”Həkimliyi bitirib, hökm deyil işləsin, evlərində balalarına baxsın”

Loading...
”Həkimliyi bitirib, hökm deyil işləsin, evlərində balalarına baxsın”
10:28 08-04-2018 | icon 47

BBC Azərbaycanca “Növbədənkənar Prezident Seçkisi 2018” layihəsi çərçivəsində siyasətçilərlə, ölkənin tanınmış fikir adamları ilə silsilə müsahibələrə başlayıb.

Bu dəfə qonağımız millət vəkili, prezidentliyə namizəd prezidentliyə namizəd İlham Əliyevin vəkili Hadı Rəcəblidir. Onunla əməkdaşımız Səadət Akifqızı söhbət edib. Bu müsahibənin video-yazını Youtube-da izləyin.
 
– Hadı müəllim, 11 aprel prezident seçkisində seçicilərin fəallığını hiss eləyirsizmi? “Kimi sesçinlər, kimə səs vermək lazımdır” deyə bir müzakirələrini hiss edirsinizmi?
 
– Azərbaycanda da çoxpartiyalılıq mövcuddur və seçki kampaniyasına 8 namizəd qoşulub. Televiziyada debatlara baxırsınız. Mən yerlərdə, görüşlərdə oluram. Görüşlərin hamısında çox böyük əhval-ruhiyyə var. Təsəvvür edin ki, əvvəlki seçki illərində bu qədər fəallıq hiss etməmişdim.
 
– ATƏT-in Seçki Müşahidə Missiyası ilk hesabatında göstərir ki, “seçki kampaniyası zəif hiss olunur”. Bu hesabata münasibət bildirən müxalifət nümayəndələri də, müstəqil təhlilçilər də hesab edirlər ki, əslində, rəqabətli seçki yoxdur.
 
– Xeyr, buna bir az başqa cür cavab verərdim: Seçki fəallığı var, amma güclü müxalifət yoxdur. Onunla razılaşa bilərəm ki, əlbəttə, bu debatlarda, siyasi mübarizədə, adamların müzakirə edib-görməyəcəyi var. Bu gün YAP-a tərəf müqabili ola bilən, onun gücündə olan belə bir partiya yoxdur.
 
– Amma müxalifət nümayəndələri hesab edirlər ki, illərlə məhz müxalifəti zəiflətmək taktikası seçilib. Müxtəlif, inzibati, administrativ üsullarla…
 
– Bunu yenə də başqa cür müzakirə edək. Bəs siyasi mübarizə nədir? Görülən işlərlə özünü təsdiq edirsən. Mitinqlər keçirməyə icazə verildi? Müxalifətin, onların diliylə desək, iki böyük mitinqi keçirildi, şərait yaradıldı. O seçkiyə, iclasa gələnlər kimlər idi, orada söylənən fikirlər nə idi? Ona oxşar fikirləri bizim partiyamızda da deyirlər. Bizim partiyamızda da tənqid və özünütənqid deyilən bir sistem var. Bizdə də cəmiyyətdə gedən prosseslərə də möhtərəm prezidentimizin mübarizə formaları var. Görülən işlər də göz qabağındadır. Asan xidmət də yaradılıb. Cəmiyyətimiz görür ki, bizim partiyamız, bizim hakimiyyətimiz neqativ hallara qarşı mübarizə aparır.
 
Hadı Rəcəbli: “Buyurun, sübut edin ki, rəsmi olaraq [məmurlar] sahibkarlıqla məşğuldur, o zaman vəzifəsindən azad edilsin və digər addımlar atılsın.”
 
– İzləyicilərimizdən Tural Məmmədov soruşur ki, məmurlar və prezident öz gəlirlərini niyə göstərmir? Gömrük nə zaman şəffaf olacaq?
 
