Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru və sürücüsünə hökm oxundu

Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru və sürücüsünə hökm oxundu
23:16 03-05-2021 | icon 201

Xaçmazda hərbiçidən rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham edilən Şəhriyar Qeybullayev və Fərhad Dəmirovun cinayət işi üzrə məhkəmə araşdırması baş çatıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Dəmirov Fərhad Ağamurad oğlu sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Məlikov Asif Məcid oğlundan 1200 manat məbləğində pul istəyib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Fərhad Dəmirov 17 noyabr 2020-ci il tarixdə 1200 manat məbləğində pul vəsaitini filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışmaqla sürücüsü olan Qeybullayev Şəhriyar Mehman oğlu vasitəsilə alan zaman onunla birlikdə cinayət başında yaxalanıb.

19 aprel 1994-cü ildə Ağdam rayonu Güllücə kəndi ətrafında gedən döyüş zamanı yaralanan Asif Məlikova Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən hərbi travma alması barədə rəy verilib.

Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə A.Məlikova 6 min 600 manat məbləğində icbari sığortanın ödənilməsi müqabilində Fərhad Dəmirov ondan 2020-ci ilin noyabr ayının əvvəllərində 1200 manat pul vəsaitini rüşvət qismində istəyib.

17 noyabr 2020-ci il tarixdə filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışan Şəhriyar Qeybullayev vasitəsilə Asif Məlikovdan həmin pul vəsaitini rüşvət qismində alıb.

Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini qismən təqsirli bilirlər.




0.29878687858582