Qazi Nəsimi Dadaşlı: “Cənab prezident, xahiş edirəm, qazilərin problemlərini nəzarətə götürün“

Qazi Nəsimi Dadaşlı: “Cənab prezident, xahiş edirəm, qazilərin problemlərini nəzarətə götürün“
14:40 04-05-2021 | icon 218

Nəsimi Dadaşlı hər iki Qarabağ müharibəsində iştirak edib. İkinci qrup üzrə əlillik dərəcəsi var. O, 30 ilə yaxındır ki, ailəsi ilə birgə kirayədə yaşayır.

“Ailə, külfət... Uzun müddətdir ki, biz qalmışıq kirayələrdə. Yəni 12 sot torpaq düşür mənə, torpaq payımı niyə vermirsən, ay icra başçısı, ay bələdiyyə“, - qazi deyir.

Nəsimi Dadaşlı yaşayış şəraitinin yaxşılaşdırılması üçün dəfələrlə Sosial Müdafiə Nazirliyinə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya, Prezident Aparatına və şəxsən prezident İlham Əliyevə məktublar yazsa da, hamısı cavabsız qalıb.

Nəsimi Dadaşlı deyir ki, Abşeron rayonu ərazisində bələdiyyənin və icra hakimiyyətinin razılığı ilə birotaqlı ev tikib. Yaxın günlərdə kirayədən çıxmağı planlaşdırsa da, aprelin 25-də gecə saatlarında tikili naməlum şəxslər tərəfindən sökülüb: “Bütün o daşı, qumu, sementi mənim qazi qardaşlarım, Qarabağ əlilləri alıb, kömək etmişdilər. Bir otaq tikmək üçün mənə dəstək olmuşdular. Özünüz də, şahid olursunuz ki, indi yaşadığım ünvanda bütün bizim əşyalarımız, evin mebelləri - hamısı sökük vəziyyətdədir. Biz burdan təcili köçməliyik”.

Meydan TV Abşeron Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə biməyib.

Qarabağ qazisi hazırda işsizdir. 3 övladı var. Deyir ki, ən çox onların evsiz qaldığına görə narahatdır: “Prezidenti eşidən yoxdur. Belə görünür. İcra hakimiyyətləri, nazirlər prezidenti eşitmirlər. Çox haqsızlıqdır. Çətin, işsizliyin bu ağır vaxtında borc-xərclə yaşayırırq, dolanışığımız çətindir”.

Nəsimi Dadaşlı məsələnin araşdırılması üçün daxili işlər naziri Vilayət Eyvazova və Prezident İlham Əliyevə müraciət edir: “Cənab prezident, qazilərin ümumi problemləri, çətinlikləri var. Xahiş edirəm, bununla yaxından tanış olun, nəzarətə götürün”.




0.31758308410645