Növbədənkənar Prezident seçkisinin səbəbləri nə ola bilər?

Növbədənkənar Prezident seçkisinin səbəbləri nə ola bilər?
10:12 05-02-2018 | icon 586

Bir neçə dəqiqə bundan öncə dövlət başçısı növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzayıb. Növbədənkənar Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olundu. Bu qərarın səbəbləri nə ola bilər?

Öncə qeyd edim ki növbəti prezident seçkilərinin nə zaman keçiriləcəyi ilə bağlı bir neçə nüfuzlu medianın (Turan İA, Amerikanın səsi və s.) suallarna cavab verərkən bunu belə ifadə etmişdim: “2016-cı il Referendumu prezidentə imkan verir ki seçkiləri istədiyi vaxt təyin etsin. Bu qərar sabah da elan edilə bilər, 2020-ci ilədək ertələnməsi də mümkündür. Qərarın qəbulu hakimiyyətin istəyinə, marağına və hətta deyərdim ovqatına  bağlıdır”.

Qanunvericilikdə bu addımın hüquqi əsasları olsa da, praktik olaraq siyasi səbəbləri olduqca maraqlıdır.

 

Hakimiyyəti bu addıma vadar edən nədir? Bir neçə versiya üzərində müzakirə aparmağa çalışaq.

 

1.Sosial böhranın daha da dərinləşməsi, iqtisadi vəziyyətin ağırlaşması seçkilərin payızda keçirilməsinə əngəl yarada bilər?

Nəzərə alsaq ki artıq cəmiyyət sosial böhrana xeyli uyğunlaşıb və hətta daha ağır duruma özünü psixoloji hazırlayıb, deməli, bu tələskənliyi sosial-iqtisadi çətinliyin yüksələcəyindən doğan təşvişə bağlamaq doğru deyil. Əgər böhranın ən kəskin çağında belə hakimiyyətin üzərinə gəlməyə maraq göstərmədisə, deməli, bu amili kənara qoymaq lazımdır. Həm də axı onsuz da total saxtalaşdırmaqla keçiriləcək seçkiyə bu amillərin nə təsiri ola bilər ki? Demokratik ölkə deyilik ki, bu amillər seçkidə siyasi dəyişikliyə səbəb olsun. 

 

2.Ölkə daxilində və xaricində ictimai dəstəyini sürətlə itirdiyinə görə “seçki” məzhəkəsini payiza saxlamağın daha riskli olması ilə bağlıdır?

İctimai rəylə hesablaşmayan, antidemokratik imici üçün narahatlıq keçirməyən, müxalifətlə və xalqla hesablaşmayan bir iqtidar üçün məncə bu amillərin də həlledici təsirindən danışmaq çətindir. Demək olar ki bu iqtidarın keçirdiyi bütün seçkilər beynəlxalq ictimaiyyətin haqlı tənqidlərinə səbəb olsa da hakimiyyəti növbəti saxtakarlıqlardan çəkindirməyib.

 

3.Qarşıda sanksiyaların tətbiqi perspektivindən doğan narahatlıqlar ola bilərmi?

Rusiya hökumət üzvlərinə və oliqarxlara ABŞ-ın tətbiq etdiyi sanksiyaların psixoloji təsirləri təbii ki Azərbaycan hakimiyyətindən də yan keçmir. İriranqlı məmurların əksəriyyəti bu sanksiyalarla bağlı xəbərləri təşvişlə qarşılayıb. Bəzi təhlillərə görə hətta bu mövzuda qapalı müzakirələr də aparılıb. Hakimiyyət hər ehtimala qarşı sanksiya riskini gözə alaraq “seçki”ni daha erkən keçirmək istəməsi mümkündür. Ancaq bu ehtimalı da həlledici saymaq olmur. Çünki, hətta sanksiyalar olsa belə, bu hakimiyyətin dərhal istefa verəcəyi, demokratik islahatlara gedəcəyi demək deyil.

 

4.Seçkidən sonra geniş siyasi-hüquqi islahatlara başlamaq niyyəti ola bilərmi? Xüsusilə də payızda yeni parlament seçkiləri keçirmək ehtimalı varmı?

Şəxsən mənim subyektiv baxışım belədir ki, hakimiyyət cəmiyyətin indiki sükunət halında siyasi islahatlarla özünə baş ağrısı yaratmaq istəməz. Əgər hakimiyyətini bu şəkildə davam etdirməsi mümkündürsə, niyə status-kvonu özü dəyişməli və özünə problem açmalıdır? Cəmiyyətdən nəzərəçarpacaq basqı yoxdursa, hakimiyyətin geniş demokratik islahatlara başlayacağı mənə inandırıcı gəlmir. Ola bilər “seçki”dən qısa müddət sonra cəmiyyətə ən böyük güzəşt bu olacaq ki, təqsirsiz həbsə məhkum edilmiş şəxslərin əhəmiyyətli bir qrupu azad edilsin. Növbədənkənar Parlament seçkiləri keçirmək ehtimalı da istisna deyil. Hələ 2016-cı ilin Referendumundan dərhal sonra bu barədə bəzi informasiyalara əsaslanan təhlili yazı yazmışdım. Hakimiyyət daxilində belə bir mövqe var ki, yeni parlamentə kiçik bir qrup müstəqil və müxalif imicli şəxsləri gətirməklə yerli və beynəlxalq ictimaiyyəti yenidən manipulyasiya etmək mümkündür.

