Siyasi cəhətdən ideal sandığımız dövlətlər dünyanı qana çalxayır- Ənvər Əliyev+MÜSAHİBƏ

Siyasi cəhətdən ideal sandığımız dövlətlər dünyanı qana çalxayır- Ənvər Əliyev+MÜSAHİBƏ
16:47 10-04-2018 | icon 411

Məlum olduğu kimi, sabah Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Son illərdə seçki prosesləri yeknəsəqdir desək, yanılmarıq. Bu il isə seçkinin 6 ay əvvəl keçirilməsi vəziyyəti bir qədər dəyişdirib. Seçkiöncəsi durum, siyasi qüvvələrarası münasibətlər və s. bu kimi məsələlərlə bağlı sualları seçki mütəxəssisi, xeyli müddət MSK-nın katibi işləmiş Ənvər Əliyevə ünvanladıq.

- Ənvər müəllim, seçköncəsi mühiti necə qiymətləndirirsiz?

- Əvvəlki siyasi coşqunluqdan əsər-əlamət yoxdur. Əvvəllər siz də xatırlayırsız, partiyalar arasında ciddi mübarizə gedirdi, namizədlər və onların tərəfdarları siyasi səhnədə çox fəal idilər. Lakin indi hamının bildiyi kimi, hətta ən aktiv insanlar belə solğun siyasi mühitlə razılaşıblar artıq. Mən elə başa düşürəm ki, bütün bu durğunluq haradasa qırılacaq və yenə coşqunluq dövrü başlayacaq. Arzu edirəm ki, zəmanənin həddən artıq çaxnaşmalı, qan iyi gələn bir dövründə Azərbaycan siyasi strukturları millətin mənafeyini nəzərə almaqla hərəkət eləsinlər.

Son illər dünyada ciddi dəyişikliklər gedir. Biz o dövlətlərə ki, siyasi cəhətdən ideal baxırdıq, seçki qanunlarına istinad edib onlarla hesablaşırdıq, indi həmin dövlətlərin siyasi strukturunda, kursunda elə dəyişikliklər olub ki, onlar bəşəriyyəti qana çalxalayırlar, qətliamlar törədirlər, uşaqları öldürürlər, nəinki demokratiya, hədda insanlıqdan qat-qat uzaqdadırlar. Bu dövlətlərin nümunədən faciəyə çevrilməsi çaşqınlıq yaradır. Adam bilmir ki, hansı siyasi dövrdə yaşayır, hansı siyasi mənzərə ilə üz-üzədir və hansı təcrübəyə əsaslansın. Biz bu dəyişkən dünyada artıq öz istiqamətimizi itirmişik. Siyasi strukturu tamamilə cavan olan bir dövlət kimi bir balaca çaşqınlıq içindəyik. Şəxsən mən özüm dünyada baş verən dəyişikliklərə məəttələm. Siyasi ideallarımızın məhv olmağı olduqca mənfi təsir göstərir bizə. Bunu ölkədəki fəal insanların adından deyirəm. Buna baxmayaraq, hakimiyyətin vaxtilə yol verdiyi səhvləri o qədər də irad tutmadan daha ciddi dəyərlərlə maraqlanırıq. 

- Köhnə terminlə desək, ana müxalifətin seçkini boykot etməsini necə dəyərləndirirsiz? Sizcə, bu durğunluqda boykotun payı nə qədərdir?

- Bəli, var payı boykotun, bu da təbiidir. Müxalifətin bir hissəsi bildiyiniz kimi, hazır deyildi. Növbədənkənar seçki xəbəri qəfildən açıqlandı və bur qrup özünü səfərbər edə bilmədi, digər qrup isə nəticəni əvvəlcədən görmüş kimi, kənarda dayanmağa üstünlük verdi. Mən onlara heç bir irad tuta bilmərəm, hər biri özünə görə nüfuzlu siyasi qüvvədir, bəzilərinin rəhbərləri hakimiyyətdə olmuş insanlardır, öz qərarlarına özləri cavabdehdirlər.

- Siz özünüz səsverməyə gedəcəksinizmi?

- Bəli. Mən həmişə gedirəm səsverməyə. Seçkini boykot etmək o demək deyil ki, səsverməyə getməyəsən. Səsverməyə getmək vətəndaşlıq mövqeyidir və mən istərdim ki, hər kəs bu mövqeni sərgiləsin. Çünki seçkidən kənarda dayanmaq onu saxtalaşdırmaq üçün verilən ən yaxşı imkandır.

 

afn.az