Bəxtiyar İslamov: Gəncliyimizin ən böyük xoşbəxtliyi xurafatdan uzaq yaşamasıdır

Loading...
Bəxtiyar İslamov: Gəncliyimizin ən böyük xoşbəxtliyi xurafatdan uzaq yaşamasıdır
17:25 02-02-2018 | icon 60

Millətinsəsi.info “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamovla müsahibəni təqdim edir:

 Gənc olmaq və gənclərlə çalışmaq necə hissdir?

– Gənc olmaq aid olduğunuz cəmiyyətdən, yaşadığınız ölkədən və ümumilikdə sahib olduğunuz dəyərlərdən asılı olaraq dəyişən hissdir. Mənim üçün 22 yaşlı Azərbaycan gənci olaraq bu, ilk növbədə vətənpərvər, dövlətçilik ənənələrinə bağlı, öz milli kimliyinə sadiq və dünyəvi dəyərlərə sahib olmaq deməkdir. Azərbaycan gəncliyi ilə çalışmaq isə özü-özlüyündə böyük məsuliyyət və nailiyyətlərlə dolu uzun bir yol deməkdir. Bu gün Azərbaycan gəncliyi ölkəmizin müstəqilliyi ilə aşağı-yuxarı eyni yaşdadır. Gənc olmasına baxmayaraq, çox böyük uğurlar qazanmış ölkəmiz, əslində, gəncliyimizə bütün meyarları ilə ən gözəl nümunədir. Necə çalışmağın, mübariz olmağın, gələcəyə baxışın nümunəsidir.

 Milli dəyərlərin qorunub-saxlanılması, miras olaraq ötürülmüəsi və inkişaf xəttinin formalaşmasında gənclərin rolunu nədə görürsünüz? 

– Bu, gənclərin üzərinə düşən ən vacib vəzifələrdəndir, deyə bilərik. Gənc təkcə mənsub olduğu cəmiyyətin dəyərlərini daşımır, bunu əks etdirir, ötürür və yaşadığı müasir dövrə uyğunlaşdırır. Yeni dövrlə uyğunlaşma kifayət qədər vacib amildir, lakin bu, qəti şəkildə milli dəyərlərin mahiyyətinə zərər vurmamalıdır. Ölkə olaraq böyük tarixi keçmişə, milli və dövlətçilik ənənələrinə sahibik. Bu, sahibliyin əsas daşıyıcısı da, qoruyucusu da gənclərdir.

– Könüllük fəaliyyətinin, eləcə də, Qeyri-Hökumət Təşkilatlarında iştirakın gənclərin formalaşmasında hansı təsirləri var?

– Könüllü fəaliyyət bir gəncin formalaşmasında, gələcək karyerasında, eləcə də, maraq dairəsini formalaşdırmaqda əvəzsiz rol oynayır. Gənc könüllü olaraq çoxşaxəli təcrübə, iş bacarıqları və geniş əhatə qazanır. Əlbəttə, bunlar ilk baxışdan nəzərəçarpan tərəflərdir. Könüllü fəaliyyətin ən böyük qazancı fəaliyyətin təşkil olunduğu cəmiyyətdir. Könüllülük prinsipləri istənilən cəmiyyətin formalaşmasında, inkişafında çox önəmli amildir. QHT-lərin başlıca fəaliyyət istiqamətləri cəmiyyətdəki bir çox həssas mövzularla bağlıdır. Bu mövzularla bağlı görülən işlərin də mütləq əksəriyyəti könüllü fəaliyyətə ehtiyac duyur. Buna görə də gənclər təşkilatlarında iştirak həm cəmiyyətdəki bir çox məsələlərlə bağlı mövqe bildirmədə, həm də könüllü fəaliyyətin təşkilində olduqca mühümdür. Burada, şübhəsiz ki, gənclərlə paralel gənclər təşkilatlarının da üzərinə böyük pay düşür. Gənclər təşkilatları öz fəaliyyət mexanizmlərini mövcud tələblərə uyğun qurmalı, gənclərin iştirakçılığına geniş şərait yaratmalıdılar. 

 Gənclərin fəallığının artmasında digər stimulverici amillər hansılardır?

– Azərbaycanda gənclərin fəaliyyətinə, özlərini inkişaf etdirməsinə və ölkənin ictimai həyatında birbaşa iştirakına hər cür şərait var. Az ölkədə gənclər üçün bu qədər geniş imkanlar yaradılıb. Nəzərə alsaq ki, bir gəncin gördüyü işin nəticəsindən daha çox, o nəticəyə verilən qiymət daha həvəsləndirici və stimullaşdırıcı amildir, bu gün Azərbaycan gənci bu diqqət və qiyməti tam şəkildə öz üzərində hiss edə bilir. Əlbəttə ki, vətəndaş cəmiyyəti də gənclərin fəaliyyətinin qiymətləndirilməsində öz üzərinə düşəni icra etməlidir.

