İtaliyanın məşhur tamaşası Opera və Balet Teatrında

İtaliyanın məşhur tamaşası Opera və Balet Teatrında
18:50 12-04-2018 | icon 81

Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İtaliyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi kimi Cakomo Puççininin “Madama Butterfly” operasının tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən milletinsesi.info-a verilən məlumata görə, səhnə əsərində əsas partiyanı – Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Fraş ifa edəcək.

Vətəni İtaliyada çıxış etməklə yanaşı, o həm də Almaniya, Belçika, Norveç. İngiltərə, İspaniya, ABŞ kimi ölkələrdə uğurla keçən qastrol səfərlərində olub. Şarples rolunda isə Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin çıxış edəcək.

Səhnə əsərində eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Əməkdar artistlər Fərid Əliyev (Pinkerton), Səbinə Vahabzadə (Süzuki), Əliəhməd İbrahimov (Qoro), solistlər Tural Ağasıyev (Yamadori) və Səbinə Əhmədova (Ket) iştirak edəcəklər.

Tamaşanı tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli idarə edəcək.

Pərviz Hüseyn