Yol kənarında təklükəli söküntü - Foto

Yol kənarında təklükəli söküntü - Foto
11:38 12-05-2018 | icon 140

Avtomobil yolunun kənarında tikintisi yarımçıq dayandırılan bina heç bir təhlükəsizlik tərbirləri görülmədən sökülür.

Axar.az xəbər verir ki, Sabunçu rayonu Bəşir Bünyadov küçəsində, “Koroğlu” stansiyasından məhəllələr arasına gedən yolun kənarında təhlükəli vəziyyət yaranıb. Uzun müddət əvvəl tikintisinə başlanılan hündürmərtəbəli binanın tikintisi dayandırılıb. Hansı səbəbdən tikintisinə qadağa qoyulduğu məlum olmayan bina hazırda sökülməkdədir. Təxminən 9 mərtəbəsi inşa edildikdən sonra tikintisi dayandırılan binanı cəmi bir traktor sökür. Bir aydır ki, sözügedən bina heç bir təhlükəsizlik tədbirləri görülmədən yerlə yeksan edilib.

Tikilini magistral yoldan 2-3 metr eni olan səki ayırır. Söküntü zamanı binanı ən üst qatından tökülən irili-xırdalı tikinti daşları səkiyə sökülür, hətta yolun yarısına qədər də gəlib çıxır. Sözügedən tikilinin yanından keçərkən bütün avtomobillər ya sürəti artırır, ya da qarşıdan gələn avtomobillərin yoluna girərək dairəvi yola yaxın yerdən getməli olurlar.

Binanın artıq əksər mərtəbələri sökülsə də, dağıntılar yol boyu səpələnib, hətta bütün səkini də tutub. Hətta binanın yaxınlığından keçərkən öz üstünüzə və avtomobilinizin üzərinə tikinti daşının düşmə ehtimalı da var .

Əvvəlcə tikinti, daha sonra isə tikintinin hansı şirkət tərəfindən aparıldığı məlum deyil. Heç tikilinin kənarlarında da işlərin hansı şirkət tərəfindən aparıldığı, narahatçılğı kimin yaratdığı qeyd olunan qoruyucu lövhələr vurulmayıb.