Mais Ağayev: “Ziya Məmmədovun milyonlar xərclədiyi Mərkəzin işi yenidən qurulur”

Mais Ağayev: “Ziya Məmmədovun milyonlar xərclədiyi Mərkəzin işi yenidən qurulur”
10:12 06-02-2018 | icon 919

“Məqsədimiz insanlarımıza müasir Bakımızın simasına uyğun keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsidir”

 

Ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində İdarəetmə sistemi formalaşdırmaq, nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb. Təəssüf ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə 100 milyon manata yaxın vəsait ayrılan və Prezidentin də iştirakı ilə 2011-ci ilin sonunda açılışı olan Mərkəz ona olan etimadı doğrultmur.

NİİM o vaxtki Nəqliyyat Nazirliyinin nəzdindən çıxarılıb Bakı Nəqliyyat Agentliyinin nəzarətinə veriləndə əksəriyyət sistemin bundan sonra nöqsansız işləyəcəyini düşünürdü. Amma təəssüflə qeyd etməliyik ki, NİİM-in saytı da işləmir, mobil tətbiqeetmə yenilənmir, şəhərdəki tablolar yolun açıq və havanın günəşli olduğunu göstərməkdən başqa heç nəyə yaramır...

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

- Mais bəy, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yarandığı vaxt Bakıda nəqliyyat sistemindəki bir çox problemlərin həll ediləcəyi güman olunurdu. Amma müşahidələr bunların xəyal olaraq qaldığını göstərir... Əksini deyirsinizsə, nəqliyyatın təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində hansı işlərin gördüyünü sadalayın.

- Bildiyiniz kimi, Bakı Nəqliyyat Agentliyi 2015-ci ildən fəaliyyət göstərir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə bundan daha əvvəl qurulub. Bu mərkəzin təyinatı üzrə əhaliyə xidmət göstərməsi üçün Agentlik tərəfindən hazırda kompleks tədbirlər görülməkdədir.

- Paytaxtdakı tıxacların qarşısının alınması üçün NİİM hansı işləri görüb indiyə qədər?

- Bakı Nəqliyyat Agentliyi fəaliyyətinin ilk ilini paytaxtın ümumi nəqliyyat sisteminin təhlilinə yönəltdi və əldə edilən nəticələr əsasında fəaliyyət planı hazırlandı. Bu fəaliyyət planında paytaxtın küçə və prospektlərində tıxaca səbəb olan faktorların aradan qaldırılması ilə bağlıdır. Hazırda 10-dan artıq yol kəsişməsi, küçə və prospektlərdə nəqliyyatın normal axınına maneə yaradan halların aradan qaldırılması ilə bağlı Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhülkəsizliyi Komissiyasına təkliflər verilib. Onlardan bir çoxu təsdiq edilib və hazırda icra mərhələsindədir. Vurğulamaq istərdim ki, təklif edilən həll variantlarının önəmli məqamlarından biri onların az investitsiya ilə başa gəlməsidir.

Bu təkliflər hazırlanarkən NİİM-dən təqdim edilən analitik məlumatlara da istinad edilir. Bununla yanaşı, gün ərzində NİİM tərəfindən zərurət olan yerlərdə yaşıl dalğa tətbiq edilir. Eyni zamanda yollardakı monitorlar vasitəsi ilə sürücülərə müxtəlif istiqamətlərdə yollardakı vəziyyətə dair informasiyalar təqdim edilir. Hava limanı istiqamətində iki avtomagistralda sürət həddinə nəzarət, eyni zamanda yolların vəziyyəti ilə bağlı monitorlar vasitəsi ilə sürücülərə operativ məlumatların çatdırılması da təmin edilir.

- Dayanacaqlarda quraşdırılan Avtobus İnformasiya Terminalları hansı işə yarayır?

- Bildiyiniz kimi, dayanacaqlardakı Avtobus İnformasiya Terminalları 2011-ci ildən istifadəyə verilib. BNA isə 2015-ci ildə yaradılıb. BNA-nın təşəbbüsü nəticəsində terminallardan istifadə edən sərnişinlərin rahatlığı üçün beynəlxalq standartlara uyğun yeni proqram təminatı hazırlanır.

- Ümumiyyətlə, sosial şəbəkələrdə nəqliyyat sistemindəki şikayətlərə, narazılıqlara tez-tez rast gəlirik. Maraqlıdır, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytında (www.niim.az) yaradılan "ictimai qınaq" bölməsinə gün ərzində neçə belə şikayət gəlir?

- Bu sualınıza cavab olaraq bildirmək istərdim ki, hazırda niim.az internet portalı fəaliyyət göstərmir. İstifadəçilərə bunun əvəzinə www.alo141.az multifunksional portal təqdim edilib. Bu portalda Bakı şəhərinin ictimai nəqliyyatından istifadə, eyni zamanda digər əhəmiyyətli məlumatları əldə etmək mümkündür. Hazırda 6 bölmədən ibarət olan saytda əlavə olaraq ictimai qınaq və itmiş əşyalar bölməsinin yaradılması istiqamətində iş aparılır. Bununla yanaşı qeyd etmək istərdim ki, ictimai qınaq məsələsi BNA-nın xüsusi ilə önəm verdiyi məsələlərdəndir.

Biz fəaliyyətimiz döv-ründə dəfələrlə həm sərnişinlərin, həm sürücülərin ümumiyyətlə hərəkət iştiraçılarının yol verdiyi qayda pozuntuları, etik davranış qaydalarına əməl etməmələri ilə bağlı foto və video məlumatları facebook, instagram səhifəmizdə paylaşmışıq. Bu portalın mobil tətbiqinin hazırlanması istiqamətində də iş aparılır.

Məqsədimiz insanlarımıza müasir Bakımızın simasına uyğun keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsidir. Bunun üçün isə İKT-nin imkanlarından maksimum dərəcədə istifadə etmək niyyətindəyik.