Şəxsiyyət vəsiqənizdə sizi ölümə aparacaq İNANILMAZ QEYD - ŞOK ARAŞDIRMA

Şəxsiyyət vəsiqənizdə sizi ölümə aparacaq İNANILMAZ QEYD - ŞOK ARAŞDIRMA
10:40 20-04-2018 | icon 1516

16 yaşım tamam olanda aldığım şəxsiyyət vəsiqəsində qan qrupum üçüncü qrup mənfi rezus kimi göstərilmişdi. Ali məktəbi bitirib əsgər gedəndə təkrar qanım yoxlanıldı, bu dəfə rezus müsbət qeyd edildi. Mənə təcili qan lazım olsa, hansı nəticə əsas götürülməlidir?

Oğlum doğulandan onun qan qrupunu ikinci rezus mənfi olduğunu deyiblər. Bütün müayinələrdə qan qrupu belə göstərilib. Yalnız şəxsiyyət vəsiqəsi alanda qan qrupu təkrar yoxlanılıb və ikinci qrup müsbət rezus kimi yazılıb. Biz bunun fərqində olmamışıq, sonradan vəsiqəyə baxanda uyğunsuzluğu görmüşük. İndi gərək biz yenidən qanı müayinə etdirək?

Şəxsiyyət vəsiqəsindəki qan qrupu və ya rezusu ilə digər müayinələrdəki nəticələr arasında uyğunsuzluq olanlar az deyil. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi Mahmud Mahmudovun "şəxsiyyət vəsiqəsindəki qan qrupuna güvənməyin" açıqlaması isə bu narahatlığı bir az da artırdı.

Bu açıqlamadan sonra isə təkcə şəxsiyyət vəsiqəsi ilə sonrakı və ya əvvəlki müayinələr arasında fərq olanlar deyil, eyni zamanda vəsiqəsi olan hər kəsdə bir şübhə yaranmış oldu. Bəlkə, mənim də qan qrupum vəsiqəmdə yazılan kimi deyil?

Qan qrupu və ya rezusun səhv olması xüsusən də, qana tez-tez ehtiyacı olanlar üçün çox vacibdir. Çünki bu məlumatların səhv olması qanköçürmədə ciddi fəsadlara səbəb olur. İl ərzində dəfələrlə qan köçürülməsinə ehtiyacı olan hemofiliya və talassemiya xəstələrinin sayı ölkəmizdə kifayət qədərdir.

2017-ci ilin statistik məlumatlarına əsasən, ölkədə 1595 hemofiliyalı xəstə dispanser qeydiyyatındadır. Onlardan 1-5 yaş arası olan 98 uşağın 54-ü ilkin profilaktikaya götürülüb. 5-15 yaş arası uşaq və yeniyetmələr isə 231 nəfərdir.

2016-cı ildə 406 nəfərə ilk dəf talassemiya diaqnozu qoyulub, onların 346 nəfəri 0-17 yaş arası uşaqlardır. Müalicə profilaktika müəssisələrində 3519 talassemiya xəstəsi qeydiyyatdadır.

Düzdür, bu xəstələrə qan köçürülməsi planlı aparıldığından qanın yoxlanılması üçün kifayət qədər zaman olur. Lakin avtomobil qəzaları kimi təcili hallarda isə bəzən təcili yardım xəstənin qanını yoxlamadan təcili qan köçürməyə ehtiyac duya bilər. Bu zaman təbii ki, o, şəxsiyyət vəsiqəsində yazılana uyğun qan seçəcək. Vay o günə nəticə fərqli ola...

Bəs qan qrupu necə müəyyən edilir?

Ölkəmizdə qan qrupu və rezusunun yoxlanma üsulu çox da çətin proses deyil. Hər kəs ömründə bir dəfə də olsa bu prosesdə iştirak edir. Müraciət edən şəxsdən qan alınır, üzərinə əlavə olunan maddə ilə qrup və rezus müəyyənləşdirilir. Xarici ölkələrdə isə nəticənin etibarlılığını yoxlamaq üçün bir neçə üsuldan istifadə olunur. Bura standart sadə üsul, çarpaz reaksiya, zeoklon və ekspress üsullar daxildir. Bunlar isə nəticələrinə görə bir-birindən daha etibarlı hesab edilir. Ümumiyyətlə isə, bu müayinələr 3-5 dəqiqədən çox vaxt aparmır.

