"Prezident İlham Əliyev üçün əsas meyar müstəqillik və xalqın rifahıdır" - Arzu Nağıyev

"Prezident İlham Əliyev üçün əsas meyar müstəqillik və xalqın rifahıdır" - Arzu Nağıyev
08:57 12-04-2018 | icon 375

"Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkisi Azərbaycan Konstitusiyasına, qanunlarına uyğun olaraq keçirilib. Artıq hələ səhər tezdən seçicilərin böyük səallığı hiss olunurdu. Fikrimcə, seçki prosesi nəticəyə təsir edə bilən hər hansı ciddi qayda pozuntusu olmadan baş tutub. Seçkinin gedişini çoxlu sayda yerli və beynəlxalq müşahidəçilər izləyib. Ən əsası odur ki, bütün seçki məntəqələrində seçicilərin sayı çox olub. Çünki vətəndaşlar məntəqələrə gələcəkdə onların hər birinin həyatında mühüm rol oynaya biləcək seçimi etmək üçün üz tutublar".

Bunu Milli.Az-a açıqlamasında 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı fikirlərini bölüşən xüsusi xidmət orqanlarının yüksək rütbəli sabiq əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev bildirib.

Onun fikrincə, beynəlxalq aləm də Azərbaycanda keçirilmiş bu seçkini müsbət qiymətləndirəcək: "Çünki Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımız istisna olmaqla bütün ölkə ərazisində seçki üçün hər cür şərait yaradılıb. Azərbaycandakı prezident seçkisini MDB-dən, Avropadan, ümumilikdə Qərbdən, müxtəlif dövlət və beynəlxalq təşkilatlardan olan çoxsaylı müşahidəçilər izləyib. Düşünürəm ki, onlar da seçkiyə müsbət qiymət verəcəklər".

A.Nağıyev hesab edir ki, hazırki dövlət başçısı İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi gözlənilən idi: "Əvvəla, İlham Əliyevin bir sıra regional tədbirlərin qlobal miqyas almasında və Azərbaycanın bu tədbirlərə ev sahibliyi etməsində müstəsna rolu var. Eyni zamanda dövlət başçısı Azərbaycanın neft strategiyasını yenilənmiş formada dünyaya çatdırdı və onun daha da inkişafında mühüm rol oynadı.

 

 

 Bundan başqa, o, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsində də əvəzsiz xidmətlər göstərib. İlham Əliyevin Ali Baş Komandan kimi beynəlxalq standartlara cavab verən, dünyanın aparıcı dövlətlərinki ilə eyni səviyyədə olan, qələbə əzmli, döyüşkən ruhlu ordunun yaradılmasındakı rolu və ordu quruculuğunda yürütdüyü uğurlu siyasətin nəticələri danılmazdır. İlham Əliyevin ərazi bütövlüyümüzün, milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin qorunmasında tarixi addımlar atıb. Eyni zamanda əvvəlki dövrlə müqayisədə son illər xalqımızın rifahının yaxşılaşdırılması, ölkədə genişmiqyaslı dinc-quruculuq işlərinin aparılması da onun adı ilə bağlıdır. Məncə Prezident İlham Əliyev üçün ən əsas meyar müstəqilliyimiz, dövlətin təhlükəsizliyi, onun inkişafı və xalqın rifahıdır. Düşünürəm ki, o, dövlətə rəhbərlik etdiyi illərdə buna nail ola bilib.

 

Bizdən çox da uzaqda olmayan ərazilərdə, dövlətlərdə hərbi münaqişələrin, müharibələrin getməsinə baxmayaraq, Azərbaycan öz balanslı siyasəti, heç bir hərbi bloka qoşulmadan yürüdülən siyasi kursunu davam edir. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, İlham Əliyevin böyük səs fərqi ilə yenidən prezident seçilməsi gözlənilən idi".

Ekspertin fikrincə, Azərbaycan İlham Əliyevin bundan sonrakı hakimiyyəti illərində də inkişaf edəcək: "Azərbaycan Konstitusiyasına görə, İlham Əliyev bundan sonra hələ 7 il də ölkə prezidenti olacaq. Fikrimcə, artıq həyata keçirilən islahatlar bu dövrdə də davam etdiriləcək. Bu həm siyasi, həm iqtisadi, həm hərbi, həm də digər sahələri əhatə edəcək. Eyni zamanda işğal edilmiş ərazilərimizin azad olunması, müstəqilliyimizin və suverenliyimizin qorunması, dövlətimizin güclənməsi istiqamətində atılan addımlar davam etdiriləcək. Dövlət başçısı ölkədə peşəkar kadr potensialının yaradılmasında, müasir Azərbaycanın formalaşmasında da mühüm işlər görəcək. Mən bu yolda yeni seçilmiş prezident İlham Əliyevə uğurlar arzulayıram! Düşünürəm ki, Azərbaycan xalqı məhz İlham Əliyevin simasında öz liderini görüb və onunla birlikdə gələcək uğurlar və qələbələr naminə əlindən gələni edəcək".

Qeyd edək ki, 11 aprel 2018-ci ildə Azərbaycanda prezident seçkisi keçirilib. İlkin nəticələrə görə, hazırkı dövlət başçısı İlham Əliyev böyük səs üstünlüyü ilə yenidən Azərbaycan prezidenti seçilib.

Xatırladaq ki, bu dəfəki seçkidə prezidentlik uğrunda 8 namizəd mübarizə aparıb. Seçkinin gedişini 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.