Elxan Əzizov: Orqanların alqı-satqısına icazə verilsin

Elxan Əzizov: Orqanların alqı-satqısına icazə verilsin
19:55 12-02-2018 | icon 979

 Biz bəlkə də transplantasiya üçün orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyəti götürsək, yaxşı olar. Bu qanunda kriminal əməl kimi saxlanılıb. Biz bəlkə də buna icazə verməliyik.

Millətinsəsi.info xəbər verir ki, bunu fevralın 9-da Milli Məclisin (MM) Səhiyyə komitəsinin növbəti iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, bir çox hallarda insanlar öz aralarında transplantasiya üçün razılığa gəlirlər: 

“Biz buna göz yumuruq, amma reallıq budur. Bəlkə də buna icazə verməklə orqan transplantasiyası üçün növbədə olanların problemini həll edə bilərik. Buna görə də müəyyən bir çərçivədə buna icazə verilsə, yaxşı olar. Kriminal məqsəd üçün orqanların satılmasına görə isə sözsüz ki, sərt cəzalar olmalıdır”.

E.Əzizov qeyd edib ki, bu gün vacib məsələlərdən biri donorların xəstənin qohumunun olmasıdır: 

“Qanunda bununla bağlı bir məhdudiyyət yoxdur. Vətəndaşlar transplantasiya üçün klinikaya gedəndə qohum olmayanda ondan imtina edirlər. Belə halda, vətəndaşlar Səhiyyə Nazirliyinə müraciət edərək narazılığını bildirirlər”.