Səlim Müslümov imperiyasının süqutu

Səlim Müslümov imperiyasının süqutu
12:48 11-05-2018 | icon 942

Yaxud, imkansızların qənimi nə üçün susur?

Bildiyiniz kimi, ölkəmizdə imkansız insanların qənimi kimi ad çıxaran sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən çıxarıldı.

Və çox təəccüblüdür ki, işdən çıxarılan digər mənsəb sahibləri bunu normal qarşıladıqları halda, imkansız insanların rifahinin son 15 ildə (yənin onun bu sahəyə rəhbərlik etdiyi illərdə) 50-100 dəfə artması barədə hər gün yalanlar uyduran Səlim Müslümov nədənsə, bu dəfə heç bir yalan uydura bilmədi və susmağa üstünlük verdi.

Çünki onun yalanları artıq keçərli deyil. Bu yalanlardan nə yemək bişirmək olar, nə də paltar almaq. Səlim Müslümovun verdiyi pensiya təqaüdçülərin ancaq kommunal xərclərini qaraşılamağa yetir. Yəni Səlim Müslümov verir, digərləri ("Azəpsu", "Azərişıq", "Azəriqaz", Bələdiyyələr və s.) də, tutub əllərindən alırlar ki, bəs, bu pullar bizimdir. Deyirsən ki, ay qardaş, bəs mən nə edim? Deyirlər, bunu get, Səlim Müslümovdan soruş, dövlətin qanunu var, qazdan, sudan, işıqdan, istifadə etmisənsə, bələdiyyə ərazisində yaşayırsansa (guya insanlar kosmosda yaşamalıydılar, gəlib düşüblər bələdiyyələrin torpaqlarına),  pul ödəməlisən, bu qanunu, tarifləri biz qəbul etmədik ki, biz,kiçik icraçılarıq. Deyərlər pensiyaçılara dəymə, biz də sizdən yan keçərik.

Sözün qısası, Səlim Müslümov ölkənin aztəminatlı əhalisini elə bir duruma salıb ki, onların dilənməkdən başqa çarələri qalmayıb. Amma və Ancaq... Ölkəmizdə yağ içində böyrək kimi yaşayan pensiyaçılar da var. Onlar dövlət məmurları və deputatlardır.

Mən, əsla özgələrin pulunu saymaq fikrində deyiləm. Kim nə qədər qazanır, hardan qazanır, özü bilər. Ancaq pensiya elə bir ödənişdir ki, onu artıq insan əldən düşəndə, işləmək imkanı olmayanda dövlət tərəfindən ona ödənilən borcdur. Bəli, bəli, səhv eşitmədiniz, səhv oxumadınız dövlətin borcudur ki, 30- 40, hətta 50 il hansısa təsərrüfat sahəsində işləyən insana onun layiq olduğu qocalığı təmin etsin. Çünki, bu gün dövlətin (daha doğrusu, indiyə qədər Səlim Müslümovün ümidinə qalan) pensiyaçı bütün həyatı boyu çalışaraq, qazandığının böyük bir hissəsini dövlətə ödəyib ki, dövlət də qocalanda onun qayğısına qalsın. Lakin Səlim Müslümov Azərbaycanda elə bir pensiya sistemi yaradıb ki, bu sistemdən ancaq onun yaxınları, qohumları və onun işi keçən məmur və deputatlar yararlana bilirlər.

Gəlin bir məsələyə diqqət edək. Məsələn, sovet dönəmində rayon partiya komitəsində 80 manat maaşla təlimatçı işləyən birisi, bu gün dövlət qulluqçusu statusu ilə pensiyaya çıxır və ən azından 700-800, 1000 manat pensiya alır. Onun 80 manat maaşından qocalıq üçün ayrılan hissəsi isə qəpik- quruş olub. Ancaq Zaqatala-Şəki-Qax-Balakən rayonlarının tütün tarlalarında (bu sahə əslində zərərli peşə sayılmalıdır), Milin-Muğanın ilan mələyən düzlərində pambıqçılıqla məşğul olan əməkçi insanlar həmin dövlət məmurundan 10 dəfə artıq gəlir əldə ediblər və əlbətdə ki, onlardan qocalıqları üçün tutulan məbləğ də 10 dəfə artıq olub. Səlim Müslümov isə onların yerini dəyişib məmura düşən pensiyanı zəhmətkeşlərə, zəhmətkeşlərin əllərinin qabarı ilə qazandığını isə məmurlara verməklə özünün yalan imperiyasın qura bilib. Bu gün isə bu imperiya süquta uğramaqdadır.

