrəngli bayrağımız endirilsə də, Ulu öndər Heydər Əliyev əsrin sonunda bayrağımızı bir daha enməmək şərti ilə ucaltdı. Çıxışlardan sonra C.Cabbarlının “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip təqdim olundu. Əməkdar artist Tünzalə Ağayeva kliplə bağlı təəssüratlarını bölüşdü: “Biz xoşbəxt xalqıq ki, müstəqilliyimizin 100 yaşını qeyd edirik. Bu gün biz həm də ulu öndərimizin 95 illiyini qeyd edirik. Ümummilli liderimizin əziz xatirəsi həmişə qəlbimizdədir və onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri bizə ruh verir”. Klipin rejissoru Ülviyyə Könül belə mühüm bir layihədə iştirak etməkdən qürur duyduğunu bildirdi. Tədbir konsert proqramı ilə davam etdi.