Abid Şərifov: Günahkarlar varsa cəzalandırılacaq

Abid Şərifov: Günahkarlar varsa cəzalandırılacaq
11:53 05-03-2018 | icon 154

Yanğının səbəbləri araşdırılacaq və əgər günahkarlar varsa cəzalandırılacaq. 

Millətinsəsi.info Azərbaycan Televiziyasına istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Dövlət Komissiyasının iclası zamanı deyib.

Komissiyanın sədri, Baş nazirin müavini Abid Şərifov iclasda müzakirə olunan məsələlər barədə məlumat verərək deyib ki, yanaraq ölən şəxslərin, xüsusilə narkoloji xəstələrin şəxsiyyətlərinin müəyyənləşdirilməsi olduqca çətin məsələdir:

“Çünki elə xəstələr var ki, 15-20 ildir orada müalicə alır. İndiyədək doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar dəfn olunub. Onların ailələrinə Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən lazımi kömək göstərilib”. 

Baş nazirin müavini deyib ki, mərkəzdə olan xəstələrlə və dünyasını dəyişən insanlarla bağlı araşdırılmalar bir həftə ərzində başa çatdırılacaq:

“Onların ailələrinə veriləcək ilkin yardımın məbləği, təqaüdün təyin olunması məsələləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilir. 

Azərbaycan qanunvericiliyinə əsasən, yanğın və digər fövqəladə hallar səbəbindən həlak olanların ailələrinə yetkinlik yaşına çatmayan övladları da nəzərə alınaraq birdəfəlik yardım və ya təqaüdlərin verilməsi məsələsinə baxılır. 

Qeyd edim ki, həlak olan 25 nəfərdən yalnız biri pensiyaçıdır. Tapşırıq verildi ki, həlak olan digər şəxslərin hər biri barədə araşdırma aparılsın və onların ailələrinə qanuna uyğun olaraq yardımlar göstərilsin. Həmçinin Maliyyə Nazirliyinə də tapşırılıb ki, yaxın günlərdə yardımları çatdırsın. Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu yardımlar Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən göstərilir. 

Eyni zamanda, istər rayonlarda, istərsə də Bakıda dəfn mərasimləri dövlət tərəfindən təşkil olunub və olunacaq”.

E.Ə.