Səlim Müslümov: “355 min nəfərin əmək haqları artırılıb”

Səlim Müslümov: “355 min nəfərin əmək haqları artırılıb”
12:02 02-03-2018 | icon 151

“Səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində çalışan və dövlət büdcəsindən maliyyələşdirilən şəxslərin əmək haqları mart ayının birində etibarən 10 faiz artırılıb. Ümumilikdə bu 4 kateqoriya üzrə 355 min şəxsə şamil olunacaq”. APA-nın şimal bürosunun məlumatına görə, bunu Siyəzəndə jurnalistlərin suallarını cavablandıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, bunlardan 200 min nəfər yaxını təhsil işçiləri, 140 min nəfərə yaxın səhiyyə müəssisələrində, 13 min nəfər yaxını elmi və elmi tədqiqat müəssisələrində, 2 min nəfər yaxın şəxs isə sosial təminat müəssisələrində çalışanlardır. Nazir bu şəxslərin 10 ay ərzində əmək haqlarının artırılması üçün dövlət büdcəsindən təqribən 100 mln. manatın ayrılması nəzərdə tutulduğunu deyib. 

“Göründüyü kimi, Azərbaycan prezidenti İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar davam edir və bunların hamısı əhalinin real gəlirlərinin artırılmasına, onların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş addımlardır. Bu istiqamətdə işlər 2003-cü ildən başlayaraq sürətli şəkildə davam etdirilir. Bu da həmin səpgili növbəti addımların davamıdır. Bu prezidentin elan etdiyi kimi sosial dövlətin sürətli qurulmasını sübut edən faktlardır”, - deyə nazir vurğulayıb.

“Hazırda özünü məşğulluq proqramı çərçivəsində seçim prosesi gedir. Ayrı-ayrı rayon və regionlar üzrə bu proqrama cəlb olunacaq ailələrin sayı müəyyənləşdirilir”.

O bildirib ki, müvafiq məşğulluq mərkəzləri və dövlət məşğulluq xidmətinin mərkəzi ofisi ilə yanaşı, bu prosesə inkluzivliyi təmin etmək üçün Birləşmiş Millət Təşkilatının (BMT) inkişaf proqramı da qoşulub. “Əlililiyi olan şəxslərin bu proqrama ayrıca olaraq cəlb olunması nəzərdə tutulub. Ona görə də onlar bu proqrama qoşulublar. Hazırda onlar seçim prosesini həyata keçirməklə məşğuldurlar”.

Nazirin sözlərinə görə, yaxın zamanlarda seçim prosesi başa çatacaq və bundan sonra biznes planların tərtib olunması üçün həmin şəxslər bir aya ərzində təlimlərə cəlb olunacaq. “Onlar kiçik biznesin idarə olunması üçün müvafiq biliklərə yiyələnəcəklər. Bundan sonra onlar öz biznes planlarının hazırlayacaqlar və biz də bu biznes planlar əsasında onların müvafiq aktivlərlə təmin olunması və öz ailə təsərrüfatlarının yaradılması üçün şərait yaradılacaqdır”. 

Nazir deyib ki, prezident İlham Əliyevin tapşırığına əsasən, 6-7 min ailənin bu prosesə cəlb olunması nəzərdə tutulur. Hazırda işsizlikdən sığorta fonduna vəsaitlərin yığılması prosesi gedir. "Bu vaxta kimi fonda 2 ay ərzində 4 milyondan çox vəsait toplanıb. Düşünürəm ki, ilin sonunda bizim düşündüyümüz 89 milyondan çox vəsait toplanacaq ki, bunun da bir faizdən çoxu özünü məşğulluq proqramına yönləndiriləcək” .