 

5.Qarabağ danışıqları ilə bağlı yaxın aylarda hansısa gözlənilməz addımların atılması və bunun “seçki”yə təsirləri ola bilərmi?

Xeyli vaxtdır bu istiqamətdə Rusiyadan çox məxfi və narahatlıq yarada biləcək informasiyalar sızır. Qarabağla bağlı hazırkı beynəlxalq konyukturun dəyişməsi hələ real görünməsə də, Azərbaycan dövləti öz tarixinin ən zəif və əlverişsiz dövrünü yaşayır. Hakimiyyət ən arzuolunmaz təkliflərə belə müqavimət göstərə bilmir. Yaxşı ki hansı dönəmdə olmasından asılı olmayaraq cəmiyyətin Qarabağla bağlı məsələyə verəcəyi reaksiya hakimiyyəti hələ ehtiyyatlı davranmağa vadar edir. Bu istiqamətdə hansısa yenilik hələ gözlənilmir.

 

6.Təxminən 1 ay sonra Rusiyada keçiriləcək seçkilərlə bağlı ola bilərmi?

Rusiyanın Azərbaycan cəmiyyətinə, xüsusilə də hakimiyyətinə təsirləri elə təxminən SSRİ dönəmindəkinə yaxındır. Ancaq Rusiya son illər özünün ən gərgin siyasi dövrünü yaşayır. Orada nələrin baş verəcəyini indi heç kim təxmin edə bilmir. Zahirən sabit görünən Rusiya, daxilən gizli qaynayır. ABŞ-la qarşıdurmanın, ziddiyyətlərin dərinləşməsi, Avropa bazarlarına çıxışın məhdudlaşması Rusiyanı çətin duruma salıb. Rusiya dövləti bu seçkidə elə bir sürpriz gediş edə bilər ki, onun nəticələri ölkəmizi də təlatümə gətirər. Bu “seçki”nin məhz aprelə təyin edilməsinin, mart ayında Rusiyada keçiriləcək seçki ilə əlaqəsini istisna etmirəm. Rusiyadakı seçki ilə bağlı sonra ətraflı yazarıq.

 

7.Müxalifəti və ya real alternativi hazırlıqsız dillemma qarşısında qoymaq istəyi ola bilərmi?

Təbii ki bu ehtimalı da istisna etmək olmaz. İqtidar maraqlıdır ki  “seçki” prosesində fəallıq aşağı olsun, yalnız özünün müəyyən etdiyi şəxslər və qurumlar namizədliyini irəli sürsün. Müxalifətin etirazlara daha yaxşı hazırlaşmasına imkan verməmək istəyi də görünür.

Ancaq başqa bir tərəfdən, bu gün müxalifətin durumu elədir ki, onun öz gücünə seçki prosesini pozması və ya yeni siyasi proses yaratması mümkün deyil. Həm müxalifətin “seçki”yə yanaşmasında prinsipial fərqlər var, həm də bu prosesi bütövlükdə cəmiyyətin iştirakı ilə yaratmaq olar. Cəmiyyətin yükü yenidən təkcə müxalifətin üzərinə atılacaqsa, heç bir müsbət dəyişiklikdən danışmağa dəyməz.

 

8.Hakimiyyətin daxilində hansısa gizli, çox mühüm və ciddi narahatlıq doğuran bir amillə bağlı ola bilər?

Bu barədə ehtimallarımı hələlik açıq dilə gətirməyi uyğun saymasam da, bu versiyanı önəmli hesab edirəm. Ola bilər ki cəmiyyətə hələlik bəlli olmayan hansısa fors-major situasiya var və bu amil hakimiyyəti tələsdirir. Hakimiyyətin rəsmi namizədi təsdiq edilənədən sonra bu barədə aydın qənaət yaranacaq.

Son olaraq, bu yaşananlar cəmiyyətin fəal kəsimini ruhdan salmamalı, proseslərə maksimum qatqıda olmalıdırlar. Regionumuz və ölkəmiz 3-4 il ərzində çox qaynar qazana çevriləcək. Bu barədə bir müddət öncə də öz təxminlərimi sizə çatdırmışdım.  

İndi qarşımızda duran sual budur, nə edəcəyik, necə edəcəyik? Fikirlərimi başqa bir yazımda ifadə edəcəm.