Şeyxülislam Allahşükür Paşazadə: "Barəmdə yazılanların, deyilənlərin hamısı iftira və yalandır"

Loading...
Şeyxülislam Allahşükür Paşazadə: "Barəmdə yazılanların, deyilənlərin hamısı iftira və yalandır"
21:04 28-03-2018 | icon 100

 

QMİ sədri Rusiyada çoxsaylı insan ölümü ilə nəticələnən yanğınla bağlı başsağlığı verib

 

Azərbaycandakı dini konfessiya rəhbərləri dünya ictimaiyyətinə müraciət qəbul ediblər

 

"Allah 200 il əvvəl erməniləri bizə qonşu olaraq göndərdi, amma təəssüf ki, bu qonşu mənfur çıxdı".  Millətinsəsi.info saytı xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 Mart - Azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, digər qonşular, böyük güclər də ermənilərin bu mənfurluğundan istifadə edib: "Ermənilərin bu 200 ildə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı soyqırımlarını təkbaşına etməyiblər. Onların arxasında bizə qarşı separatçı niyyətdə olan iri güclər dayanıb".

Şeyx bildirib ki, ermənilər bu gün Ermənistanın yerləşdiyi qədim Azərbaycan torpaqlarındakı məscidləri murdarlayırlar: "Yadımdadır, hələ o vaxt bizimkilər orda namaz qılanda narahat olurdular ki, ermənilər buraları murdarlayacaq".

Allahşükür Paşazadə əlavə edib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsini dini müstəvidə davam etdirmək istəyirlər: "Mənim çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır, təxribat məqsədi ilə yayılır".

O qeyd edib ki, bununla bağlı ölkə başçısı ilə də söhbəti olub: "Gizlətmirəm, mənim prezidentlə söhbətlərim olur. Onda da heyrətimi gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz? Xaricdən həm prezidentimizə, həm də mənə - şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri “prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyxə haqqında deyilənlər düzdür", - deyir. Bu, necə olur? Demək, sən təxribatla yenə də barışmış olursan. Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var?”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyanın Kemerova şəhərində ticarət mərkəzində çoxsaylı insan ölümü ilə nəticələnən yanğınla bağlı başsağlığı verib. Şeyxülislam bildirib ki, Kemerovoda baş verən hadisə əsl faciədir və bu bütün Qafqaz müsəlmanlarını sarsıdıb. O, hadisədə ölənlərin yaxınları başda olmaqla, Rusiya xalqına, dövlət başçısına baş sağlığı verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib ki,  həqiqətlər mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılmasa, baş verənlər unudulub gedər: "Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklərin tarixi çox əvvələ gedir. Lakin Azərbaycan müstəqillik əldə edəndən sonra həqiqətləri üzə çıxara bildi. Ermənilərin törətdiyi vəhşilikləri bir çox dillərdə dünyaya çatdırmaq işində gənclərin üzərinə böyük iş düşür. Düşmənlə bizim müharibəmiz bitməyib. Çünki üz-üzə olduğumuz müddətdə daim onları hər sahədə üstələməliyik".

M.Qurbanlı əlavə edib ki, bir çox beynəlxalq sənədlərdə Ermənistanın işğalçı dövlət olması öz əksini tapıb: "Heç bir ölkə işğal olunan torpaqları onların ərazisi kimi tanımır. Bu da bizim uğurumuzdur. Ermənilərin istəkləri baş tutmur və tutmayacaq. İnsanlığa qarşı törədilən vəhşiliklərdə heç bir dini mənsubiyyət nəzərə alınmırdı. Onlar məhz azərbaycanlı olduqlarına görə bizim xalqa işgəncə verib öldürürdü".

Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara mü-raciət qəbul ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Alban-Udi xristian icmasının sədri Robert Mobilinin imzaladığı müraciətdə deyilir:

“O Bir Olan Yaradanın adı ilə! Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının dilək və hisslərini ifadə edərək, müraciətimizi Azərbaycan xalqına qarşı məkrli və ağlasığmaz cinayətlərlə müşayiət olunmuş bəşəri cinayətin - soyqırımın 100 illiyi ərəfəsində bütün dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq. Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırımı faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur. Belə faciəvi soyqırımı cinayətlərinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır və bu dəhşətli fəlakətlərin mütəmadi xarakter alması bütün Azərbaycan cəmiyyətini, o cümlədən dini ictimaiyyəti daim narahat edir.

Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz və etnik təmizləmə siyasətinin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövlətini bu ərazilərdə yaratmaqdır. Tarixi faktlar sübut edir ki, keçən əsrin xəritələrində əksini tapan Azərbaycan əraziləri erməni işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində xeyli azalıb, Qarabağ və ətraf rayonların işğalından sonra isə ərazilərimizin daha 20 faizi zəbt olunub. Qarabağ və Zəngəzura ermənilərin məqsədli şəkildə kütləvi köçürülməsi nəticəsində etnik vəziyyət süni surətdə və zorla dəyişdirildi. 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda, Naxçıvan, Qarabağ, Şamaxı, Lənkəran, Quba qəzalarında və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi, on minlərlə dinc insan qətlə yetirildi, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdıldı.

Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sovet hakimiyyəti dövründə erməni şovinistlərinin və lobbisinin dəstəyi ilə məkrli metodlarla davam etdirildi. 20-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistana verildi, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində monoetnik Ermənistan Respublikası yaradıldı. 80-ci illərin ikinci yarısında SSRİ-nin rəhbər dairələrinə erməni lobbisinin təzyiqi və təhriki ilə erməni millətçilərinin xalqımıza qarşı təcavüz və etnik təmizləmə siyasətinin yeni dalğası başlandı. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin SSRİ  rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri 300 minə yaxın azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasına nail oldular. Ərazilərimizin 20 faizi - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğala məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salındı. Ermənilər qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbiristanlıqlarımızı məhv etdilər. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu.

Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurub, onun tarixi yaddaşında silinməz izlər buraxıb. Yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti dünya ictimaiyyətinə açıqlanıb. Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edilməsi soyqırımı qurbanlarını anma tədbirlərinin keçirilməsi beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin daha geniş yayılması ilə səciyyələnib. Bu gün Azərbaycanın rəsmi və ictimai dairələri Azərbaycan ərazisində erməni ekstremistlərinin törətdikləri etnik təmizləmə və soyqırımı əməllərinə dair təkzibolunmaz faktları beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqdadır. Özlərini soyqırımı qurbanı kimi təqdim edən erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri gerçək soyqırımı cinayətlərinin layiqincə cavabını verməyənlər və onlara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək, ədalət öz yerini tutacaq!

Layiqli qiymətini almayan qətliamlar yeni-yeni bəşəri cinayətlərə yol açır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, miqrant köçkünlər ordusunun fəlakətlərinə zəmin yaradır. Beynəlxalq terrorizmin tüğyan etməsi, həyata keçirilən silsilə terror əməlləri, tarixi və dini abidələrə qarşı vandalizm aktları bu növ bəşəri fəlakətlərə zamanında layiqli hüquqi-siyasi qiymətin verilməməsinin acı fəsadlarıdır. Biz dövlətlər və xalqlar arası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgə yaşayış normalarının tətbiq olunmasının tərəfdarıyıq. Lakin təəssüflər olsun ki, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, işğal etdikləri Qarabağ və ətraf rayonların ərazilərinin qeyd-şərtsiz və dərhal boşaldılmasına dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərini bu günədək yerinə yetirməmişlər. Azərbaycanın illərdir beynəlxalq təşkilatlara etdiyi müraciətlərə rəğmən, Xocalı soyqırımı faktı hələ də lazımi səviyyədə siyasi, hüquqi qiymətini almayıb. Baxmayaraq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı quldurlarının Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətməsi, qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150 nəfərin itkin düşməsi, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qoyulması, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilməsi, mahiyyəti etibarilə, Xocalı faciəsini Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə bir sıraya qoyur.

Müqəddəs Kitablarda əksini tapan həqiqət budur ki, Allahın yaratdığı bir insanı qətlə yetirmək – bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayətdir! Biz, din xadimləri, dini konfessiya rəhbərləri bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edir, erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq. Qoy Uca Yaradan hamımıza doğrunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”.

 

 

loading...