– Müsbət nəticə əldə olunması istiqamətində “ASAN Könüllüləri” Təşkilatının hansı meyarları var?

– “ASAN Könüllüləri” Təşkilatı artıq dörd ildən çoxdur ki, fəaliyyət göstərir. Bu gün səkkiz bölgədə fəaliyyət göstərən 12 nümayəndəliyimizdə 14.000-dən çox gənc birləşib. Bu böyük könüllülər ailəsini birləşdirən başlıca dəyərlər var ki, bugünədək icra olunan bütün layihələr, həyata keçirilən bütün təşəbbüslər bu dəyərlərə əsaslanıb. Vətənpərvərlik, dövlətçilik, bilik və dünyəvilik kimi anlayışlar elə bizim müsbət nəticələrimizin əsas meyarıdır. Hesab edirəm ki, istər qurum-təşkilat olaraq, istərsə də fərdi şəkildə, əgər görülən iş sağlam dəyərlərə əsaslanırsa, nəticənin müsbət olması qaçılmazdır.

 Ölkəmizdə dövlət tərəfindən aparılan gənclər siyasəti, gənclərə mövcud diqqət və qayğı siz gənclərin qarşısında hansı məsuliyyət yaradır?

– Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Azərbaycan gəncliyi qarşısında bir sıra mühim vəzifələr qoymuşdu. Elə bugünkü sağlam gəncliyimizin formalaşmasında da bu vəzifələrin müstəsna rolu var. Cənab prezident İlham Əliyev tərəfindən hər zaman gənclərin fəaliyyətinə yüksək diqqətin göstərilməsi, həyata keçirilən dövlət proqramları, yaradılan infrastruktur birbaşa olaraq ölkə başçısı tərəfindən gənclərə olan həssas münasibəti ehtiva edir. Bu gün Gənclər və İdman Nazirliyi, Gənclər Fondu gənclərin hər bir ideyasında, təşəbbüsündə  onlara hər cür dəstəyi, şəraiti yaradır. Ötən il Prezident Administrasiyasında Gənclər Siyasəti və İdman Məsələləri şöbəsinin yaradılması da gənclərə olan dəstəyin bir daha sübutu idi. Əlbəttə ki, Azərbaycan gəncliyi də bu yüksək diqqətə layiq olmaq üçün fəaliyyətini daha da genişləndirməli, atdığı hər addımda ölkə maraqlarını düşünməli, dövlətçilik prinsiplərini özünün fəaliyyətində ən ali səviyyədə əks etdirməlidir. Bu, bir vətəndaşlıq məsuliyyəti və borcudur.

 Artıq “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının icrasına başlanıb, proqramda Azərbaycan gəncliyinin formalaşması və inkişafı istiqamətində bir sıra tədbirlər planı hazırlanıb. Bu proqramın müsbət nəticələnməsində gənclərin və gənclər təşkilatlarının üzərinə hansı vəzifələr düşür?

– “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramı bugünədək reallaşdırılmış proqramların əldə olunmuş uğurlu nəticələrinin unikal davamıdır. Bu proqramda Azərbaycan gəncliyi üçün müasir dövrün bütün vacib tərəflərini əhatə edən istiqamətlər, o cümlədən milli-tarixi dəyərlərimiz və dövlətçilik prinsiplərimiz xüsusi olaraq qeyd olunub. Nə qədər dövlət qurumları bu proqramın icrasında əsas rola sahib olsalar da, gənclər təşkilatları da birbaşa olaraq öz fəaliyyətlərində bu proqrama əsaslanmalı, onun icrasında birbaşa iştirak etməlidirlər. Belə olduğu halda gənclər onlar üçün yaradılan bu imkanlarla daha yaxından tanış olacaq, bu təşəbbüslərdə daha aktiv iştirak edəcəklər. 

 Bu gün gənclər günüdür. Gənclərə öz təbrikinizi və arzularınızı çatdırardınız...

– Bu gün dünyanın bir çox yerlərində müxtəlif dairələrin maraqları naminə bombalar partlayır, qızğın münaqişə ocaqları yaranır. Müxtəlif üsullardan istifadə edilərək gənclər münaqişə ocaqlarının mərkəzinə atılır. Bununla da cəmiyyətin gələcəyi olan qüvvələr məhvə məhkum olunur. Azərbaycan gəncliyinin ən böyük xoşbəxtliyi xurafatdan, dini radikalizmdən uzaq, öz adət-ənənəsinə ən yüksək şəkildə diqqətin olduğu, dünyəvi dəyərlərə sahib bir mühitdə, ölkədə yaşamasıdır. Bu stabilliklə paralel gənclər hər cür inkişaf imkanına sahibdirlər. Mən də bir gəncəm. Bütün gəncliyimizə bu imkanlardan düzgün yararlanmağı, çıxdığımız bu yolda dəyərlərimizlə ölkəmiz və millətimizi ən ali şəkildə təmsil etmək şərəfini arzulayıram.

loading...