Keçmiş komitə sədrinin başı dərddə - Daşkəsən işində Qərib Məmmədov da dindirilib?

Keçmiş komitə sədrinin başı dərddə - Daşkəsən işində Qərib Məmmədov da dindirilib?
12:31 05-05-2021 | icon 358

Bu ilin əvvəlində Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb. 

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Rasim Allahverdiyevin Şahbaz Mehdiyev və Vüqar Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyənləşib. 

 

İş üzrə toplanmış sübutlar əsasında  Rasim Allahverdiyev,  Şahbaz Mehdiyev və Vüqar Məmmədova 1 fevral 2021-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda),  311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Rasim Allahverdiyev və Şahbaz Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, Vüqar Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Moderator.az-ın əldə etdiyi məlumata görə, iş üzrə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədov da dindirilib. Aparılan araşdırmadan sonra daha ciddi faktlar üzə çıxıb. Məlum olub ki, Daşkəsən rayonunda torpaq islahatı həyata keçirilərkən torpaqlar əhali arasında düzgün bölüşdürülməyib, dövlət mülkiyyətində olan torpaqlar ayrı-ayrı şəxslərə satılıb. Yaranmış narazılıq rayon rəhbərliyini bu məsələni aidiyyəti dövlət orqanları qarşısında qaldırmağa sövq edib.

Apardığımız araşdırma başqa faktları da ortaya çıxarıb. Sən demə, torpaqların bölüşdürülməsi zamanı saxtakarlıqlara, korrupsiya əməllərinə görə dəfələrlə gündəmə gələn akademik Qərib Məmmədov əldə etdiyi vəsaitlə özünə əməlli-başlı var-dövlət yığıb. Onun Goranboy rayonunda oteli, bir sıra istehsal müəssisələri olduğu iddiaları var. Uzun illər Goranboy rayonuna rəhbərlik etmiş Ağstafanın həbs olunan icra başçısı Nizaməddin Quliyevlə Qərib Məmmədovun isti münasibətləri onun bu rayonda əl-qol açmasına imkan verib.  

Daşkəsən işi ilə bağlı keçiriləcək məhkəmədə Qərib Məmmədovun da ifadə verəcəyi gözlənilir. Mənbəmizin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanları Qərib Məmmədovun komitə sədri kimi fəaliyyət göstərdiyi dövrlə bağlı araşdırma aparır. Araşdırmanın nəticələrinin hörmətli akademik üçün hansı sürprizlərlə nəticələnəcəyini indidən söyləmək çətin olsa da bir məsələ aydındır ki, vəziyyət "qəhrəmanımız" üçün heç də ürəkaçan olmayacaq...

Mənbə Moderator.az




0.29525113105774