Gəlin digər bir məsələyə diqqət edək. Məsələn, bir nəfər zavodda zəhərli hesab olunan sahədə işləyib, marağı da o olub ki, həm maaşı yüksəkdir, həm də 45 yaşında pensiyaya çıxmaq imkanı var. Bizim imperiya, xalqlar qazamatı adlandırdığımız dönəmdə belə idi. İnsan 8 il zərərli sahədə işləyirdisə, 45 yaşında pensiyaya çıxmaq hüququ əldə edirdi. Səlim Müslümovün dövründə bu hədd ilk əvvəl 11 il zərərli iş və 52 yaşa qədər qaldırıldı, daha sonra isə zərərli iş 13 il, yaş həddi isə 57-yə qaldırıldı. Bildiyim qədər, dünyanın hər yerində belə bir qanun mövcudur ki, insan pensiyaya çıxdıqdan sonra ən azından 10-15 il yaşamaq şansı olmalıdır. Azərbaycanda isə buna əsla əhəmiyyət verilmir. Hətta belə iddia edirlər ki, Azərbaycanda zərərli sahələr, ümumiyyətə yoxdur. Ancan, bu gün dünyanın tanınmış alimləri də sübüt edirlər ki, gecə nöbəsində işləmək də, insan sağlamlığı üçün ciddi fəsadlar yaradır. Azərbaycanda isə bunların heç biri nəzərə alınmır. Səlim Müslümovun nazirliyi elə bil, Əmək və Əhalini Sosial Müdafiəsi nazirliyi deyil, dövlət məmurlarının və deputaların sosial müdafiəsi nazirliyi statusunu daşıyır. Hər dəfə deputatları ona görə vurğulayıram ki, adları millət vəkili olan bu insanlar da, Səlim Müslümovun qurbanlarına çevriliblər. İnsanların hüquqların qorumaq əvəzinə, hörmətli Hadı Rəcəbli başda olmaqla, Səlim Müslümovun ortaya atdığı bütün müdhiş ideyaları gerçəkləşdirmək üçün canfəşanlıq edirlər. Görünür, Səlim Müslümov deputatların da işinə yarıyır ki, ətrafına topladığı bəzi KİV-lər kimi, hər zaman onun tərəfindədirlər.

Məsələn, Səlim Müslümovun uydurduğu və Hadı Rəcəblinin simasında təsdiqini tapan ölkədə insanların orta yaş həddinin 70 yaşdan yuxarı olması və bu səbəbdən də pensiya yaşının artırılması təklifinin Milli Məclisdə demək olar ki, heç bir müzakirə aparılmadan qəbul olunması da, Səlim Müslümovun yalan imperiyasının "qüdrətindən" xəbər vermirmi? Çox maraqlıdır, bu qüdrət sahibinin bu gün niyə səsi çıxmır?

Son bir ildə apardığım müşahidələrimə əsaslanaraq deyə bilərim ki, son on beş ildə insanların yaşam səviyyəsi qat-qat aşağı düşüb, ən əsası da, insanları daha aztəminatlı qisminin. O ki qaldı insanların orta yaş həddinin artmasına, bu da yalandır. Bəlkə də, Səlim Müslümovun yaratdığı konfort yaşam tərzindən dolayısı, onun ətrafında olan insanların həm yaşam səviyyəsi, həm də yaş həddi artıb. Ancaq bu o demək deyil ki, onun ətrafında olan 50-100 adam Azərbaycan xalqıdır və hər şeyi də bu arşınla ölçmək olar. Əgər mənim qeyd etdiklərimə azacıq da olsa şübhəniz varsa, istər ölkəmizin paytaxtında, istərsə də bölgələrdəki qəbirstanlıqlara baş çəkin. Əsli həqiqətləri oradakı rəhmətliklər deyəcək. Hər yuz qəbirdən 70-80-ni 50-55-60 yaşında insanlardır. Bu isə o deməkdir ki, bunların ən kiçiyi əgər 20 yaşında iş fəaliyyətinə başlayıbsa, 30 il iş stajına malik olub və Səlim Müslümovün yaratlığı yalan imperiyasının səxavəti səbəbindən bir gün də pensiya almaq şansına malik olmayıb. Bu gün isə Səlim Müslümovun dünyada analoqu olmayan islahatları səbəbindən yaş həddi 65 yaş civarına qaldırılıb. Bu da o deməkdir ki, bir müddət sonra Azərbaycada pensiya problemi ümumiyyətlə olmayacaq. Çünki Azərbaycanda pensiyaçılar qalmayacaqlar. Dyadya Vanya demişkən, net çeloveka, net problemı(Səlim Müslümovun dili ilə desək, pensiyaçılar yoxdursa, problem də yoxdur), iki milyardı yox, bütün pensiyaçılar üçün ayrılan vəsaiti qamarlamaq olar (bu faktı dəqiq bilmədiyim üçün sadəcə olaraq xatırlatdım). Deyilənlərə görə, hüquq-mühafizə orqanları bu faktı araşdırmağa başlayıblar, ancaq rəsmi açıqlamalar hələ ki yoxdur.

