Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış?

Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış?
11:35 05-05-2021 | icon 823

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun maral fermasının üzə çıxması son günlərin müzakirə olunan mövzularındandır.

Maral əsasən çöl heyvanıdır və meşələrdə yaşayır. Azərbaycanda bu heyvanların sayı çox deyil və onların fermada saxlanması ilk hadisədir. 

Dünya mətbuatında gedən məlumatlarda maral fermalarının əsasən Yeni Zelandiya yaradıldığı qeyd olunur.

Maraqlıdır, Alimpaşa Məmmədovun maral fermasını yaratmaqda məqsədi nə imiş? O, bu heyvanların ətini, yoxsa südünü satmağı planlaşdırırmış?

Alimpaşa müəllim hazırda həbsdə olduğundan bu suallara cavabı onun öz dilindən eşitmək mümkün deyil.

Modern.az-ın əməkdaşı mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovla əlaqə saxlayıb.

E.Hüseynov deyib ki, o, Yeni Zelandiyada açıq havada qurulan maral fermalarını görüb.

“Orada maral fermalarını görmüşəm. Onlar açıq havada ilboyu daim çöllərdə saxlanılır. Maral ətinə bir çox ölkələrdə tələbat var. O cümlədən maral dərisindən də istifadə olunur. Xüsusi maral növləri var ki, onların buynuzunun içərisindəki ilikdən dərman hazırlanır.

Alimpaşanın fermasındakı maralları ətlik üçün saxlayırdılarsa, güman edirəm ki, onları elit restoranlara verəcəkdilər və ya dərisindən istifadə edərək, ətliyə çeviriləcəkdi.

Əgər ölkəmizdə ayını 1 milyona alıb yeyən adam varsa, demək ki, maralı yeyənlər daha çox olar. Çünki ayının özü maral yeyir. Ayını yeyən maralı göydən düşmə kimi yeyər. Ölkəmizdə elə adamlar varsa, deməli maral ətinə də tələbat olub.

Bu vaxta kimi maral əti yeməmişəm. Dadını da bilmirəm. Güman edirəm ki, normal bir ətdir. Düşünürəm ki, Alimpaşa Məmmədov maralı mütləq biznes məqsədi ilə saxlayıb. Hesab etmirəm ki, onun fermasında dərman hazırlanan maral növü ola.

Qida Təhlükəsizlik Agentliyi bu fermadan xəbərsiz olmaya bilməz. Qida zəncirində iştirak edən bütün subyektlər Qida Təhlükəsizlik Agentliyində qeydiyyata daxil olmalıdır. Onlar maraldan hansı məqsədlər üçün istifadə edildiyini daha yaxşı bilərlər”.

Bir müddət öncə mediada yayılan məlumatda bildirilirdi ki, A.Məmmədov istəyini gerçəkləşdirmək üçün Çənlibel kəndi ərazində fermer təsərrüfatı yaradıb. Həmin təsərrüfata vaxtilə Çənlibel bələdiyyəsinin sədri olmuş Sabir adında şəxsi rəhbər təyin edib.

Ən maraqlı məqamlardan biri də odur ki, başçı fermada bəslənəcək maralların yem təminatını yerli icra nümayəndəliklərinə və bələdiyyələrə həvalə edib. Şəmkirdə 48 bələdiyyə, 42 icra nümayəndəliyinə ildə maral fermasına 1000 manat civarında qeyri-rəsmi yardım göstərilməsi tapşırılıb. 

Təsərrüfat qısa müddətdə yaradılıb, ora marallar gətirilib. Maralların yeminin pulunu da 48 bələdiyyə və 42 icra nümayəndəliyindən artıq alıblar.



Onu da xatırladaq ki, Alimpaşa Məmmədov Şəmkir rayon icra başçısı vəzifəsini 2014-cü ildən icra edib və ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir.




0.3343288898468