Üzümçülük və Şərabçılıq İnstitutunda bir milyonluq tender müəmması

Üzümçülük və Şərabçılıq İnstitutunda bir milyonluq tender müəmması
11:25 08-04-2021 | icon 270

Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatı yayıldı. Qurumun 2020-ci ildə keçirmiş olduğu nəzarət tədbirləri nəticəsində ən çox nöqsan hallarının aşkar oldunduğu dövlət orqanlarının siyahısında Kənd Təsərrüfatı Nazirliyi birincilər sırasındır.

Belə ki, Hesablama Palatası ötən il Kənd Təsərrüfatı Nazirliyində və nazirliyə aid olan qurumlarda ümumilikdə 79 nöqsan aşkarlayıb.Bu məlumatlar sözsüz ki, hələ 2018-ci ildə Kənd Təsərüfatı Nazirliyində olunan dəyişikliklərə baxmayaraq. sözügedən sahədə ciddi nöqsanların hələ də qaldiğının və tədbirlər görülmədiyinin göstəriciləridir.

Bu məlumatlar həm də aqrar sektorun bütün sahələrinə son illər dövlət tərəfindən qoyulan investisiyaların ilbəil artırılmasına baxmayaraq İnam Kərimovon bir gənc və islahatçı kadr kimi formalaşdırmaq istədiyi imicin üstündən bir qırmızı xətt çəkməli oldu. Onun kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində atdığı adımların isə bir görüntü olduğunu təsdiq etmiş oldu.

Aktualinfo.org bu kimi ciddi nöqsanların yol verildiyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə tabeli Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən 2020-ci il üçün keçirilmiş bir sıra tender prosedurları ətrafında araşdırmalar aparmışdır. Araşdırmalarda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilmiş açıq tender prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə, habelə büdcə vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

Məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə İnstituta ünvanladığımız sorğuya direktor Vüqar Səlimov cavab məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan “Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat” İnstitutunda yaradılmış tender komissiyası tərəfindən 2019-cu ildən bu günə qədər keçirilmiş bütün satınalma işləri Azərbaycan Respublikası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirilmişdir.”

Amma gəlin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimovun qanunun tələblərinə uyğun olaraq keçirdiklərini iddia etdiyi bir neçə şübhə doğuran tender və kotirovka sorğularına nəzər salaq.

Laboratoriya avadanlığının satın alınması üzrə 25.12.2019-cu il tarixdə keçirilmiş tenderdə 88 500 manat dəyərində satınalma müqaviləsi “SCIENTECH.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SCIENTECH.AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.11.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ , ev 3/19, qanuni təmsilçisi kimi isə Əliyeva Natiqə Ağahüseyn qızı qeyd olunub.

Açıq mənbələrdə MMC-nin fəaliyyət sferası və analoji işlərdə təcrübəsinin olub-olmaması barədə heç bir məlumat yoxdur.

Şamaxı rayonu ərazisində müasir üzüm tingliyinin yaradılması üzrə 28.10.2019-cu il tarixdə keçirilmiş tenderdə 1 028 115.94 manat dəyərində satınalma müqaviləsi “AZƏRTİNG”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.01.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının QUBA RAYONU, ZƏRDABİ, qanuni təmsilçisi kimi isə Sərhədova Zəminə Fikrət qızı qeyd olunub.

İnstitut tərəfindən dəyəri bir milyon manat olan bu tender prosedurunda “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulduğu açıq-aşkar görsənir. Yuxarıda qeyd etdiyimiz məlumatlardan da göründüyü kimi İnstitut tenderin qalibi elan etdiyi “AZƏRTİNG” MMC ilə satınalma müqaviləsini  28.10.2019-cu il tarixdə bağlayıb.

Sözügedən MMC isə 11.01.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Yəni qalib elan olunduğu tarixdən 9 ay əvvəl. Amma “Dövlət Satınalmaları Haqqında” Qanunun bir sıra maddələri (6.2. Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: 6.2.1. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;) bunların yolverilməz olduğunu hesab edir.

