Səlim Müslümov: “Fevral ayı üçün pensiyaların köçürülməsi başa çatdırılıb”

Səlim Müslümov: “Fevral ayı üçün pensiyaların köçürülməsi başa çatdırılıb”
22:06 27-02-2018 | icon 183

"1,9 milyon nəfərin pensiya, müavinət və Prezident təqaüdləri artırılıb"

 

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən pensiya və müavinətlərin, müvafiq kateqoriyalardan olan vətəndaşlara Prezidentin təqaüdlərinin artırılması məqsədilə bu ay 13 Fərman və Sərəncamın imzalanması dövlət başçısının əhalinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti təzahürü olmaqla, ötən dövrdə ölkəmizdə qurulan etibarlı sosial müdafiə sisteminin ildən-ilə gücləndirilməsində növbəti addımların atılmasını təmin edir". Bunu qeyd olunan fərman və sərəncamlarla əlaqədar keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, sosial müdafiə sisteminin mühüm komponentlərindən olan pensiya təminatı bu gün əhalinin 1 mln. 318 min 434 nəfərini əhatə etməklə, sabit sosial rifahın təmin edilməsində önəmli rol oynayır. Onun sözlərinə görə, həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,36 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 233,68 manata çatmasına imkan verib. Bu dövrdə əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi də 17 dəfə artıb: “Azərbaycan Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 9 fevral 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə növbəti irəliləyişə əsas yaradıb. Sərəncama əsasən əmək pensiyalarının  ümumi məbləğinin 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılması təmin edilib. Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunmaqla, onların pensiyalarında müvafiq artımın edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulmuş əlavə vəsaitin həcmi 165,4 milyon manat təşkil edir”.

S.Müslümov bildirib ki, Azərbaycan Prezidentinin 20 fevral 2018-ci il tarixli və 22 fevral 2018-ci il tarixli olmaqla imzaladığı 9 sənəd (2 fərman və 7 sərəncam) isə Prezidentin aylıq təqaüdü ödənilən 9 kateqoriya üzrə şəxsləri əhatə edir: “Həmin sənədlərə əsasən,  müvafiq şəxslərə Prezident təqaüdü 2018-ci il martın 1-dən 10 faiz artırılmaqla, şəhid ailələri üçün 220 manatdan 242 manata, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 200 manatdan 220 manata, müharibə və 20 Yanvar əlilləri - I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün 110 manatdan 121 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 110 manatdan 121 manata çatdırılacaq. Həmçinin sosial müavinət alan ümumi səbəblərdən birinci qrup əlillərə də Azərbaycan Prezidentinin təqaüdlərinin gələn aydan 10 faiz artırılması, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 1300 manatdan 1500 manata, Prezidentin fərdi təqaüdünün 1300 manatdan 1450 manata, fəxri adlara görə aylıq təqaüdlərin “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılması nəzərdə tutulur. Qeyd olunan 9 Fərman və Sərəncam Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü ödənilən 60 minədək şəxsi əhatə edir. Onların təqaüdlərinə müvafiq artımın edilməsi üçün cari ilin sonunadək dövlət büdcəsindən  9,7 milyon manat əlavə vəsait ayrılacaq”.

Nazir əlavə edib ki, müharibə və 20 Yanvar əlilləri Prezidentin aylıq təqaüdü ilə yanaşı, əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə şəhid ailəsi üzvləri əmək pensiyası hüquqları olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar ki, dövlət başçısının müvafiq sərəncamları ilə həmin sosial ödənişlərin də artırılması təmin olunub.

Ölkədə geniş əhali kontingentini əhatə edən müavinət sisteminin fəaliyyət göstərdiyini qeyd edən nazir bu sosial ödənişlərin də mütəmadi artırılması üçün dövlət başçısı tərəfindən müvafiq sərəncamların imzalandığını vurğulayıb: “Həmin sərən-camlar nəticəsində 2003-2017-ci illərdə müavinətlərin məbləğində dəfələrlə artım özünü göstərib.  Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2018-ci il tarixli Sərəncamları bu sahədə bu artım dinamikasını cari ildə də davam etdirməyə imkan verib. Bu Sərəncamlarla yaşa, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinətlərin,  uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlərin, beşdən çox uşağı olan qadınlara hər uşağa görə verilən müavinətlərin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin 2018-ci il martın 1-dən 10 faiz artırılması təmin ediləcək. Hər üç sərəncam aylıq və birdəfəlik sosial müavinət alan şəxslərdən ibarət olmaqla, ümumilikdə 560 minə yaxın insana yönələn müavinətlərin artırılmasını nəzərdə tutur və həmin Sərəncamlar üzrə müavinətlərə artımların edilməsi üçün ilin sonunadək 24,9 milyon manata yaxın əlavə vəsait ayrılacaq”.

Nazir onu da bildirib ki, sığorta olunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə və dəfn üçün müavinətlərin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənildiyi nəzərə alınmaqla bu vəsaitin 1,7 mln. manata qədəri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən, qalanı isə dövlət büdcəsindən ayrılacaq: “Bununla da cari ildə bütün növ müavinətlərin artırılması təmin edilir. Eyni zamanda, penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət ödənilir ki, bu sosial ödəniş növünün artımı hər il minimum əmək haqqının artması ilə əlaqədar artır.  Ölkəmizdə minimum aylıq əmək haqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilməsi ilə əlaqədar həmin müavinət də cari ilin əvvəlindən 12,06 faiz artırılaraq 520 manata çatdırılıb. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hazırki fevral ayında pensiya və müavinətlərin, Prezidentin təqaüdlərinin artırılması məqsədilə imzalanan  13 Fərman və Sərəncam ümumilikdə  1 milyon 856 min nəfəri əhatə edir. Həmin Fərman və Sərəncamlara əsasən pensiya və müavinətlərə, Prezidentin təqaüdlərinə müvafiq artımların həyata keçirilməsi üçün ümumilikdə ilin sonunadək 200 milyon manat əlavə vəsaitin ayrılması təmin ediləcək”, - deyə nazir vurğulayıb.

S.Müslümov Azərbaycan prezidenti İlham Əliyevin qeyd olunan fərman və sərəncamlarının ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin (18,75%-nin) rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini və  bu sənədlərdən irəli gələn vəzifələrin icrası işlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tam və vaxtında yerinə yetiriləcəyini vurğulayıb.

Nazir onu da bildirib ki, fevral ayı üzrə bütün pensiyaların maliyyələşməsi başa çatdırılıb, bu gün sonuncu pensiyalar köçürülüb: "Bu pensiyaları vətəndaşlarımız artımla aldılar, həm yanvar, həm fevral aynın artımları onlara çatdırılıb. Mart ayından təbii ki, artıq aylıq məbləğ və həmin 5,7 faizlik artım alacaqlar".

Sonra S.Müslümov jurnalistlərin suallarını cavablandırıb.