– Prezidentliyə namizədlər də deklarasiya təqdim edir, hətta deputatlar da seçki öncəsi deklarasiya təqdim edir. Amma əgər digər bir sistem, bütövlikdə gəlirlərin deklarasiya olunması sistemi yaradılarsa, o, bir başqa məsələdir. Bu gün seçkiyə qatılan prezidentliyə namizədlər də, deputatlığa namizədlər də gəlirlərinin deklarasiyasını veririlər və bu da yoxlanır… Görün bizim cəmiyyətdə nə qədər adamlar var ki, zəhmətlə, kiçik sahibkarlıqla məşğul olur. Məmur əgər bizdə 15 nəfərdirsə, sahibkar 10 min nəfərdir. Heç kəs onu müqayisə etmir.
 
– Amma məmur sahibkarlığı barədə də tez-tez danışırlar…
 
– Bizim qanunumuzda məmurların, deputatların sahibkarlıq fəaliyyətiylə məşğul olması qadağandır. Buyurun, sübut edin ki, rəsmi olaraq sahibkarlıqla məşğuldur, o zaman vəzifəsindən azad edilsin və digər addımlar atılsın.
 
– Çoxlu jurnalist araşdırmaları olub. Onların araşdırmalarında Azərbaycanda, xüsusilə xaricdə, ofşor zonalarda yüksək vəzifəli adamların adlarına mülklər, şirkətlər olduğu deyilir.
 
– Gəlin, səmimi danışaq. Əlbəttə, bunları istisna etmirəm. Amma bunu ümumiləşdirməyin əleyhinəyəm. Nöqsanlar mövcuddur, buna qarşı mübarizə aparılır. Məmurlardan nə qədəri tutuldu, hətta təhlükəsizlik orqanında olan bir sıra vəzifəli adam həbs olundu. Yəni bu mübarizə aparılır, bunu kütləviləşdirməyin əleyhinəyəm. Bunu ucdantutma hamıya şamil etməyin əleyhinəyəm. Bu gün Azərbaycanda yanlış bir düşüncə var ki, kim sahibkarlıqla məşğuldursa, kimin bir manat pulu varsa, o pis adamdır, o, hökmən oğrudur. Axı Azərbaycanda yüzminlərlə insan sahibkarlıq fəaliyyəti ilə məşğuldur, imkanları var, maliyyə vasitələri var. Bunların ətrafında düşmən obrazının formalaşması bizim gənclərimizin o sahəyə, sahibkarlığa, zəhmətə münasibətini öldürür. Belə bir fikir yaranır ki, evdə oturmalıyıq, göydən pul tökülməlidir və xərcləməliyik.
 
– Siz milli təhlükəsizlik orqanları ilə bağlı məsələyə toxundunuz. Qəzetlər məhkəmə araşdırmalarından, istintaq materiallarından yazılar veriridilər. Sahibkarlarla bağlı bəzi epizodlar var idi. İllərlə sahibkarların incidildiyi o məhkəmələrdə ortaya qoyuldu. Yəni bu məsələnin bir ilin, üç ilin məsələsi olmadığı aşkar oldu. Amma istinad etdiyiniz o məmurlar illərlə vəzifələr tutub və yüksələ-yüksələ gediblər, orden alıblar. Bəs bu necə olub?
 
– Həmişə onun tərəfdarıyam ki, ayrı-ayrı məsələləri ümumiləşdirməyək. Bu gün Azərbaycan yeganə ölkələrdən biridir ki, dördmərtəbəli məhkəmə instansiyası var. Yəni ilkin məhkəmədən sonra Ali Məhkəmə, hətta Konstitusiya Məhkəməsinə qədər müraciət etmək imkanları var. Və hətta Avorpa Məhkəməsinə, beynəlxalq məhkəmlərə müraciət etmək hüququ var. Nə pisdir? Bizdə hüquqi savad aşağıdır. Adamlar bəzən hüquqi normaları bilmirlər, dediyiniz sahibkarlar da eləcə. Hüquqi normalarına əməl edə bilmirlər, o qanunları gözləmədiyi halda pozurlar və onun əziyyətini çəkirlər. Çox təəssüf edirəm ki, bu auditoriyada daha çox neqativ düşüncəyə sahib olan insanlar toplaşırlar.
 
