Jurnalistləri təhqir etmək üçün məmurlar yarışa qoşulublar

Jurnalistləri təhqir etmək üçün məmurlar yarışa qoşulublar
12:52 11-05-2018 | icon 204

Bu, hər şeydən əvəvəl, məmur özbaşınalığı ilə bağlıdır

 

Məlum olduğu kimi, “Unikal” qəzetinin əmədaşı Famil Fərhadoğlunun peşə fəaliyyətini yerinə yetirərkən Səhiyyə nazirinin işarəsilə döyülməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Qəzetin baş redaktoru Asəf Rzayev hadisə barədə bunları deyib: “Cənab daxili işlər nazirinə və cənab baş prokurora müraciət olunub. Bu fakt Yasamal rayon 28-ci polis bölməsində təhqiqatçı Azər müəllim tərəfindən araşdırılır. Təəssüflər olsun ki, bu günə qədər jurnalisti döyən şəxslər məsuliyyətə cəlb edilməyib. Ancaq bir saat əvvəl 28-ci Polis Bölməsindən bizimlə əlaqə saxlayaraq, dedilər ki, jurnalisti döyən şəxslər polisə gətirilir. Yəqin ki, gün ərzində üzləşmə olacaq. Hesab edirəm ki, mənim baş prokuror və daxili işlər nazirinə müraciətimdən sonra polis və prokurorluq orqanları bu fakta ciddi yanaşacaq. Ümid edirəm ki, son nəticədə jurnalisti döyən şəxslər cəzalandırılacaq.

Təbii ki, Səhiyyə Nazirliyi bu halı təkzib edə bilər. Amma ortada əsaslar var, hazırda təhqiqat gedir, nazirin işarəsi ilə bizim əməkdaşımıza iki nəfər xəsarət yetirib, çəkiliş üçün əlində olan vasitələri sındırıb. Mən Səhiyyə Nazirliyinin açıqlamasını qəbul etmirəm. Onlar sudan duru çıxmaq üçün belə təkziblə çıxış edə bilər.

Mən hadisədən sonra jurnalist təşkilatlarının və həmkarlarımızın sosial şəbəkələrdə münasibətləri ilə tanış oldum. Jurnalist təşkilatlarının, həmkarlarımızın, aparıcı sayt və qəzet rəhbərlərinin bu məsələyə reaksiyasını müsbət qiymətləndirirəm. Onlar məmurun jurnalistə qarşı hücum təşkil etməsini pislədilər, bunu ictimailəşdirdilər. Ümumiyyətlə həmkarlarımızın bizimlə həmrəylik nümayiş etdirməsinin şahidi oldum. Buna görə, onların hər birinə təşəkkür edirəm.

Biz indiki mərhələdə polis bölməsində təhqiqatın aparılmasını və onun nəticələrini gözləyirik. Bu məsələ öz həllini tapmasa və jurnalisti döyən şəxslər cəzalanmasa, Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin birinci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət edəcəyik.

Öncə deyim ki, əməkdaşımız Famil Fərhadoğlunu döyən şəxslərin ağsaqqalları bizə müraciət etmişdi, jurnalisti döyən şəxslərin əvəzinə üzr istədiklərini qeyd etdilər və təklif olundu ki, biz bu məsələnin üzərindən keçək. Ancaq biz üzrxahlığı qəbul etmədik. Ona görə qəbul etmədik ki, bu ağsaqqallara hörmətsiz yanaşdıq, əksinə, onların addımını ehtiramla qarşıladıq. Lakin ictimaiyyət bilməlidir ki, jurnalistə yumruq atan şəxsin cəzası nədir?Sabah başqası da bilməlidir ki, jurnalistə hansısa bir məmurun sifarişi ilə şillə atmaq, döymək, onun kamerasını sındırmaq olmaz və bunun cəzası var.

İkincisi, Səhiyyə Nazirliyi ilə bizim gələcək münasibətlərimizə gəldikdə deyim ki, bunun yolu  yalnız jurnalistdən rəsmi üzr istəməkdir. Bununla da problem yoluna qoyulsun. Xeyr. Bizim indiyə qədər Səhiyyə Nazirliyini tənqid etmək, onların informasiyasını verməmək kimi bir dərdimiz olmayıb. Sadəcə, bizim əməkdaşımız peşə fəaliyyətini yerinə yetirərkən hücuma məruz qalıb. Biz də bunu ictimailəşdirmişik. Mənim səhiyyə naziri ilə nə əlaqəm, nə də konfliktim olub.”

Baş redaktorun izahatından da aydın görünür ki, jurnalist Famil Fərhadoğlunun döyülməsi heç də təsadüfi hadisə deyil. Bu qabaqcadan hazırlanmış aksiyadır. Aksiyanın təşkilatçısı isə Səhiyyə naziri cənab Oqtay Şirəliyevdir. Deməli, şillə vurmaq əmri nazirdən gəlib və icraçı da nazirin tapşırığını yerinə yetirməklə, nazirin hörmətin qazanmağı düşünüb.

Jurnalistlərin təhqir edilməsindən söz düşmüşkən, bir qədər öncə akademik Ramiz Məmmədovun ölkəmizdə normal və peşəkar jurnalistlərin olmamamsı barədə söylədiyi təhqiramiz fikirlər, o cümlədən millət vəkili Ağacan müəllimin “Aslanı jurnalistlər öldürdülər” kimi yersiz və böhtan xarakterli fikirlər söyləməsi ölkəmizdə məmurların jurnalistlərə qarşı olan qeyri-sağlam münasibətlərin göstəricisi də saymaq olar. Aydın hiss olunur ki, məmur postuna yiyələnərək, qanunsuz yollarla ölkənin sərvətlərini mənimsəyən məmurlar haqlı olaraq onların çirkin əməllərini ictimailəşdirib ifşa edən jurnalistlərə qarşı hücuma keçiblər.

Ölkə Prezidenti cənab İlham Əliyevin jurnalistlərə qarşı göstərdiyi diqqət və qayğı hara, onun rəhbərliyi altında çalışan məmurların kəskin münasibətləri hara?! Bir-birinə tam əks olan bu iki bir-birindən tam fərqli mövqeylərin arasında qalan jurnalistlərin nə qədər çətinliklərlə üzləşdiklərini təsəvvür etmək çətin deyil.