Bunlardan başqa direktor Vüqar Səlimova bir daha xatırlatmaq istərdik ki,tender prosedurlarında iddiaçıların mürəkkəblik dərəcəsinə uyğun olan ən azı üç iş üzrə təcrübəyə malik olmaları,ən azı 1 il təcrübəyə malik iş icraçısı olmaları qanuna görə mütləqdir. Amma görəsən “AZƏRTİNG” MMC 9 ay ərzində ən azı üç iş təcrübəsinə malik olubmu?

Buradan da sual yarınır. Cəmi 10 manat nizamnamə kapitalı olan,tender prosedurundan 9-10 ay dövlət qeydiyyatına alınmış, ixtisas göstəriciləri və analoji işlərdə təcrübəsinin olub-olmaması barədə hər hansı məlumat olmayan bir MMC-nin bir milyon manat dəyərində dövlət sifarişini yerinə yetirməyə maddi-texniki bazası, peşəkarlığı nə dərəcədə yol verir?

Apardığımız araşdırmalar zamanı açıq mənbələrdən əldə etdiyimiz məlumatlara görə dövlət reyestrində MMC-nin qanuni təmsilçisi kimi qeyd olunmuş Sərhədova Zəminə Fikrət qızı 2012-ci ildə Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi olub.2019-cu ilədə, yəni  MMC-ni dövlət qeydiyyatına alıb, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə bir milyon manat satınalma müqaviləsi bağlayanda bu xanımın 23-24 yaşı olub. Sizcə bu nə dərəcədə inandırıcı bir alqı-satqı müqaviləsidir? Ola bilərmi ki, bu MMC gənc bir xanımın adına Kənd Təsərrüfatı Nazirliyinin rəsmi şəxsləri tərəfindən formal olaraq yaradılıb? Ya da hansısa bir dövlət məmuru ilə qohumluq telləri bağlayır bu xanımı?Bir sözlə bu alqı-satqı müqaviləsində qaranlıq məsələlər, müəmmalar çoxdur. Hər necə olsa da üzüm tingliyinin yaradılmasında bir gənc xanımın rolu şübhələr doğurmaya bilmir.

Bunlardan başqa Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu tərəfindən 2020-ci ildə keçirilmiş bir sıra kotirovka sorguları movcud qanunvericiliyə uyğun olaraq dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilmədən həyata keçirilib.

Belə ki, 30.11.2020-ci il tarixdə laboratoriya avadanlığının satın alınmasının nəticələri,

21.09.2020-ci il tarixdə “Samir 1997” MMC-nin qalib elan edildiyi istehlakyönlü müxtəlif xidmətlərn alınması üçün keçirilmiş katirovka sorğusunun nəticələri,

21.09.2020-ci il tarixdə “Qarant 88″ MMC-nin qalib elan edildiyi dəftərxana və təsərrüfat mallarının alınması üçün keçirilmiş katirovka sorğusunun nəticələri,

27.10.2020-ci il tarixdə istehlakyönlü müxtəlif xidmətlər üçün keçirilmiş katirovka sorğusunun nəticələri,

12.08.2020-ci il tarixdə ”Müəllim” MMC-nin qalib elan edildiyi nəşr işlərinin satın alınması üçün keçirilmiş katirovka sorğusunun nəticələri,

17.09.2020-ci il tarixdə “Dəftərxana və təsərrüfat xərcləri” nin satın alınması və istehlakyönlü müxtəlif xidmətlər”in satın alınmasının nəticələri,

02.12.2019-cu il tarixdə “Expresso” MMC və “İnam” MMC-nin qalib elan edildiyi avadanlığın və inventarın alınması üçün keçirilmiş katirovka sorğularının nəticələri,

14.11.2019-cu il tarixdə “Müəllim” MMC-nin qalib elan edildiyi elmi-tədqiqat xidməti işlərinin satınalınması üçün keçirilmiş katirovka sorğularının nəticələri,

28.06.2019-cu il tarixdə “Müəllim” MMC-nin qalib elan edildiyi elmi-tədqiqat işlərinin satınalınması üçün keçirilmiş katirovka sorğularının nəticələri;

Araşdırmalar zamanı əldə etdiyimiz bu məlumatlardan və elan olunmuş bildirişlərdən də göründüyü kimi, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu tərəfindən keçirilmiş bütün açıq tender və kotirovka sorğularının nəticələrinin dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilməmiş,ictimaiyyətə açıqlanmamışdır.