Avropa İnsan Hüquqları Məhkəməsi. Hadı Rəcəbli vətəndaşların hətta Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə imkanları olduğunu və bu səbəbdən ədliyyə sistemində problemin olmadığını deyib. “Bizdə hüquq savad aşağıdır”, o, əlavə edib.
 
– İnsanlar daha çox narahat olduqları problemlər barədə danışırlar.
 
– Mən də açıq danışmaq istəyirəm, onda gərək mənə də inansınlar. Gömrükdə də, vergi orqanlarında da nöqsanlar var. 2016-cı ildən nə qədər qərarlar qəbul edilib, nə qədər prezident fərmanları, sərəncamları verilib. Sahibkarlarla bağlı, onlara dəstək olaraq nə qədər işlər görülüb. Və təsəvvür edin ki, özünüməşğulluq sistemi və məşğulluqla bağlı nə qədər işlər görülüb. Bu gün əmək tutumlu iş yerləri yaradan sahibkarlara nə qədər güzəştli kreditlər verilir. Əlbəttə ki, bu gün sahibkar institutu, Azərbaycanda məşğulluq və orta-kiçik sahibkarlığın inkişafı prezidentimizin prioritetlərindəndir. Yəni önəm verdiyi ən vacib məsələlərdən biridir. Və burda da yenə neqativ hallara qarşı mübarizə tələb olunur, sahibkarlara mane olan həmin o orqanlar cəzalandırılır. Biz necə deyə bilərik ki, hər şey əla idi, hər şey qaydasında idi. Əlbətə ki, nöqsanlar var.
 
– Hadı bəy, Leyla Məmmədzadə yazır ki, sizi heç narahat etmirmi, 200 manat maaşla necə dolanırlar?
 
– Leyla xanıma belə bir sual vermək istəyirəm. Azərbaycanda bütün adamlarmı 200 manat maaş alır? Axı Azərbaycanda hamı 200 manat maaş almır.
 
– Hadı bəy, təqaüdçülər 200 manata qədər təqaüd alırlar. Doğurdanmı, 200 manatla bir ay yaşamaq olar? Yəni yaşamaq anlayışı ancaq yemək alıb, bir paltarla keçinməkdirmi?
 
– İstehlak səbəti deyilən bir məfhum var. Biz hər il minimum istehlak səbəti və yaşayış minimumu rəqəmini təsdiq edirik. Bu, dünya ölkələrində fərqlidir. Populyarlıq üçün mən də deməliyəm ki, maaşlar 22 dəfə qalxmalıdır. Yəni belə-belə şeylər deyəndə populyar olur. Amma bir əsaslandırma verəndə, onu nəyləsə uyğunlaşdırmaq istəyi olanda onu bəzən qəbul etmək istəmirlər.
 
Hadı Rəcəbli: “Həkimliyi bitirib, hökm deyil, gedib hardasa işləsin, qız uşaqları evlərində balalarına, ailələrinə də baxa bilərlər.”
 
– Söhbət təkcə təhsilsiz insanlardan getmir, əslində, həkimlərin, tibb bacılarının da maaşı çox aşagıdır. Söhbət dövlət müəssisələrində işləyənlərdən gedir.
 
– Bunu biz də səsləndiririk, öz çıxışlarımızda bunu demişik. İndi mən bəzi rəqəmlər gətirəcəm, qoy bu sizdə və cəmiyyətdə ajiotaj yaratmasın. Təsəvvür edin ki, Azərbaycan səhiyyəsində həkimlərin hardasa 40 faizə qədəri 0,25 ştat və aşağı ştatdadırlar. Tibb xidmətində, sanitar xidmətində çalışanlar, tibb bacıları tələb olunandan iki dəfə çoxdur. Bu gün bu qrup insanları ixtisar etmək olmur.
 
