İlham Əliyev yazıçı Anarı təltif və təbrik edib

İlham Əliyev yazıçı Anarı təltif və təbrik edib
17:35 13-03-2018 | icon 81

Prezident İlham Əliyev Anar Rəsul oğlu Rzayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Millətinsəsi.info-nun verdiyi xəbərə görə, yazıçı Anar Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Dövlət başçısı həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anarı 80 illiyi münasibətilə təbrik edib.

“Hörmətli Anar müəllim!

Sizi – Azərbaycanın görkəmli yazıçısını və tanınmış ictimai xadimini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Sizin istedadlı nasir, publisist və dramaturq olaraq çoxəsrlik ənənələrə malik ədəbiyyatımızın daha da zənginləşməsində müstəsna xidmətləriniz vardır. Ən müxtəlif janrlarda qələmə aldığınız əsərlərdə Siz söz sənətkarlarına məxsus yüksək məharətlə müasirlərimizin mənəvi aləminin dolğun təsvirinə nail olmuş, ardıcıl ədəbi-fəlsəfi axtarışlarınızla bədii fikrimizin yeni inkişaf mərhələsinin yaradıcılarından biri kimi səmərəli fəaliyyət göstərmisiniz.

Mövzu aktuallığı, üslub fərdiliyi, dil səlisliyi və dərin həyatiliyi ilə səciyyələnərək yüksək əxlaqi keyfiyyətlər aşılayan nəsr əsərlərinizin geniş oxucu auditoriyasının zövqünün formalaşmasında təsiri təqdirəlayiqdir. Daim rəğbətlə qarşılanan səhnə əsərləriniz və dahi şəxsiyyətlərimizin ömür yolunu özünəməxsus parlaq boyalarla canlandıran kinossenariləriniz şöhrətinizi daha da artırmışdır. Hər biri uzunmüddətli araşdırmanın məhsulu olub ədəbi-mədəni fikir tariximizin bütün məqamlarını ehtiva edən məqalə və esseləriniz intellektual potensialınızın aydın təzahürüdür.

Dilimizin saflığının qorunması uğrunda mübarizə yaradıcılığınızın mühüm istiqamətlərindən birini təşkil etmişdir. Xalqımızın böyük sənətkarlarının övladı olmaqla yeni tarixi şəraitdə azərbaycançılıq məfkurəsinin inkişafında xidmətləriniz danılmazdır.

Azərbaycan Yazıçılar Birliyinin sədri vəzifəsində Siz otuz ildən bəri uğurla çalışmaqdasınız. Ümidvaram ki, ölkəmizin mədəni-ictimai həyatında bundan sonra da fəal iştirakınızla gənc ədəbi nəslin milli ideyalara bağlılıq ruhunda yetişməsi üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz”.