Qısa zamanda nəticə verən, çox da mürəkkəb olmayan bu üsullardan istifadə edilərkən yol verilən səhvlər isə çox ağır nəticələrə səbəb olur. Belə ki, qan qrupu və ya rezusda yol verilən səhv təcili qana ehtiyacı olan şəxslər üçün geri qayıdılması mümkün olmayan nəticələr yarada bilər.

Belə ki, qupun və rezusun səhv təsdiqi xəstədə ürəkbulanma, temperaturun artması, təzyiqin azalmasına səbəb olar. Ən ağır nəticə isə xəstənin ölməsidir. Bəs bunları bildikləri halda tibb işçiləri necə belə səhvə yol verirlər?

Ciddi yanaşılmır

Tibbi ekspert, professor Adil Qeybulla hesab edir ki, bu bu səhv analizin formal olması və ya prosesə ciddi yanaşılmaması ilə bağlı ola bilər:

“Orqan transplantasiyası, qanköçürmə heç zaman qan qrupunu dəyişə bilməz. Əgər qan qrupundan iki yoxlama arasında fərq varsa, bu laboratoriyada səhvə yol verildiyini göstərir. Şəxsiyyət vəsiqəsi verilərkən qanın qrupu və ya rezusunda səhvə yol verilirsə, bu, həmin vaxt ya arayışın formal olduğunu, ya da məsələyə ciddi yanaşılmadığını göstərir. Qan qrupunun yoxlanılması aqlütinasiya reaksiyası ilə müəyyən edilir. Bunun üçün xüsusi məhlullar var, hər qrupda aqlütinasiya reaksiyası fərqli olur. Bu çox sadə üsuldur, bütün laboratoriyada müəyyən edilə bilər”.

Ekspert hesab edir ki, bütün hallarda qan köçürülmədən əvvəl mütləq yoxlanılmalıdır:

“Qan xəstəyə komponentlər şəklində köçürülür. Köçürülmədən əvvəl mütləq qan yoxlanılmalıdır. Qrupu, rezusu eyni olan qanlarda belə bioloji uyğunluq mütləq yoxlanılmalıdır. Bu mənada qanköçürmə məsələsinə həssas yanaşılmalıdır. Yoxlanılmadan qanköçürmə güvənli deyil”.

"Bu məsuliyyətsizlikdir"

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Publika.az-a bildirib ki, heç bir həkimin şəxsiyyət vəsiqəsindəki qan qrupuna baxaraq xəstəyə qan köçürməyə ixtiyarı yoxdur. O, bunu məsuliyyətsizlik adlandırıb:

“Xəstə hər hansı müəssisəyə qan vurulmaq üçün daxil olanda ilk növbədə onun qanı yoxlanılır. Bu zaman qan qrupunun da yoxlanılması mütləqdir. Xüsusən, ginekoloji, cərrahi, onkoloji və hematoloji problemləri olanlara qan vurulanda qanın qrupunun yoxlanılması mütləqdir. Hətta xəstəyə əvvəldən başqa müəssisədə qan vurulmuş olsa belə, ona yenidən qan vurulacaqsa, qrup və rezus təkrar yoxlanımalıdır. Həmin nəticə xəstəlik tarixinin içərisinə qoyulur. Hətta qan köçürmə zamanı xəstənin yatağının yanında həkim həm xəstənin, həm də köçürülən donorun qanı və rezusunu təkrar yoxlamalıdır. Baxmayaraq ki, torbadan köçürülən qanın üzərində bütün məlumatlarda səhv aşkarlanmır, amma yenə də təkrar yoxlanış mütləqdir. Çünki başqa qan qrupu və ya rezusu köçürtmək çox ciddi fəsadlara səbəb ola bilər. Bəzən birinci qan qrupu bütün qruplar üçün donor hesab edilir. Lakin bəzi xəstələr var ki, onlara il ərzində dəfələrlə qan köçürülür. Onlara öz qan qrupundan olan qan vurulması daha yaxşıdır. Bu mənada qan qrupunun dəqiq yoxlanılması mütləqdir”.