– Yəni kadr tələbatdan daha çoxdur və maaşların aşağı olmasını bununla əsaslandırırsınız. Onda nəyə görə hər il ali məktəblərə qəbul planında….
 
– Ona görə belədir… seçimdir. Həkimliyi bitirib, hökm deyil, gedib hardasa işləsin, qız uşaqları evlərində balalarına, ailələrinə də baxa bilərlər.
 
-Hadı bəy, yəni 7-8 il ali təhsil alıb evdə oturmağımı təklif edirsiniz?
 
– Niyə Avropada bu, tənzimlənmir? Açıqdır, bazar iqtisadiyyatıdır, gəlirlər, oxuyurlar. Nə qədər adam təhsil alır.
 
– Orada dövlət müəssisələrində tibb bacılarının, ümumiyyətlə, həkimlərin əmək haqqları çox yüksəkdir.
 
– Orada da azdır, orada seçim var. Orada ən yüksək ixtisaslı adamlar seçilirlər. Bu gün bizdə tibbi sığorta məsələsi gündəmə gəlib. Tibbi sığorta olanda yenə də, hansı ağıllı, savadlı həkimdir, çox adam ona müraciət edir. Müqayisəmizin sonu nədir… Bizim prezidentimizin də, ölkəmizin də prioritet qoyduğu məsələ nədir?. Müəllimlərin əmək haqqında son 5 ildə iki dəfə artım olub, bu artım göz önündədir. Həkimlərin maaşında da qismən artım var, amma bu, bizi də qane etmir. Mən bunu bərkdən deyirəm ki, hamısı eşitsin. Həkimlərin də əmək haqlarında artım gözlənir, tibbi sığorta institutu tam fəaliyyətə başlayandan sonra. Düşünürəm ki, Tibbi Sığorta İnstitutu gələn ildən Azərbaycanda kütləvi fəaliyyətə başlayacaq. Və beləliklə, həkimlərin də əmək haqlarında hiss olunan dəyişikliklər olacaq. Amma indi gəlin görək, həkimlərimizin özləriylə söhbət edəndə, siz belə şikayətə rast gəlməmisiniz. Niyə? Çünki savadlı həkimin, ağıllı həkimin axşamlar evinə də gedirlər..
 
Hadı Rəcəbli: “Heç kim demir ki, əmək haqları yüksəkdir, əmək haqları bəs edir….Amma bir həqiqət də var ki, yaxşı həkim, yaxşı müəllim yaxşı dolanır”.
 
– Sizcə, həkim axşam evində istirahət etməli deyilmi?
 
– Çox pul qazananda az istirahət edirlər. Sizin auditoriya, bəzən müraciət edənlər o adamlardır ki, günorta saat 1-də yuxudan dururlar və gözləyirlər ki, yaxşı yaşasınlar. Fikirlərimi yekunlaşdırım. Heç kim demir ki, əmək haqları yüksəkdir, əmək haqları bəs edir. Biz də deyirik ki, bu sahədə, iki qurumla bağlı zaman-zaman əmək haqları artmalıdır. Bu sahədə ardıcıl iş aparılır. Amma bir həqiqət də var ki, yaxşı həkim, yaxşı müəllim yaxşı dolanır.
 
– Hadı bəy, bir həkim yazıb bizə, Misəddiq Əliyev. Deyir ki, siz həkimin aldığı maaşı alsaydınız və hər gün xəstələrə görə gərginlik yaşasaydınız nə edərdiniz? Deyirsiniz, yaxşı həkimin evinə gecə də gedərlər. Həkim xəstənin əlinə, cibinə baxmalıdırmı? Bu həkim üçün təhqir deyilmi?
 