Çox maraqlıdır ki, Səlim Müslümov sovet dönəmində qazanılan stajı hansı meyyarlara görə, hamı üçün 1 manat 93 qəpik hesablayıb. Səlim Müslümovun hesablamalarından belə çıxır ki, neft buruqlarında çalışan və ayda (sohbət bizim bəyənmədiyimiz sovet dövürdən gedir) 500-700 manat maaş alan neftçi ilə adını JEK-də dalandar, çilingər, süpürgəçi yazdırıb, müxtəlif bazarlada alverlə məşğul olan-spekulyantların(o dövürdə bu cinayət əməli sayılırdı) stajı eyni dərəcədə hesablanmalıdır. Digər maraqlı məqam odur ki, eyni sahədə işləyən, eyni staja malik olan insanlar arasında da kəskin fərqlər mövcuddur.

Məsələn, Bu insanların biri Səlim Müslümovun adamları ilə dil tapır və aylıq 500-600 manat pensiya ilə təmin olunur, digərinin isə nə adamı var, nə də Səlim Müslümovun adamları ilə dil tapa bilir, ona 200 manat pensiya hesablayırlar və deyirlər ki, bütün işləri kompüter həll edir, bizlik heç nə yoxdur, get, hara istəyirsən şikayət et. Sən demə, Səlim Müslümov cansız bir əşya olan kompüterləri də, artıq öz korrupsiya sisteminin alətəinə çevirib.   

Səlim Müslümov hələ Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etdiyi vaxtlarda özünün yaratığı imperiyasının gücünə o qədər arxayın idi ki, nazir postuna təyinatından sonra da, ətrafındakı insanları ən mühüm postlara təyin edərək, dövranını sürdürməyə davam edib. Belə olmasaydı, onun ən kiçik vəzifə tutan əməkdaşları da, vətəndaşlarla burada mənəm, nazirlikdə də Səlim Müslümov hikkəsi ilə davranmazdılar.

Bu gün isə onun komandasının aparıcı simaları olan müavini, Səlim Müslümovun yalan dəyirmanının baş dəyirmançısı İdris İsayev, aparat rəhbəri Əjdər Ol (Cəbiyev), müfəttişlik xidmətinin rəisi Fuad Əlizadə, nazirlikdə Səlim Müslümovun sağ qolu kimi tanınan Şəlalə Cəfərova ciddi təşviş içindədirlər. Onların arasında bir vaxtlar ən güvəndiyim, təmiz, saf jurnalist həmkarım kimi tanıdığım, bu gün hər şeyə malik olaraq Səlim Müslümovun şər imperiyasının sözçüsünə çevrilən mətbuat xidmətini rəhbəri Elman Babayev də var. Bəzi həmkarlarımın sözlərinə görə, Səlim Müslümovun yanında xidmətə başlayan gündən Elman Babayev o qədər harınlayıb ki, hətta özünü nazirin müavini statusunda görürmüş. Allah yardımçısı olsun, bütün yolun azanların.

Deyilənlərə inansaq, bu gün nazirlikdə çox gərgin vəziyyət hökm sürür. Hamı vəzifəsində qalmaq üçün yollar, yeni nazirə "podxod" axtarırlar. Yeni nazir isə   sakitcə müşahidə etməkdədir və belə görünür ki, xirtdəyə qədər rüşvət və korrupsiya girdabına bataraq çapalayan bu kadırlarla işləmək fikrində deyil. Sadəcə olaraq, öyrənmək isiəyir ki, nazirlikdəki bu qanunsuzluqlarda kimin günahı nə qədərdir.

Səlim Müslümovun yaxın ətrafı da, xaos və anlaşılmazlıq içində olsalar da, özlərini arxayın salmaq üçün müxtəlif şayiələr uyduraraq dövriyyəyə buraxarlar ki, ictimaiyyətin gözünə kül üfürsünlər. Belə şayiələrin ən maraqlısı isə onun ölkəni 2-ci vitse-prezidenti vəzifəsinə gətiriləcəyidir.

Bu günlərdə bir neçə tanınmış politoloqa bu barədə sual verdim, gözlənildiyi kimi, cavablar demək olar ki, eyni oldu, yalandır, Səlim Müslümovün qatarı getdi, ancaq yenə də maraqlıdır, görəsən bu qatarın son dayanacağı harada olacaq?

P.S. Mövzunu davam etdirəcəyik və əminəm ki, bu yalan imperiyasının qurbanı olan aztəminatlı insanlar da məsələyə münasibətlərin bildirəcəklər.