Z.Əlimirzəyeva bildirib ki, şəxsiyyət vəsiqəsində qrupun və ya rezusun səhv göstərilməsi kütləvi hal deyil:

“Bu səhv insan faktoru, həkim məsuliyyətsizliyi, bəzi hallarda isə bir sıra xəstəliklərlə bağlıdır. Məsələn, onkoloji xəstələr, autoimmun xəstəliyi olan xəstələrdə II və IV qan qrupunun təyinində səhvlər ola bilir. Bu gün Bakı ilə yanaşı, region xəstəxanalarında da qan qrupunun dəqiq təyin edilməsi üçün bütün imkanlar, laboratoriyalar var. Qan qrupunu təyin etmək çox asan üsuldur. Bunun üçün çox da uzun müddətə ehtiyac duyulmur. Ümumiyyətlə, vəsiqələrdə qan qrupunun səhv yazılması faktı o qədər də çox deyil. Sadəcə bəzi xəstəliklərə görə qan qrupunun təyinində çətinliklər yaranır. Belə hallar varsa, qan qrupu ixtisaslaşmış xəstəxanada yenidən yoxlanıla bilər”.

Direktor bildirib ki, buna baxmayaraq hər bir qanköçürən həkim məsələyə diqqətli yanaşmalıdır:

“Çünki qan köçürmə kiçik cərrahi əməliyyatdır, ona görə həkim məsuliyyətli olmalıdır. Yanlış qan qrupunun köçürülməsi bir çox problemlər - ürək, böyrək çatışmazlığı, hətta xəstənin ölümü ilə də nəticələnə bilər. Qanköçürmə zamanı hətta fərdi uyğunluq sınağı ilə donorun eritrositləri ilə xəstənin plazmasının uyğunluğunu damardan kənarda da yoxlayırlar. Bu da qanın tam təhlükəsizliyini təmin etməyə imkan yaradır. Talassemiya, hemofiliyalı xəstələrə qan köçürülməmişdən əvvəl fərdi uyğunluq sınağı aparılır. Ölkəmizdə istifadə edilən qan qrupunun yoxlanma üsulu dünyada qəbul edilib. Xüsusi reaktivlər var ki, qan qrupu və rezusu onunla təyin olunur. Lakin insan faktoru ilə bağlı səhvlər mümkündür”.

Bu məsələ çox da diqqətə alınmamalıdır

Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavin Musa Quliyev isə hesab edir ki, bu mövzuda açıqlama verərkən mütəxəssislər diqqətli olmalıdır. Yüzlərlə insanın bu açıqlamadan narahat ola biləcəyini qeyd edən millət vəkili sözügedən məsələ ilə bağlı yol verilən səhvlərin az olduğunu və bunun ciddi narahatlıq üçün əsas yaratmadığını diqqətə çatdırıb:

“Hətta Hematologiya institutunda yoxlanılandan sonra belə, yüz min hadisədən birində bu cür hallara rast gəlinə bilər. Unutmayaq ki, şəxsiyyət vəsiqəsi verilərkən qanı yoxlayanlar da həkimlərdir. Bu müayinə üçün hər kəsi hematologiya institutuna yönləndirmək mümkün deyil. Hər bir insan doğulandan hər hansı səhiyyə müəssisəsində qeydiyyatda olur. Doğulandan şəxsiyyət vəsiqəsi alana qədər bir neçə dəfə qan qrupu yoxlanılmış olur. İndiki dövrdə qan qruplarının müayinəsi avtomatlaşdırılmış sistemdə aparılır. Burada səhvə yol verilməsi ehtimalı azdır. Ümumiyyətlə, səhiyyədə yüz faiz nəticə yoxdur. Qan qrupları ilə bağlı şəxsiyyət vəsiqələrinə inanılmaması ilə məsələ çox da diqqətə alınmamalıdır. Onsuz da qan köçürməyə ehtiyacı olanda xəstəxana və klinikalarda qan qrupu təkrar yoxlanılır. Avtomobil qəzalarında təcili olaraq qanköçürməyə ehtiyac ola bilir, bu zaman qan qrupu yoxlanılmadan qan köçürülməsi mümkündür. Bu zaman şəxsiyyət vəsiqəsindən istifadə edilə bilər. Çünki bu zaman insanın həyatda qalması üçün bəzən saniyələr vacib olur”.

Vəsiqəsində qan qrupu səhv göstərilənlərin sayı az olsa belə, heç nə onları təcili qana ehtiyacı olmaqdan sığortalamır. Ona görə də, istər vəsiqə, istərsə də başqa səbəbdən qan qrupu yoxlanılarkən həkimlər maksimum diqqətli olmalıdır. Bu səbəbdən kiminsə ölümünü gözləmədən səhvə yol verən tibb işçiləri cəzalandırılması mütləqdir.