– Bu fikirlə tamamilə razı deyiləm. Bütün dünyada həkim mütləq ona ödənilən vəsaiti alır. Büdcədən maliyyələşəndə də, tibbi sığortadan maliyyələşəndə də həkimin cibinə vəsait gedir, fərdi qaydada baxılır. Bəs onda necə olur? Dövlət onda hamısına standart 6 min manat maaş versəydi, onda yaxşı həkimlə pis həkim necə seçilərdi.
 
– Hadı bəy, fərdi baxırsa, vergi ödəməlidir. Onda özəl sahibkar olurlar. Amma xəstəxanada, dövlətdə işləyən həkim …
 
– Orda da maaşına görə həkim vergi ödəyir. Burada başqa şey var. Mənim Misəddiq həkimə məsləhətim nədir. Mənim qızım da göz həkimidir. Özəl klinikalardan birində çalışır və bu həyatı yaşayır. Əmək haqqı zaman-zaman artmalıdır. Əvvəlki illərdə bir az da aşağı idi. Mən də onunla razıyam ki, bu əmək haqqı elə də yüksək deyil. Bir misal gətirim, Mingəçevirdə tibbi sığortanı tətbiq etməyə başlayanda, səhiyyə şöbəsinin labaratoriyası ilə maraqlanıblar ki, neçə adam var. 62 nəfər labatoriyada işləyirmiş. Sən demə, orda 9 nəfər işçiyə ehtiyac varmış. İndi 62 nəfər gedib, yerinə 9 nəfər qalanda, 62 nəfərin maaşını 9 nəfərə böləndə maaş yüksək olacaq.
 
– Tural Muradoğlu yazır ki, hazırkı təqaüd ilə Hadı Rəcəbli bir ay yaşaya bilərmi?
 
– Hadı Rəcəbliyə bu sualları tez-tez verirlər, yaşaya bilərmi-bilməzmi deyə. Hadı Rəcəbli daha az maaşla yaşayıb, bugünkü günə gəlib çıxıb. Daha az maaş alıb, daha çox çətinlik görüb, evsizlik də görüb, kasıbçılıq da görüb. Dövlətimizin, bizim siyasətimizin mahiyyətində insanlarımızın güzəranının daha da yaxşılaşdırılması durur. Bunun üçün büdcə imkanlarında, vergi siyasətində də problemlər ola bilər , sığorta sistemində də problem var. Məsələn, Tural bilmir ki, bu gün Sosial Müdafiə Fondunun yığdığı vəsait təqaüdü ödəməyə çatmır. Dövlətdə 1 milyard, təxminən 200 milyon dotasiya gedir.
 
 Hadı Rəcəbli deyir: “Hadı Rəcəbli daha az maaşla yaşayıb, bugünkü günə gəlib çıxıb. Daha az maaş alıb, daha çox çətinlik görüb, evsizlik də görüb, kasıbçılıq da görüb”.
 
– Azərbaycanda sahibkarlığın o gücü yoxdurmu ki, dövlət dotasiyasına ehtiyac olmasın?
 
– Bu gün vergiyə cəlb edilməyənlər də var, sığortaya cəlb edilməyənlər də var. Şadlıq evləri və tikintilər var ki, işçiləri işlədir, amma qeydə almır. Bunlar da var və bunlara qarşı mübarizə aparılır. Onda biz görəcəyik ki, sığorta fonduna vəsaiti artıracayıq, ondan sonra sığorta hesabında təqaüdlərin miqdarı arta bilər.
 
– İslam İslamzadə yazır ki, mən 3 idlir açılmış 1,9 milyon iş yerindən birində iş tapa bilmirəm.
 
