Bakıda hər tində 1 manatlıq dönər : halal yoxsa leş ət ?

Bakıda hər tində 1 manatlıq dönər : halal yoxsa leş ət ?
21:35 28-02-2018 | icon 695

“Türk dönəri”, “Halal dönər”, “Nömrə 1 dönər”…Son illərdə Azərbaycanda dönərxanaların sayı çayxanaların sayını keçməkdədir.

 

“Ucuz ətin dönəri olmaz”

 

Türklərin fasd-fud yeməyi olan dönər təkcə bizdə deyil, Avropa ölkələrində sürətlə populyarlaşıb. Elə Almaniyanın müxtəlif şəhərlərində türklər saysız-hesabsız dönərxanalar açıblar.

Ona görə Azərbaycanın hər şəhərində, qəsəbəsində, tinində, məhəlləsində, metroların, universitetlərin, kəsəsi respublikanın hər künc-bucağında dönərçiləri görmək olar.

Amma “halal dönər” deyə hər dönərxana girişində vurulmuş çağırışların aldadıcı olduğu çoxdan bəllidir. Necə deyərlər, “ucuz ətin şorbası olmaz”.

İndi şəhərdə 1 manat, 1 manat 20 qəpiyə halal adı ilə çox yerlərdə dönər satılır. Toyuq dönərini 1 manat 40 qəpiyə, lavaşda 1 manat 50 qəpiyə verirlər.

Bakının bəzi mərkəzi yerlərində isə 2 manat, 3 manat, hətta 5 manata dönər satırlar. Lakin bu qiymət xaosu müştəriləri də çaşqın vəziyyətə salıb.

Görəsən ətin kilosu 11 manat, toyuq 5-6 manat olduğu halda 1 manat 20 qəpiyə satılan dönərin içindəki nədir?

Eyni sualı dönəri 2-3 manata satanlara da vermək olar – ətin bu qiymətə olduğu bir vaxtda qiymətləri necə müəyyənləşdiriblər?

Vaxtaşırı dövlət qurumları da bəzi dönərxanalarda yoxlamalar aparıb, keyfiyyətə nəzarəti gücləndirdiklərini bəyan edirlər. Ancaq oxucular da təsdiqləyər ki, real mənzərə fərqlidir.

 

Ölü at, eşşək əti mafiyası…

 

Real mənzərə budur ki, leş ət mafiyası ölkəni cənginə alıb. Tonlarla ölmüş, xəstə inək və at ətləri bazarlara daşınır.

essek

Hüquq-mühafizə orqanları arabir leş at əti satanları yaxalayır. Amma bu istiqamətdə köklü dəyişiklik yoxdur.

Satışda normal ətlərlə yanaşı leş ətlərinə, hətta at və eşşək ətlərinə də təsadüf etmək mümkündür. Ona görə də dönər bazarında qiymətlər 1 manat, 20-50 qəpik arasında dəyişir.

“Azərbaycanda hazırlanan dönərlərin əksəriyyəti insan orqanizmi üçün həddindən artıq təhlükəlidir.”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov demişdi. Onun sözlərinə görə, Azərbaycanda satılan dönərlərin 85 faizi insan sağlamlığı üçün təhlükəlidir:

“Mərkəzi Avropa ölkələrində dönərlər “tezbazar” deyil, oturaq yemək kimi qəbul olunur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin keyfiyyəti ilə bağlı iki il öncə standartlar hazırladı.

Həmin standartlarda dönərin hansı şəraitdə və necə hazırlanması göstərilib. Amma bu addım da bu sahədə özünü doğrultmadı.

Dönərxanaların 85 faizi aldıqları ətləri heç də müəyyən olunmuş şirkətlərdən deyil, istədikləri yerlərdən yoxlanılmamış halda, mənşəyi məlum olmayan ət alıb dönərlər hazırlayır”.

 

Toyuq dönəri qadağandır, amma…

 

2006-cı ildən ölkədə toyuq ətindən dönər hazırlanması qadağan edilib. Lakin bu gün Bakıda dönərxanaların 80 faizi toyuq ətindən dönər hazırlayır və satır.

Toyuq ətinin mənşəyi məlum olduğu və qadağalara baxmayaraq ölkədə toyuq ətindən dönərlər hazırlandığı üçün bu qadağanın götürülməsi istənilib.

Lakin Səhiyyə Nazirliyi hələ də bu qadağanı götürməyi məsləhət bilməyib. Dövlət qurumları yollarda Bakıya gətirilən, mənşəyi məlum olmayan tonlarla əti aşkar edir, məhv edir.

Amma həmin qurumlar araşdırmır ki, bu ətlər hara gətirilir, kimlərə təhvil verilir və hansı obyektlərdə istifadə olunur. Tonlarla at, eşşək əti Bakıya gətirilərkən aşkar edilir, amma hara gətirildiyi açıqlanmır.

Yəni tələb var ki, təklif meydana çıxır. Ölkədə leşyığanlar şəbəkəsi mövcuddur ki, həmin ətləri də bu şəbəkə alır. Həmin şəbəkənin də dönərxanalara ət verib-vermədiyi məlum deyil.

Köz və qaz dönəri təhlükəlidir

 

Köz və qazla bişən dönərlər insan orqanizmi üçün daha təhlükəlidir. Hər iki halda bişən dönər ziyanlıdır. Ona görə ki, həmin prosesdə ətin içi yaxşı bişmir.

Üz tərəfi qızarır, onu kəsib qaba tökürlər, daxildə olan ətin qan plazması bişməmiş halda həmin kəsilən hissəyə axıb qarışır və bu cür də istehlakçıya verilir.

Həmin qan qarışan dönər heyvanda olan xəstəliklərlə birlikdə insanlara ötürülür. Ən ciddi məsələ də elə budur.

Üzərinə “halal dönər” yazılmış, iki nəfərin güclə sığışdığı, təxminən 2-3 kvadrat metr sahəsi olan dönərxanalarda nə su, nə də kanalizasiya xətti var.

Sahibkarlığın inkişafı üçün yoxlamaların 2 il müddətində dayandırılması da dönər biznesi ilə məşğul olanların işinə yarayıb. Dönərin hazırlanmasında istifadə edilən ətin mənşəyi isə bəlli deyil.