Xalqın sosial rifahının pisləşməsinin günahkarı kimdir?

Xalqın sosial rifahının pisləşməsinin günahkarı kimdir?
10:10 06-01-2018 | icon 474

Tahir ABBASLI

Qiymətləri şişirdib xalqın rifanını pisləşdirən məmur-oliqarxlar, bəsdirin!

 

Dünyada qanlı qarşıdurmaların getdiyi indiki çətin məqamda Azərbaycanda müşahidə olunan zahiri sabitliyin hökm sürməsi təqdirəlayiqdir. Lakin haqqında məmnunluqla danışdığımız zahiri sabitliyin içərisində insanları heyrətə gətirən, dəhşətli hadisələrə səbəb ola biləcək xeyli ciddi və kəskin problemlər hər an ölkəmizin sakit ahəngini pozmaq gücünə malik olduğunu da inkar etmək mümkün deyil. Ölkəmiz xarici düşmənlərin hər məqamda endirməyə cəhd etdiyi müdhiş zərbələrdən cənab Prezidentin qətiyyətli iradəsi ilə hər dəfə uğursuzluğa düçar olsa da, daxili düşmənlərimizin dövlətimizə və xalqımıza vurduğu hədsiz ziyanların qarşısını almaq hələ də mümükün deyil. Çünki xarici düşmənlərin dövlətimizi saraıtmağa yönələn hərəkətlərini nə qədər çətin olsa da, izləmək mümükün olduğu halda, daxili düşmənlərimizin dövlətimizə və xalımıza vurduğu misilsiz ziyanların qarşısını almaq və ya zərərsizləşdirmək o qədər də asan deyil.

Hər bir dövlət üçün daxili düşmənlərin xarici düşmənlərdən nə qədər təhlükəli olduğunu tarix çoxdan sübut edib. Tarixi hadisələri, xəyanətləri, məğlubiyyətləri təhlil edib, əsl həqiqətləri üzə çıxaran tarixçilərimizin əldə etdikləri nəticələr də sübut edir ki, insanlığın mövcud olduğu bütün dövrlərdə xarici düşmənlər daxili düşmənlərlə əlbir olmadan hər hansı dövlətin çökməsinə və işğalına nail olmamışlar. Tarixdən hər kəsə yaxşı məlum olan imperiyaların yaradılması təcrübəsi dediklərimizə əyani sübutdur. Bizans imperiyasının, Ərəb xilafətinin, Osmanlı imperiyasının, Monqol-tatar imperiyasının, anqliosaksların, ispanların və digər imperiyalistlərin zaman-zaman dünyada qurduqları imperiyaların yaradılması xüsusiyyətləri ilə tanış olarkən, ölkə üçün daxili düşmənlərin (xəyənatkarların) xarici düşmənlərdən nə qədər təhlükəli olduğunun şahidi olmuşuq. Bu araşdırmaların nəticələri bir məsələni də aşkar edir ki, xarici düşmənlər həmişə rəqib dövlətin yüksək çinli məmurlarının xəyanətlərindən bəhrələnərək, zəfər qazanmağın ən yaxşı vasitələrindən birini tapmışlar.

Azərbaycanın müstəqil gənc dövlət olmasına, insanlarda iman, vətəndaş və vətənpərvərlik hisslərinin hələ də zəif olmasına rəğmən, ilk illər hakimiyyətin daxilinə yerləşdiriləcək məmurların sadiqlik prinsipi ilə seçilməsi olduqca vacib şərtə çevrildi. Bəzən, gənc dövlətdə müxalifətdə dayanıb siyasətlə məşğul olan və demokratiyanın, birdən-birə Elçibəysayağı, həddindən çox önə çəkilməsini tələb edənlər, bunun dövlət üçün nə qədər təhlükəli olduğunu başa düşmək istəmirlər, hakimiyyəti tənqid hədəfinə çevirərək, xarici düşmən qüvvələrin əlinə, bilərəkdən və ya bilməyərəkdən, ipucu verirlər ki, buna da haqq qazandırmaq mümkün deyil. Əslində, biz bunun acı nəticələrini mərhum Prezident Əbülfəz Elçibəyin bir il sürən və hərc-mərclik üzündən iflas edən hakimiyyətinin nümunəsində çox aydın gördük. Amma xalqın israrlı dəvəti ilə hakimiyyətə gələn mərhum ümummilli lider Heydər Əliyevin böyük dövlət quruculuğu təcrübəsinə istinad edərək, ölkədə beynəlxalq hüquqa əsaslanan və xalqın rifahına, dövlətin möhkəmlənməsinə yönəlik ciddi addımlar atması Azərbaycanda müstəqil güclü dövlətin qurulması ilə nəticələndi.

Demokratik seçkilərin və xalqın böyük dəstəyi ilə 2003-cü ildə atasını əvəz edən cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk illərində hər kəsə mərhum ölkə Prezidenti H. Əliyevin dövlət quruculuğu kursuna tam sadiq olduğunu təsdiq etdi və xalqın onu Prezident seçərkən heç də səhv etmədiyini bir daha təsdiqlədi. Artıq son 14 ildə Azərbaycanın hansı zəif dövlətdən, hansı güclü, dünya miqyasında böyük nüfuz qazanmış dövlətə çevrildiyini isbat etməyə ehtiyac da yoxdur, dostlarımız güclü dövlətimizə böyük rəğbətlə yanaşır, hətta düşmənlərimiz də əlacsız qalıb bu uğuru təsdiq edirlər. Azərbaycanın dünyanın idman, mədəniyyət, siyasət, din, tolerantlıq, multikulturalizm paytaxtına çevrildiyini tək özümüz yox, həm də bütün dünya etiraf edir.

