Səyavuş Heydərov: “İraq və Suriyadakı döyüşlərdə 300-dən çox azərbaycanlının öldüyü barədə məlumat var”

Səyavuş Heydərov: “İraq və Suriyadakı döyüşlərdə 300-dən çox azərbaycanlının öldüyü barədə məlumat var”
21:07 29-01-2018 | icon 229

2017-ci ildə dini etiqad azadlığını pozan 162 nəfər müəyyənləşdirilib

 

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda bu qurumların Nəsimi, Yasamal və Nərimanov rayonlarındakı yerli strukturlarının məsul nümayəndələri, prokurorlar iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini S. Heydərov radikal təsirə məruz qalmış insanlar ətrafında sosioloji, psixoloji, teoloji və hüquqi anlamda reabilitasiya işlərinin gücləndiriləcəyini bildirib: "Müəyyən güc mərkəzləri maraqlarını təmin etmək üçün din amilindən istifadə etməyə qərar veriblər və islam dinini radikalizmlə eyniləşdirməyə çalışırlar. Azərbaycanda tolerantlıq modeli mövcuddur, ancaq bunu qəbul etməyən dövlətlər, qüvvələr var, kənar dini ideologiyaları Azərbaycana gətirmək istəyir, buna səy göstərirlər. İlk növbədə preventiv tədbirlərə, maarifləndirməyə üstünlük verilməlidir ki, uşaqlar, gənclər dini ekstremist ideologiyaların təsiri altına düşməsinlər. Din gənclərin daha vətənpərvər olmasına, vicdanlı mütəxəssis olmasına xidmət etməlidir. Bu məsələdə həddən artıq ayıq olmalıyıq. Azərbaycanda dinin siyasiləşdirilməsi cəhdlərinə də rast gəlirik. Bu da göstərir ki, biz də sığortalanmamışıq və bu kimi hallara qarşı aktiv mübarizə aparmalıyıq. Radikal dini ideologiyaların Əfqanıstana, Orta Asiyaya, Şimali Qafqaza köçürülməsi cəhdləri var. Bunun üçün isə Azərbaycanı yol kimi görürlər".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Suriya və İraqda radikal dini təsirlərə məruz qalmış 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğu müəyyənləşdirilib.

Səyavuş  Heydərov deyib ki, bir uşaq artıq ölkəyə gətirilib, reabilitasiya prosesinə cəlb olunub: "19 uşaq da müəyyənləşdirilib, yaxın vaxtlarda onlar ölkəyə gətirilərək psixoloq, ilahiyyatçı və digər mütəxəssislərin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaq. Suriya və İraqda radikal dini qruplaşmaların tərkibində döyüşən 300-dən artıq azərbaycanlının həlak olduğu barədə məlumatlar var ".

S. Heydərov deyib ki, radikal qrupların tərkibində döyüşlərdə iştirak etmiş 92 nəfər Azərbaycanda məsuliyyətə cəlb olunub: "İraq və Suriyada bu qrupların tərkibində iştirak etmiş 260 nəfər də müəyyənləşdirilib və onlar vətəndaşlıqdan çıxarılıb".

Azərbaycanın güclü dövlət olduğunu və güclü rəhbərinin olduğunu vurğulayan S. Heydərov dinlərarası dialoq və multikulturalizmlə bağlı Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlərin, Azərbaycanın müəllifi olduğu "Bakı prosesi" kimi proseslərin böyük əhəmiyyəti olduğunu qeyd edib: "Radikal dini qruplar sosial şəbəkələrdən, maddi həvəsləndirmə üsullarından istifadə edərək uşaqlarımızı, gənclərimizi zəhərləməyə çalışırlar. Sosial şəbəkələrdə belə zərərli təhdidlər günün 24 saatı ərzində mövcuddur. Sonrakı mərhələdə isə onlara zərərli dini ədəbiyyatlar verilir. Əgər bir ailədə bir övlad əvvəlki dostları, əhatə dairəsi ilə əlaqəsini kəsirsə, deməli, artıq zərərli təsirə düşməkdədir. Bu halda ailə övladının bu zərərli təsirdən uzaqlaşdırılması üçün addım atmalı, övladını onlardan uzaqlaşdıra bilmirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir".

Baş Prokurorluğun nü-mayəndəsi Rauf Məmmədov bildirib ki, 2012-ci ildən başlayaraq müəyyən radikal qrupların təsirinə düşən müəyyən gənclər Pakistan, Suriya və İraqda radikal qruplara, terrorçulara qoşularaq döyüşlərdə iştirak ediblər. Bununla bağlı Cinayət Məcəlləsinə müvafiq maddələr əlavə edildiyini bildirən prokurorluq əməkdaşı dindar kütlənin siyasiləşdirilməməsi istiqamətində fəal iş aparılmalı olduğunu vurğulayıb.

R. Məmmədov deyib ki, Azərbaycanda zərərli vəhabi cərəyanının nümayəndələri çox deyil, bu zərərli cərəyan müəyyən dövlətlərin QHT-lərinin 1993-1994-cü illərdə qaçqın və məcburi köçkünlərə humanitar yardım adı altında pərdələnərək fəaliyyət göstərməsi nəticəsində yayılmağa başlayıb: "İran kimi ölkələrdə dini təhsil alanlar da, bu dövlətlərin xüsusi xidmət orqanlarının təsiri altına düşür və zərərli fəaliyyətlə məşğul olur. Ona görə də qanunvericilikdə xarici ölkələrdə dini təhsil alanların fəaliyyətinin məhdudlaşdırılması barədə müddəalar qəbul edildi".

Seminar-müşavirədə Daxili İşlər Nazirliyinin Baş  ictimai təhlükəsizlik idarəsinin rəis müavini Oktay Tağıyev bildirib ki, keçən il dini etiqad azadlığını pozan 162 nəfər müəyyən edilib.

O. Tağıyev bildirib ki, həmin şəxslərdən 2 nəfəri cinayət məsuliyyətinə cəlb olunub: "2 nəfərlə bağlı prokurorluq orqanlarına müraciət olunub. Həmin şəxslərdən 3 ədəd tüfəng, 585 ədəd zərərli dini ədəbiyyat götürülüb. Görül-müş tədbirlər nəticəsində inzibati məsuliyyətə cəlb olunmuş şəxslərdən 2 nəfər inzibati həbs edilib, 52 nəfər 86 min manat məbləğində cərimələnib, 73 nəfərə xəbərdarlıq olunub. 4 azyaşlı barədə materiallar yerli icra hakimiyyəti yanında komissiyalara göndərilib".

O. Tağıyev 2017-ci ildə Azərbaycanda yaşamaq hüquq verən sənədləri olmadan ölkədə yaşayan 144 əcnəbi müəyyənləşib: “Həmin şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. 17 nəfər ölkə hüdudlarından kənara çıxarılıb, 127 nəfər müvafiq tədbirlər görülməsi üçün Dövlət Miqrasiya Xidmətinə göndərilib”.