– O gəlsin, ona iş təklif edim. Bilirsiniz, niyə tapa bilmir? Məni düz başa düşün. Bir misal çəkim: Lənkəranda mənə valideyn müraciət edib. Deyir ki, 1 milyon 900 min iş yerindən birini tapa bilmirəm. Soruşuram ki, sənin uşağın haranı qurtarıb. Deyir ki, 8-ci sinifi qurtarıb. Deyirəm ki, ay anam-bacım, evinizdə inək var, kim təmizləyir onun altını? Deyir, oğlum. Deyirəm ki, heyvandarlıq fermasında bir yer var, ikinizə 500 manat pul verirlər gedin, işləyin. Qadın mənə “Ayıb deyil Hadı müəllim, sizin üçün? Siz mənə dediniz oğlum gedib fermada işləsin? Mənim oğlum fermada işləsin?”. Buyurun. Mentalitet var bəzən. Mən bunu ümumiləşdirmirəm.
 
– Bəzən ali təhsilli insanlar da iş tapmaqda çətinlik çəkirlər.
 
– Ali təhsilli də ixtisasını dəyişə bilər, iş müsabiqələrində iştirak edə bilər. Biz daha çox iş yerləri yaratmalıyıq. İldə 120 min təbii artım var. İldə 120 min 18 yaşına çatan cavan uşaq gəlib iş istəyir. Bu da problemdir. Azərbaycanda bu gün əmək tutumlu iş yerlərinə kredit verilir. Turzimin inkişafı var, 4,4 dəfə Azərbaycanda turist gəlişi artıb. Turizm, istirahət biznesi, kənd təsərrüfatı. Burada daha çox əmək tutumludur. Buna biz daha çox çalışırıq.
 
– Şahmar Mahmudov yazır ki, prezident niyə debata çıxmır? Dördüncü kəs namizədliyini verir, niyə hər dəfə cavabdeh şəxsləri göndərir?
 
– Şahmar bəy, siz başqa ölkələrin telekanallarına baxırsınızmi? Siz Rusiyada gedən teledebatlara baxdınızmı? Əgər baxdınızsa, bu sualı geri götürün. Rusiyada da debatlarda Putin iştirak etmirdi.
 
– Bu, yaxşı örnəkdirmi?
 
– Mən misal gətirirəm. Amma prezidentimiz yenə kütlənin qarşısındadır, yenə camaatla üzbəüzdür. Son vaxtar nə qədər görüşlər keçirir.
 
– BBC Azərbaycanca MSK-nın məlumatları əsasında namizədlərin maliyyə hesabatlarını təhlil edib. İlham Əliyevin hesabatında 100 min manat var. Amma digər namizəd Hafiz Hacıyevin hesabında bir qəpik də yoxdur. Razi Nurullayevlə Sərdar Cəlaloğlu bu günə qədər 2 min manat xərcləyib. Yəni bu təzadı necə hiss edirsiniz? Tənqidçilər hesab edirlər ki, bu, əslində, rəqabətli seçkinin olmadığını, bu namizədlərlə rəqabətli seçki görüntüsü yaratmağı sübut edən amildir.
 
– Mən yenə də bu fikirlərlərdən narazıyam. Sual verirəm. Niyə Milli Şura deyilən, Əli Kərimli, Cəmil Həsənli niyə seçkiyə qatılmadılar?
 
Əli Kərimli iddia edir ki, ölkədə azad seçki rəqabəti yoxdur
 
– Onların iddiaları, arqumentləri belədir. Əli Kərimli bizim efirimizdə səsləndirmişdi ki, ölkədə azad seçki rəqabəti yoxdur.
 
– Ona kim kömək etməlidir, əgər o müxalifdirsə. Əgər o istəyirsə nəsə etsin. Onlar öz güclərini bilib seçkiyə qatılmadılar. Və əlbəttə, bu gün dünyada da belədir. Rusiyada seçkiyə qatılanlar fərqli-fərqli sosial qurumları olan, fərqli maliyyə imkanları olan adamlar idi. Dünyada da belə praktika var və bundan da fəlakət düzəltmək lazım deyil. Trump-ın prezident seçilmək ehtimalı nə qədər idi? Qoşuldu seçkiyə, maliyyə imkanları böyük olan adam idi, qatıldı seçkiyə və qalib gəldi. Kim ona nə dedi? Beləliklə, bu seçki debatlarında kimin gəlib qoşulmasını nə cürsə maliyyə imkanları ilə əsaslandırmaq düzgün deyil.
 
