Taksiləri və tacirləri soyan “Sədərək” : “Köhnə şubaları Rusiyaya sırıyırıq…”

Taksiləri və tacirləri soyan “Sədərək” : “Köhnə şubaları Rusiyaya sırıyırıq…”
12:38 20-02-2018 | icon 186

“Tək yer pulu olsa nə dərdimiz vardı?! Hər ay əlavə tələblər çıxır. Rəhbərlik də özbaşına deyil ki, yuxarılarda hesab verirlər”.

► “Telefonda “iqra” oynayıb vaxt “öldürürük”

“Sədərək” ticarət mərkəzində işləyən satıcılardan biri – Kamil bizimlə söhbətində belə deyir. O, əlini bazarın başına uzadaraq deyir ki, baxın, müştərini barmaqla göstərmək olar:

“Qabaqlar bazarda hər dükanın qabağında “iynə atsan yerə düşməzdi”. İndi müştəri görəndə hər satıcı az qala qolundan yapışıb öz dükanına dartıb aparır.

Buranın aylıq arenda pulu olsaydı, işləmək asan olardı. Bu dəqiqə o qədər əlavə xərclər, tələblər meydana çıxır ki, danışılası deyil”.

“Sədərək” yarmarkasında obyektin arendası kvadratı 19 manatdan başlayır. Satıcı Malik deyir ki, işıq pulu, mühafizə haqqı, xadimələrin maaşına qədər onlardan alınır:

“Üç günə 22 köynək satmışam. Ancaq onun yarısını mayasına, dəyər-dəyməzə vermişəm ki, mal ayağımda qalmasın. Əvvəlki qazanc yoxdur.

Bazara baxanda görürsən ki, bomboşdur. Bütün günü oturub telefonda “iqra” oynayırıq, videoya baxıb vaxt “öldürürük”.

Arada bir müştəri girib vitrinə göz gəzdirir, qiymətləri soruşur, çıxır gedir. Nəsə satanda ürəyimizdə sevinirik. Vaxt varıydı, axşama qədər müştəri yola salmaqdan yemək yeməyə vaxt tapmırdıq”.

► “Dağıstandan gələnlərin gözü açılıb”

Hazırda “Sədərək” TM-də qış geyimlərinin satışı son günlərini yaşayır. Şuba, palto, kurtka, plaş satanlar deyirlər ki, müştəri nə qiymət söyləsə razılaşırlar.

Çünki həmin malların vaxtı keçir, üzü yaza gedir və mövsüm malları bazara gəlir. Əsasən də şuba satan alverçilər mallarını oktyabr-noyabr ayları ilə müqayisədə ucuz satırlar.

Vidadi adlı satıcı əldə qalan üst qış geyimlərini bir kənara yığıb. Onun sözlərinə görə, şubaları Rusiyaya yola salacaq:

“Dağıstandan gələnlərin gözü açılıb, daha onlara sırıya bilmirik. Ancaq Rusiyanın başqa vilayətlərinə, şəhərlərinə göndəririk, aparıb orda satırlar. Çünk bu şubaları Bakıda artıq heç kəs almaz”.

Ümumiyyətlə, “Sədərək”də qeyri-rəsmi tələblər, çətinliklər, müştəri qıtlığı olsa da, peraşki satandan arabaçıya qədər hamı günə ümidlə başlayır.

Onlar bu gün də çörək pulu qazanacaqlarına inanırlar. Və fikirləşirlər ki, yarmarkanın sahibi Yusif Qədimov azca nəfəslik açsa, obyekt sahibləri daha yaxşı dolanarlar.

► Bazarda “sarı üsyan”

Bu sözü ticarət mərkəzinə müştəri daşıyan taksi şoferləri də söyləyirlər. “Sədərək” Ticarət Mərkəzində çalışan taksilərin bazara girişi 3 manata qaldırılıb.

Taksi sürücülərinin sözlərinə görə, artıq bazara giriş edən bütün taksilərdən 3 manat yığmağa başlanıb. Tələb edilən pulu ödəməyənlərin isə bazara girişinə icazə verilmir.

Sürücülər bildirib ki, onlardan pulu tələb edənlər ticarət mərkəzinin mühafizəçiləridir: “Yanlarında mülki geyimdə bir şəxs də var. Göstərişi o verir. Mühafizəçilər isə pulu tələb edir. Səhər açılandan 3 nəfər şəxs sürücülərdən pul yığır”.

Taksi sürücülərinin sözlərin görə, qiymət artımına etiraz edən bütün sürücülər ticarət mərkəzinin qarşısına yığılıb.

Pulu ödəməkdən imtina edən sürücülərə hədə-qorxu gəlinib, bəzilərinin avtomobilindən “taksi” işarəsini zorla alıblar.

Sürücülər iddia edir ki, məsələnin mediada ictimailəşməsindən sonra mərkəz rəhbərliyi qərarını ertələyib.

Taksi şoferləri qərar bərpa olunarsa, yaxın zamanlarda təzədən toplaşıb etiraz etməyə hazırlaşırlar.

Onu da xatırladaq ki, ötən ilin noyabrında azpolitika.info yazmışdı: “2015-ci ilin payızında keçmiş MTN-də aparılan səs-küylü həbslərdən sonra bazar rəhbərliyi 2-3 ay sahibkarlardan icarə haqqı yığmayıb. Səbəbi izah edilməsə də, bunu “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin keçmş MTN rəhbərliyi ilə yaxın münasibətlərilə bağlayanlar da olub