Azərbaycana saxta mal gətirən “Caspi LTD”nin türk ortağı Rza Zərrabın qohumudur?-ARAŞDIRMA

Azərbaycana saxta mal gətirən “Caspi LTD”nin türk ortağı Rza Zərrabın qohumudur?-ARAŞDIRMA
14:32 13-04-2018 | icon 439

Dövlət İmtahan Mərkəzi ötən gün mətbu orqanı olan “Abituriyent” jurnalının əlavəsi olan test kitablarının böyük həcmdə Türkiyə ərazisində qanunsuz çapı və Azərbaycana gətirilməsi barədə məlumat yayıb.

Mərkəz indiyədək pirat nəşrlərin satışının qarşısının alınması üçün daxili işlər, vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi və Müəllif Hüquqları Agentliyi ilə birgə çoxsaylı operativ tədbirlər həyata keçirildiyini bildirir. «Təəssüf ki, belə nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb», - mərkəz qeyd edir.

DİM bildirir ki, bu yaxınlarda Gəncə Gömrük İdarəsinin əməkdaşları müxtəlif fənlər üzrə 45 minə yaxın test tapşırıqları kitabları saxlayıb. Həmin kitabların ölkəyə idxalının qarşısının alındığı bildirilir. Mərkəzin bildirdiyinə görə, həmin kitablar ölkəyə «Caspi LTD» və «Hazar İhracat İthalat» şirkətləri arasında bağlanmış müqavilə əsasında gətirilib.

Mərkəzin yaydığı məlumata əsasən «Caspi LTD» bu kitabların çapı və ölkəyə gətirilməsi ilə bağlı «Abituriyent» Jurnalı Redaksiyası ilə heç bir müqavilə bağlamayıb. Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi fevralın 21-də inzibati iş açıb. Götürülmüş nümunələr rəy alınması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Mərkəzin ekspert rəyinə əsasən, təqdim edilən kitabların pirat və kontrafakt məhsullar olduğu müəyyən edildiyi üçün işin materialları Kəpəz Rayon Məhkəməsinə göndərilib.

Mərkəz vurğulayıb ki, artıq məhkəməyə müraciət olunub. DİM zərərin əvəzinin ödənilməsi, pirat sayılan nüsxələrinin məhv edilməsi və onların satışının qadağan edilməsi tələbiylə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutub. Məhkəmənin bu gün, martın 28-də başlayacağı bildirilirdi.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğuna görə, dövlət büdcəsindən maliyyələşmədən əlavə, həm də nəşr etdiyi kitab, jurnal və test vəsaitlərinin satışından gəlir əldə edir. Bu baxımdan Türkiyə ərazisində on minlərlə test kitabının nəşr edilərək Azərbaycana gətirilməsi mərkəzə külli miqdarda ziyan vurulması cəhdi deməkdir.

İnternet mənbələrində “Caspi LTD” MMC haqqında araşdırma aparsaq da, heç bir məlumat əldə edə bilmədik. Şirkətin rekvizitləri və barəsində hər hansı məlumat internetdə yerləşdirilməyib. Ofisinin ünvanı və əlaqə nömrələri də yoxdur. Amma “Caspi LTD” ilə müqavilə bağlamış "Hazar İhracat İthalat" AŞ şirkəti Türkiyədə 30 ilə yaxındır ki, mebel və aksessuar istehsalı, ixracı və idxalı ilə məşğul olur.

Şirkət həm də otel, xəstəxana, məktəb və digər obyektlərdə mebel, işıqlandırma, aksessuarlar, güzgü, şəkil, çərçivə və sair daxili dizayn layihələrini həyata keçirir. Şirkətin idarə heyətinin sədri İran əsilli azərbaycanlı iş adamı German Qənbəri, baş icraçı direktoru isə onun xanımı, Türkiyə vətəndaşı İpek Qəmbəridir.

German Qəmbəri ötən ilin əvvəlində Türkiyənin “Sabah” qəzetinə verdiyi müsahibədə yaxın 4-5 il ərzində 30-40 milyon dollarlıq məhsul satışı planlaşdırıldığını deyib. Bildirib ki, bugünə qədər 25 milyon dollarlıq yatırım ediblər, İran, Rusiya, Dubay, bəzi Şərqi Avropa ölkələri ilə yanaşı Azərbaycanda da bir sıra layihələr həyata keçiriblər.

Məsələ ilə bağlı virtualaz.org-a danışan Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə indiyə qədər mütəmadi olaraq pirat nəşrlərlə qarşılaşdıqlarını deyib. Lakin onun sözlərinə görə, əvvəllər pirat nərşlər ölkədə çap olunubsa, indi xaricdə iri həcmdə çap edilərək ölkəyə gətirilməsi halı ilə ilk dəfə qarşılaşırlar.

“Bildiyimiz odur ki, “Caspi LTD” Azərbaycanda yaradılıb və Türkiyədə olan şirkətlə müqavilə bağlayıb. Onların haqqında bizdə əlavə heç bir məlumat yoxdur. Bu qanun pozuntusunu isə Dövlət Gömrük Komitəsi aşkarlayıb və bizə məktub yazaraq nəşrlərimizin xaricdə çap olunub-olunmadığını dəqiqləşdirib. Gömrük Komitəsi “Caspi LTD”ni məhkəməyə versə də, şirkət nümayəndələri məhkəməyə gəlməyiblər və məhkəmə təxirə salınıb. Biz də həmin şirkətlə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət eləmişik. Bu gün ilk iclas keçirilməli idi, amma yenə də şirkətdən heç kim gəlmədi və məhkəmə aprel ayının 10-na təxirə salındı”, - deyə X. Xanlarzadə bildirib.

DİM rəsmisi həmçinin qeyd edib ki, bütün nəşrlər DİM-in redaksiyasına məxsus olduğuna görə mərkəzin icazəsi olmadan heç kim onları çoxalda, yaya, satışını təşkil edə bilməz. Burada həm də əqli mülkiyyət hüquqlarının qorunması məsələsi var. Çünki test tapşırıqlarının müəllifləri və vəsaitlər üzərində işləyən insanlara qonorarlar ödənir.

“DİM-in çap elədiyi nəşrlərin saxtalaşdırılması halı ilk dəfə deyil. Bunu bir neçə dəfə ediblər və belə şirkətləri məhkəməyə vermişik. Artıq yerli nəşriyyatlar onları çap etməkdən imtina edirlər. Görünür buna görə xaricə çıxıblar. Həm də saxta nəşrlərdə xeyli orfoqrafik səhvlər var. Məsələn, nəşrdə “qiymətləndirmə”, “pərakəndə satış qiyməti” sözlərindəki “ə” hərfləri “e” ilə əvəzlənib. Bundan başqa, bizim orijinal jurnalları işığa tutanda birinci səhifədə səkkiz guşəli ulduz şəkli görünür. Amma onlarda bu yoxdur. Keyfiyyəti çox aşağı səviyyədədir, poliqrafik qüsurlar var və ucuz kağızdan istifadə olunur”-Xanlarzadə deyib.

DİM rəsmisi pirat nəşrlərin dərcindən və satışından onlara dəyən ziyanı dəqiqləşdirməkdə çətinlik çəkib, bildirib ki, gərək bu barədə əlavə araşdırmalar aparılsın.

AFN-in araşdırması zamanı məlum olub ki, G.Qənbərinin adı Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın mülkləri müsadirə edilən qohumları və yaxın adamları siyahısında keçir.