Yuxarıda qeyd etdiyim bütün müsbət məqamlara baxmayaraq, müstəqillik qazanmış ölkəmizdə hazırda xalqın durumu fəlakət həddinə çatıb,-desəm şübhə etməyin! Konstitusiyaya və mövcud qüvvədə olan qanunçuluğun əksinə olaraq, ölkəmizdə azad bazar iqtisadiyyatının olmaması, inhisarçılığın, məmurların biznes fəaliyyətinin, bütün dövlət strukturlarında rüşvət və korrupsiyanın, məmur özbaşınalığının, qohumbazlığın, yerlibazlığın hədsizlik zirvəsinə yüksəlməsi, çox aşağı olan əmək haqqlarının və təqaüdlərin hər an yüksələn bazar qiymətlərindən qat-qat aşağı olması nəticəsində xalqın rifahının çox pis, bəlkə də acınacaqlı duruma düşməsi hər bir vətəndaşımızı haqlı olaraq ciddi narahat edir.

Bundan əlavə, son illər MTN-nin sabiq rəhbəri Eldar Mahmudov və onun tabeliyində olan yüksək çinli generalların məqsədli şəkildə cinayətkarlıqla məşğul olmalarının, sabiq Rabitə, İnformasiya və Texnologiyalar naziri Əli Abbasov və onun tabeliyində olan yüksək vəzifəli şəxslərin cinayətkar korrupsiya əməllərinin aşkar edilib ifşa edilməsi, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun bəd əməllərinin sakit ifşa olunması və nəticədə nazirliyin ləğv edilməsi, nazir və qohum-əqrabadan ibarət olan ətrafının səssiz-səmirsiz ortadan qeyb olması, bu yaxınlarda isə, Vergilər naziri Fazil Məmmədov və nazirliyə topladığı qohum-əqrabasının heç bir səbəb göstərilmədən tutduqları vəzifədən sakitcə kənarlaşdırılması, ölkədə fəaliyyət göstərən bank sisteminin iflasa uğraması, son illər Beynəlxalq Bank vasitəsi ilə külli miqdarda dövlətə məxsus pulun ( təxminən 16 milyard manat) xaricə aparılması və mənimsənilməsi, Səhiyyə və Təhsil nazirliyi sistemində rüşvətxorluğun və korrupsiyanın açıq forma alması, bunun nəticəsində vətəndaşlara pulsuz təhsil almaq və tibbi xidmət göstərilmək anlayışlarının faktiki olaraq sıradan çıxarılması xalqın hakimiyyətə və dövlətə bəslədiyi inamı, etibarı kökündən sarsıtması təhlükəsi yaranıb.
Azərbaycanda daxili düşməndən söz açanda, xalq təbii olaraq yalnız məmur-oliqarxların və onların əhatəsində olanların adlarını tərəddüd etmədən çəkir və hətta hazırkı məmurları, xüsusən icra başçılarını rüşvət və korrupsiya əməllərinə görə, rusların xalq epopeyası adlanan “İqor polku haqqında dastan”da təsvir olunmuş ədalətsiz və xalqı talayan Çar canişinləri ilə eyni dəyərləndirir. Bu hal olduqca ciddi və düşündürücüdür. Hakimiyyətin “müxalifət yoxdur və ya gücsüzdür” şüarı yalnız özünü aldatmaqdır, xalqa və Prezidentə qarşı məmurlar ordusu tərəfindən gizli törədilən açıq xəyanətdir. Apardığımız bütün sorğuların, alınan rəylərin hamısı XALQın hakimiyyətdən ciddi şəkildə narazı olduğunu təsdiq edir.

Buna görə də XALQ ölkə Prezidenti cənab İlham Əliyevə məmurların xalqın durumunun yaxşı olması və hakimiyyəti tam dəstəkləməsi barədə verdikləri saxta və yanlış məlumatlara etimad etməməsini, yalnız ölkə Prezidentinə çox böyük ümid bəslədiyini və Xalqı pis sosial duruma salmış rüşvətxor, korrupsioner, dağıdıcı, hər sahədə həddini aşmış məmurları tezliklə cəzalandıracağını, ölkədə xalqın sosial rifahının yaxşılaşması üçün yaxın zamanda normal şərait yaradıcığını arzu edir!

Nəhayət, XALQ bundan əvvəlki seçklərdə olduğu kimi, bu il keçiriləcək növbəti prezident seçkilərində də ölkə Prezidenti cənab İlham Əliyevə güclü dəstəkvermə vədinə sadiq qalacaq, Azərbaycanın daha da güclü dövlətə çevrilməsi və işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində göstərdiyi qətiyyətli iradəsini həyata keçirmək üçün uğur arzulayır!  
Biz də bu gözəl arzuya qoşuluruq!