Qeyd edək ki,araşdırmalarımız zamanı məlum olmuşdur ki, dəftərxana və təsərrüfat mallarının alınması üçün katirovka sorğusu satınalmasının qalibi olmuş “QAFRANT 88” MMC-nin bütün digər dövlət qurumları ilə analoji işlərin görülməsi üçün bağladığı müqavilələrdə qiymətlər açıq şəkildə göstərilmiş, lakin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə bağlanan müqavilənin qiyməti nədənsə açıq göstərilməmişdir.Niyə?

Bildirişlərdən də göründüyü kimi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu qalib elan etdiyi MMC ilə alınan mallara və ya xidmətlərə ayrılmış vəsaitin miqdarını qanunvericiliyin tələblərinə uyğun olaraq açıq şəkildə göstərməməşdir.

Burada İnstitutda tenderlərin qanuni şəkildə keçirildiyini iddia edən direktor Vüqar Səlimovun yadına salmaq istərdik ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 4-cü maddəsinin (4-1.3. İllik satınalma planında aşağıdakı məlumatlar əks olunur: 4-1.3.1. satınalan təşkilatın adı; 4-1.3.2. satın alınacaq malların (işlərin və xidmətlərin) adı, həcmi, miqdarı və ölçüsü; 4-1.3.3. satınalmanın ardıcıllığı, təqvim ili üzrə bölgüsü və satınalma üsulu;) bu kimi tələblərinə satınalan təşkilat olaraq Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu tərəfindən heç də əməl olunmayıb.

Həmçinin “Dövlət Satınalmaları Haqqında” Qanunun 10-cu maddəsinin (10.1. Satınalan təşkilat satınalma prosedurları haqqında aşağıdakı məlumatların göstərildiyi hesabatı tərtib edir: 10.1.1. satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri; 10.1.2. tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti)  tələblərindən irəli gələnlərə.

Göründüyü kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun göstərilən maddələrinin tələblərinə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Tender Komissiyası tərəfindən riayət olunmaması kotirovka sorğularının keçirilməsi zamanı şəffaflıq prinsiplərindən kənar olduğunu bir daha təsdiq edir. Mal materialların və digər xidmətlərin satınalmaları üzrə bağlanmış müqavilələrdə qiymətlərin açıq şəkildə göstərilməməsi, satınalmalarının vahid elektron portalında yerləşdirilməməsi satınalma müqavilələrinin formal olaraq bağlanılmasından və  dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasından başqa bir şey deyildir.

Bunlardan əlavə,qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun satınalma müqavilələri bağladığı “Samir 1997”, “Müəllim”, “Expresso” və “İnam” kimi MMC-lər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur.

Bu MMC-lərin heç birinin analoji işlərdə təcrübəsinin olmaması, yalnız Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun sifarişlərinin qalibi olmaları onu göstərir  ki. tenderlərin keçirilməsi institutda bir nəfər tərəfindən idarə olunur və yaxın şəxslərlə müqavilə bağlanıb.

Bir ilin içərisində barəsində heç bir məlumat olmayan, cəmi 10 manat nizamnamə kapitalı olan MMC-lərlə ümumi dəyəri gizlədilmiş onlarla satınalma müqavilələrinin formal olaraq bağlanılması, dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasından başqa bir şey deyildir.

Kənd Təsərüfatı naziri İnam Kərimovun Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Tender Komissiyası tərəfindən yol verilən nöqsanlardan xəbəri varmı,deyə bilmərik. Amma onu deyə bilərik ki, bütün bu qanunsuzluqların bir ucu məhz Kənd Təsərüfatı Nazirliyinə bağlanır.

Yəni nazirin xəbəri olubsa niyə yol verib, olmayıbsa lap pis, deməli nəzarət edə bilmir. Odur ki, bir nazir kimi İnam Kərimovdan bütün bu qaranlıq məsələlərə aydınlıq gətirməsini xahiş edirik. Təbii ki,aidiyyatı dövlət orqanlarınlarının da bu nöqsanların araşdırılmasını gözləyirik.

Mövzunu diqqətdə saxlayacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Mənbə Aktualinfo.org




0.26320505142212