– Hadı bəy, Əli Kərimli efirimizdə hakimiyyətin ünvanına tənqidlər səsləndirdi. Fürsət düşmüşkən, istərdim ki, siz bu tənqidlərə münasibət bildirəsiniz. Əli Kərimli deyir ki. 20 il hakimiyyətdə demokratik qaydada qalmaq mümkün deyil və o bildirir ki, belə getsə, Azərbaycan Suriya, Liviya kimi ölkələrlə bir sırada dayanacaq. Azərbaycanda Almaniyaya mühacir getməkdə dördüncü yerdə olmasını o, İlham Əliyevin siyasətinin nəticəsi sayır.
 
– Bu gün Azərbaycanda nə qədər mətbuat var. “Azadlıq”, “Yeni Müsavat” qəzeti çıxır. Azərbaycanda qəzetlərin sayı 500-dür, saytların sayı artıq 10 mini ötüb.
 
– Hadi bəy, 20 il demokratik qaydada hakimiyyətdə qalmaq mümkündürmü?
 
– Demokratik cəmiyyət necə olur? Əli Kərimli mitinq keçirdir. Bu demokratik cəmiyyətin elementi deyilmi?
 
– Mitinq keçirtmək demokratiyadırmı?
 
– Bəli. Söz azadlığıdır, çıxıb orada deyir. Bizim AZTV də onu göstərdi. Demokratiya necədir? Küçədə durub bir-birini döysünlər, ağzına gələni danışsınlar? Demokratiya hüquqi dövlət elementidir. Bunun qaydalarına əməl edilməlidir.
 
 – Hadı bəy, seçicilər İlham Əliyevi niyə seçməlidirlər və seçsələr, həyatlarında nə dəyişəcək?
 
– Birincisi “məlidirlər” deməyək, seçmək istəyirlər. Xalqımızı heç kim məcbur etmir. Və nə gözləyirik? Onun platformasını Əli Əhmədov dəfələrlə səsləndirib. Azərbaycanda dünyəvi bir dövlət qurulub. Azərbaycanda nə qədər məktəb tikilib, nə qədər səhiyyə müəssisəsi yaradılıb, nə qədər idman qurğuları tikilib. Şəhərlərimiz, kəndlərimiz abadlaşıb. Kənd təsərrüfatında bu gün nə qədər inkişaf gedibdir. Pambıqçılıq, digər sahələr inkişaf edibdir. Turizmin inkişafı ilə nə qədər işlər görülübdür. Azərbaycanda bu gün büynəlxalq tədbirlər keçirilir. Niyə Avropa buranı seçir. Niyə Avropa burada tədbir keçirmək istəyir? Burda səbəblər çoxdur. Biri odur ki, əmin-amanlıq, sabitlik var. Azərbaycan xalqı görür ki, əmin-amanlıq var. Gecə saat 2-də şəhərdə rahat gəzmək olur. Bulvarda nə qədər xarici vətəndaşlar – ərəblər, iranllar var. Dünyanın hər yerindən bura gələnlər var. Bu nə deməkdir? Biz bunu qoruyacağıq. İlham Əliyev 7 il müddətində bu sabitliyi qoruyacaq. Yeni iş yerləri yaradacaq, əmək haqlarını artıracaq, sosial müdafiəni gücləndirəcək. İlham Əliyevin dövlət quruculuğu modelində olan bir sıra məsələlər bir az da inkişaf edəcək. Demokratik cəmiyyəti daha da inkişaf etdirəcək. Amma bunu hüquqi normalar daxilində. Mən istəyirəm bunu səsləndirəm.
loading...