Ümid edək ki, növbəti cəhd uğurlu alınacaq...

Loading...
Ümid edək ki, növbəti cəhd uğurlu alınacaq...
14:08 08-02-2018 | icon 68

Nadir İsrafilov

 

Milli Məclisin Elm və təhsil komitəsi “Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlamağı planlaşdırır. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu günlərdə keçirilən növbəti iclasında deyib. Onun sözlərinə görə, ötən dərs ili ilə müqayisədə bu il Milli Məclisə təhsil haqları ilə bağlı şikayətlər daha az daxil olub. Bunun səbəbi də təhsil kreditlərinin verilməsi üçün “Maarifçi” Tələbə Kredit Fondunun yaradılması ilə bağlıdır.“ Bu fond vasitəsilə tələbələrə müəyyən dərəcədə kömək göstərilir. Yeri gəlmişkən, Milli Məclisin Elm və təhsil komitəsi “Tələbə kreditləri haqqında” qanun layihəsini hazırlamğı düşünür. Onun sözlərinə görə, “Tələbə kreditləri haqqında” qanun layihəsini hazırlamaq artıq zəruri tələbata çevrilib: “Yaxın perspektivdə bu layihəni hazırlamağı düşünürük. Hazırda bununla bağlı dünya təcrübəsini öyrənirik”.

Bəri başdan deyim ki, Azərbaycanın 2005-ci ildə Bolonya sisteminə qoşulması təhsil krediti ilə əlaqədar məsələni bir az da aktuallaşdırdı.Bu prosesə qoşulan ölkələrin əksəriyyəti, ali məktəb tələbələrinə çox geniş spektrdə tələbə kreditləri ayırırlar. Kreditlər 3-4 faiz, ən yüksək halda isə 5-7 faizlə 15-20 illik müddətə qədər təqdim olunur. Azərbaycanda ödənişli təhsil alan kifayət qədər tələbə var. Ümumi götürdükdə, təhsil haqlarının təxminən, 1000-3000 arasında dəyişdiyini nəzərə alsaq, o zaman vəziyyətin ciddiliyi bir daha göz önünə gəlir. Əgər beynəlxalq təhsil sisteminə inteqrasiyadan söhbət gedirsə, dünyada belə təcrübə geniş yayılıb və mexanizmlər müxtəlifdir. Hansısa təhsil alan bir tələbə 5 illik kredit götürür, 5000 manat və ya dollarla. Bu krediti götürdükdən sonra, tələbə universitetdə təhsil haqqını, ödənişini ödəyir. Təhsilini bitirib işlədikcə, müqaviləyə əsasən, 5, 10, 15, hətta 20 ilə qədər müddətə o pulu qaytarmalıdır.

Bütün bunları nəzərə alaraq, Azərbaycanda da təhsil krediti haqqında qanun layihəsi hazırlanmışdı. Bildiyim qədər layihənin müzakirəsi zamanı kreditlərin maksimum 5 faiz dərəcəsi ilə ayrılması fikri irəli sürüldüyündən təklif sərfəli hesab olunmayıb. Çünki, ölkədə bankların faiz dərəcələri 17-34 faiz arasında dəyişir. Bu və digər səbəblərdən "Təhsil krediti haqqında" qanun layihəsi bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirələrə çıxarmasına baxmayaraq qəbul olunması bu günədək məqbul hesab edilməyib. Hər halda belə bir qanunun qəbul edilməsi ona imkan yarada bilərdi ki, tələbələr heç olmasa ödəniş vəsaitini əldə etməklə təhsil aldıqları müddətdə sosial qayğılardan müəyyən qədər uzaqlaşardılar. Təhsilini bitirib işlədikcə isə borclarını qaytarmaq imkanı əldə edə bilərdilər. Dövlətin də qazancı o olardı ki, ixtisaslı kadr hazırlanır, həmin tələbə fəaliyyət göstərdikcə, ölkənin inkişafına təbii ki, öz töhfəsini verəcək.

Son illər Azərbaycan təhsilində ödənişli formada təhsilin payının artması heç kəsə sirr deyil. Ali məktəblərdə təhsil alan hər üç tələbədən ikisi ödənişli təhsil alır. Amma təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəlirləri ilə müqayisədə çox yüksəkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ali məktəblərə yüksək bal toplayaraq qəbul olmaq şansı əldə edən minlərlə məzun maddi imkansızlıq ucbatından tələbə olmaq imkanından yararlana bilmir. Ödənişlərin yüksək məbləğ ixtisas seçiminə də təsirsiz ötüşmür. Başqa sözlə, imtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradıb. Halbuki, Təhsilə dair Dövlət Strategiyasında tələbə kreditləri məsələsinə önəmli yer verilməsi problemin ciddiliyini bir daha qaçılmaz edir. Düzdür, problemin həlli istiqamətində qismən olsa da müəyyən addımlar atılıb. 

Ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi məqsədilə  2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə 10 dövlət ali təhsil müəssisəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib və fəaliyyətə başlayıb. Artıq, Fondun təqdim etdiyi kredit imkanları 15-ə qədər  ali təhsil müəssisələrinə şamil olunur. Bu müddət ərzində fonda daxil olan 212 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn 118 tələbə ilə ümumilikdə 135 təhsil krediti müqaviləsi imzalanıb. Hazırda ailə başçısını, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud tələbələrə güzəştli şərtlərlə kredit verilir. Kreditlərin faiz dərəcəsi 8 faizdən 6 faizədək dəyişib, onun qaytarılma müddətinin 5 ildən 10 ilədək olduğu müəyyənləşdirilib.

Lakin təəssüf ki, bu Fond o qədər də geniş dairəni əhatə etmir, burda da kifayət qədər baryerlər var ki, tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir. Məsələn, gərək təsisçi universitetlərin birində təhsil alasan, kreditin alınması şərtləri və tələbələrin seçim meyarları,  yaşın 25-dən çox olması, ailəsinin kredit borcu, ailənin aztəminatlı olmasını müəyyən etmək üçün valideynlərinin gəlirləri barədə arayış təqdim olunması,  ailə gəlirinin il ərzində 10 min manatdan çox olmaması, tələbənin hər il kredit götürmək üçün fonda müraciət etməsi, amma onun akademik göstəricisinin müvafiq baldan az olduğu halda ona həmin il kreditin verilməməsi, müraciət və qeydiyyatın yalnız onlayn qaydada aparilması, ən çox pul lazım olan  birinci kurs tələblərinə müəyyyən səddlər qoyulması və s.

Problem ondan ibarətdir ki, Azərbaycanda bankçılıqla məşğul olan sahibkarlar hələ o sistemə tam inanmır. Bu tip kredit verməkdə banklar maraqlı olmur. Əgər tələbəyə kredit verilirsə, o tələbənin ödəmə qabiliyyətindən söhbət gedə bilməz. Bu gün bank qiymətləndirə bilməz ki, o tələbənin və ya gələcəyin mütəxəssisinin ödəmə qabiliyyəti hansı səviyyədədir. Buna görə də hesab etmək olar ki, təhsil krediti bazarının formalaşması mərhələsində dövlət himayəsi və dəstəyi mütləqdir. Təhsil krediti o növ kreditlərdən deyil ki, bu ay götürüb gələn aydan ödəməyə başlanılsın. Bir də ki, əgər ailənin aylıq, illik gəlirləri müvafiq şərtlərdə göstərildiyi kimi yüksək olarsa, kreditə nə ehtiyac ola bilər? 

Sosial yönümlü siyasət yürüdürük, neft kapitalını insan kapitalına çevirmək məqsədini qarşımıza qoymuşuq, ali təhsilin hamı üçün əlçatan olması kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə aparıcı dövlətlərlə rəqabət aparırıq, bu məqsədlə müvafiq balı toplaya bilməyən məzunlara ali məktəblərə daxil ola bilmələri üçün ikinci şans veririk, bir sıra universitetlərdə hazırlıq kurslarının açılmasını planlaşdırırıq, bununla belə yüksək bal toplayib tələbə adını qazanan xeyli sayda məzunumuz imkansızlıq üzündən ali təhsil almaq hüququndan məhrum olur...

Arzu olunardı ki, dünyanın bir sıra ölkələrində olduğu kimi imkanlı iş adamlarımız, kommersiya və biznes strukturlarımız da təhsilimizin bu vacib, taleyüklü məsələsinin həllinə ürəkdən qoşulsunlar, ümumi işimizin xeyrinə öz layiqli tövfələrini versinlər. Bu halda dövlət hesabına oxuyan ödənişsiz əsaslarla təhsil alan tələbələrə də təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər. Çünki, tələbələrimizin yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. bu kimi  ehtiyac və təyinata görə kreditlərə böyük ehtiyacı var.

Ümid edək ki, növbəti cəhd uğurlu alınacaq.

                                                                                                                                  

 

loading...