“QƏLƏM” YAZARLAR BİRLİYİ “TƏZADLAR”A TƏHDİDİ
PİSLƏYİR

“QƏLƏM” YAZARLAR BİRLİYİ “TƏZADLAR”A TƏHDİDİPİSLƏYİR
23:04 12-01-2018 | icon 672

“XXI əsrin Azərbaycanında vətəndaşı, jurnalisti, redaksiya kollektivini benzin töküb yandırmaqla hədələmək mövcud qanunlara sayğısızlıqdan və adekvat cəza tədbiri görülməyəcəyinə əminlikdən irəli gəlir, eyni zamanda, hüquqi dövlətin qurulduğu, inkişafda olan, demokratik dəyərlərə söykənən ölkəni linç-məhkəmələrin meydan suladığı orta əsrlərə qaytarmaq cəhdi kimi dəyərləndirilməlidir...”

  “Qələm” Yazarlar Birliyinin “Təzadlar” qəzetinin Baş redaktoru Asif Mərzili və həmin nəşrdə çalışan jurnalistlərə ünvanlanan təhdid dolu mesajlara etiraz olaraq yaydığı bəyanatda belə deyilir. Yaradıcılıq qurumu böyük təəssüflə bildirir ki, artıq bu kollektivlə bağlı oxşar cinayətlər – açıq mətnlə hədələmə və şəxsi əmlakın qəsdən məhvi iki dəfə baş verib, zərərçəkənlərin müvafiq polis şöbələrinə ərizə ilə, hüquq-mühafizə orqanları rəhbərlərinə məktubla müraciətləri isə nəticəsiz qalıb:

   “Aldığımız məlumata görə, iddianın icraata qəbuluna, əməliyyatçıların, müstəntiqlərin dəfələrlə redaksiyada olmalarına, müəyyən istintaq hərəkətlərinin aparılmasına baxmayaraq, cinayətkarlar və cinayətin sifarişçiləri nədənsə hələ də məsuliyyətdən yayına biliblər, bu da onlara daha çox əl-qol açmaq imkanı yaradıb, yeni zorakılıqlar törətməyə həvəsləndirib.”

   Olayların məhz bu cür arzuolunmaz məcraya yönəlməsindən narahatlığını vurğulayan bəyanat müəllifləri sözügedən halların cəmiyyətdə həyacan, qorxu, çaşqınlıq formalaşdırdığı, normal iş şəraitini pozduğu qənaətindədirlər: “Hansı ki, “Təzadlar” qəzetinin rəhbərliyi və əməkdaşları da lazımi şərait olmadığına, həyatları təhlükə qarşısında qaldığına görə belə bir addım ataraq fəaliyyətlərini dayandıracaqlarını artıq bildiriblər.”

   

“Qələm” Yazarlar Birliyi sonda məsələnin ciddiliyinə bir daha diqqət çəkib və müvafiq qurumları bununla əlaqədar ciddi ölçü götürməyə çağırıb.

Qurban Cəbrayıl