"Karyeramı Heydər Əliyev sayəsində qurmuşam" - Mübariz Mənsimov

"Karyeramı Heydər Əliyev sayəsində qurmuşam" - Mübariz Mənsimov
16:59 11-02-2018 | icon 489

"Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyə mətbuatına müsahibə verib.

Azərbaycan əsilli türkiyəli iş adamı müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.
 
 - Sizlə bu günə qədər çox görüş keçirmişik. Son dövrlər hər dəfə "Türkiyədən gedirsiniz?", sualını verirəm.

- Məncə artıq soruşmayın. Burdayam və Türkiyəni də çox sevirəm. İşləməyə də davam edirik.
  
- Dənizçilik sahəsində fırtınalar baş verdi. Dünyada da ticari tarazlıqlar dəyişir. Neftin qiymətinin düşməsindən sonra bir çox şirkətlər iflasa uğradı. Sizin işləriniz necədir?

- Bazar dəyişir. Belə olduğu halda dünya ticarətində də dəyişmələr baş verir. Dənizçilik dövlətə bağlı olan sektor deyil. Harada su varsa, orada bu sektor var. Çaylarda da daşınmalar həyata keçiririk. Dənizçilik sektorunun tək rəqibi dəmir yollarıdır. Ən pis zamanlarda belə dənizçilik heç bir zaman öz fəaliyyətini dayandırmır. Neft nəqliyyatı da işini davam etdirir. Etməməsi isə mümkün deyil. Ancaq dənizçilik sektoru hər 10 ildən bir düşmələr yaşayır. Uzun zamandır ki, böhrandadır. Dalğalanmalar hər zaman var.

 - Demək olar ki, 10 il keçir və haqqında söhbət açdığınız müddət bitir. Hazırkı durum necədir?

- 2018 yüksəliş ilidir.
 
 - Bunu nəyə əsaslanaraq deyirsiniz?

- Yeni gəmi sifarişləri verilir və köhnələri yenilənir. Biz zaman-zaman təhlillər edir və dünyadakı limanların ehtiyat həcmini hesablayırıq.
 
- Hədəfə aldığınız yeni bazarlar var?

- Biz Baltik dənizində fəal deyildik, hazırda orada fəallaşmağı nəzərdə tuturuq.

- Siz çox uzun müddət "Lukoil" ilə işlədiniz. Hazırda məhkəməniz var. Digər tərəfdən də "SOCAR" ilə olan əməkdaşlığınız bitdi. Onları itirmək sizə təsir etdimi?
 
- Onlar getdi və digər nəhəng şirkətlər gəldi. Hazırda "Shell", "BP", "Statoil", "Vitol" və dünyanın ən böyük xammal şirkəti "Glencore" kimi şirkətlərlə işləyirik. Bunlar 100 illik tarixi olan şirkətlərdir. Heç bir saxtakarlıq yoxdur və hər şey şəffaf şəkildə görülür. Təəssüf ki, Sovet İttifaqı şirkətlərində hələ ki, bu yoxdur.

- Bağlanılan müqaviləyə əməl edilmədiyi üçün "Lukoil" şirkətini məhkəməyə verdiniz və 2 milyard dollar tələb etdiniz. Hazırkı durum nə yerdədir?

- "Lukoil" yaxşı şirkətdir. 27 il birgə işləmişik. 2005-2010 ili arası üçün bir müqaviləmiz vardı. Bu müqavilə əsasında isə lazımi gəmilər aldıq. Bunun əvəzində də şirkətlə birgə işlər görəcəkdik. Bu aralıqda iş birliyimiz çox gözəl davam etdi, birgə layihələr həyata keçirdik. Bunun üçün 2010-2020-ci il aralığı üçün də iki şirkət arasında olan müqaviləni yenilədik. Lakin 2010-cu ildən sonra müqavilənin şərtlərinə uyğun cavab verilmədi. Mən hələ məhkəməyə müraciət etmədən bu məsələnin qarşılıqlı anlaşma ilə yoluna qoyulmasını istədim. Lakin alınmadı. Məhkəmə prosesi hələ davam edir. Bu haqda mətbuata geniş açıqlama vermişəm.

- Nə zaman bir nəticə almağı gözləyirsiniz?
  
- Proses İngiltərədə Ali Məhkəmədə hələ davam edir. Bizim bu məhkəməni rahat bir şəkildə qazanmağımız lazımdır. Bunun üçün əlimizdə əsaslı sənədlərimiz də var. Ən azı 2019-cu ildə prosesin yekunlaşacağını nəzərdə tuturam.
 
- "SOCAR"la da iş birliyiniz sona çatdı...
 
- "SOCAR"la uzun müddət bir yerdə işlədim. Azərbaycanın Dövlət Neft şirkətidir. Demək olar ki, Palmali onlarla birgə ortaq şirkət yaratdı. 35 faiz hissə bizə məxsus idi. Lakin 3 il öncə iş birliyinə son verdik. Daha müştərək iş görmək istəmirəm. Çünki şərikin varsa, görəcəyin işlər çətindir. Razılaşma yolu ilə yollarımızı ayırdıq. "SOCAR"la heç bir problemimiz yoxdur. Yayılan məlumatlar isə əsassızdır.
 
- Azərbaycan mediasında sizi sevmirlər?

- Müəyyən bir kütlə bizi sevmir. Kim olduqlarını bilirəm və məqsədləri məni zəiflətməkdir. Adımın mənası mübarizə aparmaq deməkdir. Mən mübarizə aparıram. Sakit həyatdan darıxıram. Yalanın ömrü qısa olur. Xalqın gözü həqiqətləri görür. 4 ildir ki, haqqımda yalan yazılar çıxır. Bunu Ermənistan mediası yazsaydı başa düşərdim amma yazan Azərbaycan mediasıdır. Rəhmətlik babam it hürər, karvan keçər deyərdi. Mən sadəcə işimə baxıram.

- Siyasi şəxslərlə yaxınsınız? Buna görə sizi hədəfə alırlar?

- Heydər Əliyevə çox şey borcluyam. Qarabağ müharibəsi, ermənilərlə mübarizə... Heydər Əliyev ölkəni bataqlıqdan çıxartdı. Cəbhədə müharibə dayandı, ordumuz gücləndi. Heydər Əliyev Türkiyə ilə yaxın biri idi. Atatürk heyranı, türk oğlu türk idi. Allah rəhmət eləsin. Süleyman Dəmirəl ilə aralarında olan dostluq münasibətləri iki ölkə arasında mühüm rol oynadı. Onlar birlikdə Bakı-Ceyhan boru xətti layihəsini gerçəkləşdirdilər. İndi bu layihədən hər iki ölkə pul qazanır. Sonsuza qədər də pul qazandıran bir layihədir. Mən isə Heydər Əliyev sayəsində öz karyeramı qurdum. Bizi 12 yaşında xaricə göndərib oxudub, təhsil verdilər. Əliyev Kremldə təhsil alan tələbələri hər zaman dəstəkləyirdi. Həmin tələbələrdən biri də məniydim. Onun sayəsində oxudum. İndi oğlu prezident İlham Əliyevin apardığı siyasəti də dəstəkləyirəm. Növbədənkənar seçkilərin keçirilməsi üçün sərəncam imzalanmasını doğru addım olduğunu düşünürəm.

Mənbə:Sfera.az