İcra başçısı mərhum anasının adına olan torpaq sahəsini necə genişləndirib? (FOTOFAKT)

İcra başçısı mərhum anasının adına olan torpaq sahəsini necə genişləndirib? (FOTOFAKT)
13:00 13-10-2017 | icon 296

Azərbaycanın ərazi bütövıüyünü müdafiə edərkən şəhid olan Elşad Fazil oğlu Məmmədovun ailəsinin İsmayıllı rayon Topçu kəndində yaşadığı evə qaz xəttinin çəkilməməsi ilə bağlı şəhid ailəsinin şikayəti əsasında hazırlanmış məqalənin işıq üzü görməsindən çox keçsə də, problem həll olunmamış qalır.

Əvəzində isə bəzi məmur müdafiəçilərinin hücumuna məruz qaldıq və bizi şəhid ailəsinin adından istifadə etməkdə ittiham etdilər. Məmur müdafiəçilərinin əsas arqumenti ondan ibarət oldu ki, qaz çəkilişinə İcra Hakimiyyəti məsul deyil. Ancaq bu məmur müdafiəçiləri bilmirlər ki, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri də şəhid ailəsinin evinə qaz xəttinin çəkilişi üçün yerli icra orqanlarının lazımlı sənədlərin hazırlanmadığı üçün heç bir fəaliyyət göstərmirlər.

Gürcüstanda erməni kilsələrini pulsuz qazla təmin edən bir qurumun, tabeçiliyində olan “Azəriqaz” İstehsalat Birliyinin şəhid ailəsinin evinə qaz xəttinin çəkilməsini hansısa sənədlərlə bağlaması bağışlanan münasibət deyil. Ancaq özünü prezidentin səlahiyyətli nümayəndəsi hesab olunan şəxsin, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun münasibəti də heç bir məntiqə sığmır. Onun müdafiəçilərinə cavabımızda vəd etmişdik ki, İsmayıllı rayonun məmurların bəzi əməllərini sənədlər əsasında ifşa edəcəyik. İndi isə həmin vədimizə sadiq qalaraq əldə etdiyimiz məlumatı oxucularımızla paylaşırıq.

AzToday.az-da İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqovun doğulduğu kəndin, Lahıc qəsəbəsinin giriş hissəsində 20 hektar torpaq sahəsinin hasarlatdığı haqqında məlumat vermişdik. Bu məlumat da şübhə altına alınırdı. İndi isə əldə etdiyimiz bəzi sənədlər bu məlumata aydınlıq gətirmək baxımından çox önəmli sayıla bilər. Həmin sənədlərin birində icra başçısı Mirdamət Sadıqovun anası Sadıqova Fatma Orucalı qızının adına Lahıc qəsəbəsi ərazisində 0.16 hektar torpaq sahəsinin olduğu göstərilir. Qəsəbədə torpaqları olan şəxslərin siyahısında adı 101-ci şəxs kimi qeyd edilən Fatma Sadıqovanın 0.14 hektar torpaq olmasını təsdiq edən sənədin üzərində İcra Hakimiyyətinin Lahıc nümayəndəsi F.Haqverdiyevin və Lahıc Bələdiyyəsinin sədri M.Ağabalıyevin imzası və möhürü var.

İddialara görə, əslində bundan əvvəl Fatma Sadıqovanın adına cəmi 0.08 hektar torpaq olub. Ancaq Mirdamət Sadıqov icra başçısı təyin olunandan sonra ərazi 0.14 hektara çatdırılıb. Bu iddianı təsdiq etmək üçün sənədlərə malik olmasaq da, həmin 0.14 hektarın 0.24 hektara çatdırıldığın təsdiq edən sənədlər var. Buna şübhə edənlər isə aidiyyatı qurumlara sorğu verib, həqiqəti üzə çıxara bilərlər. Həmin genişlənmə əməliyyatının icra başçısından xəbərsiz baş verməsinə isə inanmaq mümkün deyil.

Bu barədə AzToday.az-a verilən məlumatda bildirilir ki, Lahıc qəsəbəsinin girişində hasarlanmış böyük ərazi də məhz həmin 0.24 hektar sahəni də əhatə edir. Həmin hasarlanmış ərazinin sənəd üzərində mövcud olmadığı güman edilir. Hasarlanmış həmin ərazinin dəqiq nə qədər sahəni əhatə etdiyi tam bilinməsə də, bəzi şəxslər 20 hektar olduğunu iddia edir. Sənədlər əsasında əvvəlcə 0.14, sonra isə 0.24 hektara çatdırılan ərazinin Fatma xanımın vəfatından sonra oğlu Mirdamət Sadıqovun adına keçdiyi ilə bağlı da hələlik təsdiqləyə bilmədiyimiz məlumat var. İsmayıllıda torpaq alqı-satqısı ilə məşğul olan şəxslərdən Lahıc qəsəbəsinin tarixi abidələrinin çox yaxınlığında yerləşən ərazidə torpağın bir sotunun qiymətinin 3-5 min manat arası olduğunu bildirirlər. Ancaq torpaq tapmağın özü bir problemdir.

İcra başçısının oğlu Emin Sadıqovun İsmayıllı rayonunda torpaq sahəsi ilə müdhiş əməliyyatını da bizi izləməklə yaxın günlərdə xəbər tutacaqsınız.

 

Mənbə.AzToday.az

loading...