Qarabağ qazisi Mingəçevir icra başçısından Prezidentə şikayət etdi: Son ümid yerim Sizsiniz!

Qarabağ qazisi Mingəçevir icra başçısından Prezidentə şikayət etdi: Son ümid yerim Sizsiniz!
13:49 08-04-2021 | icon 351

Vətən Müharibəsi qazisi, Mingəçevir şəhər sakini Elçin Yadigar oğlu Paşazadə işsizliklə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı İlham İsmayılovdan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə şikayət edib.

MillətinSəsi.info saytına daxil olan şikayət məktubunda Elçin Paşazadə bildirib ki, 17 oktyabr 2020-ci il tarixdə könüllü olaraq Vətənin azadlığı uğrunda gedən döyüşlərə qatılıb, "N" saylı hərbi hissənin tərkibində Cəbrayıl, Xocavənd və Laçın istiqamətində fəal döyüşüb, 21 dekabr 2020-ci il tarixdə isə tərxis olunub.

Vətən Müharibəsi Qazisi qeyd edib ki, mülki həyata geri qayıtdıqdan sonra işsizliklə əlaqədər Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə müraciət etsə də ona heç bir köməklik göstərilməyib:

"Məşğulluq Mərkəzindən mənə bildirildi ki, iş yoxdu. Vətən Müharibəsinə getməmişdən bir müddət öncə işlə təmin olunmaq üçün tez-tez getdiyim həmin Məşğulluq Mərkəzinin əməkdaşları müharibədən sonra məni içəri qəbul belə etmədilər. Bir neçə gün öncə isə Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı İlham Mehdixan oğlu İsmayılovun qəbuluna getdim.

O da Məşğulluq Mərkəzi əməkdaşları kimi, "Şəhərimizdə  iş yerləri yoxdur" deyə cavab verdi. Mən ailəliyəm və iki azyaşlı övladım var. Vətən qarşısında borcumu vermişəm, ölümü gözə alaraq digər hərbçilər kimi Ermənistan işğalçılarına qarşı döyüşmüşəm. Hazırda əmək qabiliyyətliyəm və ailəmi dolandırmaq üçün iş yeri axtarıram. Lakin Mingəçevir şəhərində məni heç yerdə işə götürmürlər.

Həmçinin heç bir sosial yardım, müavinət və ya pensiya almıram. Aylıq kommunal xərclər, özümün və həyat yoldaşımın maddi tələbatları bir yana, ata olaraq balalarıma gündəlik qarın dolusu yavan çörək belə tapıb yedizdirə bilmirəm. Sadəcə çörək istəyən və istədiyini tapmadığı üçün gözlərimin önündə ağlaya-ağlaya gecələyən övladların acısı məni param-parça edir. Axı Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı və ya Məşğulluq Mərkəzi kimi Dövlət İdarələri nə üçün bizim halımızı görməzdən gəlirlər?".

Ümidini icra başçısından və məşğulluq mərkəzindən üzən Vətən Müharibəsi qazisi Azərbaycan Prezidentindən xahiş edir ki, maddi ehtiyaclarını qarşılamaq üçün işlə təmin olunmaqda ona köməklik göstərilsin:

"Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Sizdən başqa ümid yerim qalmayıb. Çünki, aidiyyəti qurumlara indiyə qədər etdiyim çoxsaylı müraciətlərdən sonra dəfələrlə məni boş yerə Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının müavini qəbul edib, elə mənim yanımda Mingəçevir Məşğulluq Mərkəzinə tapşırıq verib.

Eyni zamanda demək olar ki, həftə boyu ən azı 5 dəfə özüm də Dövlət Məşğulluq Agentliyinin 20 saylı saylı Ərazi Məşğulluq Mərkəzi Filialına gedirəm. Lakin mənə köməklik göstərən, işlə təmin edən yoxdur. Artıq yaşamaqdan belə bezmişəm. Bir ata kimi övladlarımın qarnını doydura bilmədiyim üçün utanıram. Özümü ən bədbəxt, çarəsiz ata kimi hiss edirəm. Artıq bu dərd-qəmdən qurtulmağın yeganə çarəsini intihar etməkdə görürəm.

Həqiqətən də məni tezliklə işlə təmin etməsələr intihar edəcəm. Əgər mən ölsəm, intihara səbəbkar İcra Hakimiyyəti və Məşğulluq idarələridir. Sizdən, bu Dövlətin Başçısı kimi çox xahiş edirəm, aclıqla mübarizə aparan övladlarımı himəyə edəsiniz, onlara atasızlığı unutdurasınız! Yalnız Sizə güvənirəm və mənə köməklik göstərəcəyinizə sonsuz ümidlər bəsləyirəm".

Qarabağ qazisi icra başçısından Prezidentə şikayət etdi:  Son ümid yerim Sizsiniz!

 

Məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi, media orqanları ilə əlaqələr üzrə nümayəndə Tofiq Əsgərov redaksiyamıza göndərdiyi açıqlamasında bildirilib: 

"Saytınızda 08 aprel 2021-ci il tarixdə dərc olunmuş “Qarabağ qazisi icra başçısından Prezidentə şikayət etdi: Son ümid yerim Sizsiniz!” adlı məqalədə Vətən müharibəsi qazisi kimi təqdim olunan Mingəçevir şəhər sakini Elçin Yadigar oğlu Paşazadənin güya işlə təmin olunmaqla əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyyətinin başçısı İlham İsmayılovun qəbulunda olduğu və İcra başçısının onun müraciətinə “iş yoxdur” deyə cavab verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yer almışdır.

Bildiririk ki, II Qarabağ müharibəsi iştirakçısı, Mingəçevir şəhər sakini Elçin Yadigar oğlu Paşazadə işlə təmin olunması ilə əlaqədar İcra Hakimiyyətinə rəsmi müraciət etmiş, müraciəti ilə bağlı vətəndaşı Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov qəbul etmişdir.

Qəbul zamanı vətəndaş E.Paşazadə 20 saylı Ərazi Məşğulluq Mərkəzinə yönləndirilmiş, orada ona vakant olan iş yerləri təklif olunmuş, lakin ərizəçi təklif olunan iş yerlərindən imtina etmişdir. Ərizəçi yalnız “DOST” MMC-nin xətti ilə sosial işdə işləmək arzusunda olduğunu bildirmişdir. Bu səbəbdən də o, 20 saylı Ərazi Məşğulluq Mərkəzində işsiz kimi rəsmi qeydiyyata alınmış və ona izah olunmuşdur ki, həmin sahədə vakant iş yerləri yaranan kimi qısa müddətdə işlə təmin olunacaqdır.

Odur ki, qeyd olunanları nəzərə alaraq, adıçəkilən məqaləyə cavab olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətinin mövqeyinin rəhbərlik etdiyiniz saytda olduğu kimi dərc edilməsini Sizdən xahiş edirik."




0.99702000617981