Məktəblər nə vaxt açıla bilər?

Məktəblər nə vaxt açıla bilər?
10:14 08-04-2021 | icon 89

“Növbəti həftələr ərzində əgər yoluxma sayı azalarsa, təhsilin əyani şəkilə qaytarılmasında maraqlı olan qurum elə Təhsil Nazirliyidir”. Bu sözləri Təhsil naziri Emin Əmrullayev AzTV telekanalında çıxışı zamanı deyib.

O bildirib ki, bununla belə biz həm müəllimlərimizin, həm də evdə yaşlı şəxslərin sağlamlığını da düşünməliyik: “Bəzi insanlar bu qərardan narazı qalır. Lakin burada bütün tərəfləri razı sala biləcək qərar yoxdur, daha çox balanslaşdırılmış qərar qəbul etməliyik. 5 aprel tarixindən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonlarında ümumtəhsil müəssisələrinin distant təhsilə keçməsinə bir neçə factor təsir edib. Artıq gördüyünüz kimi yoluxma halları 2500-ü keçib, onun da 80 faizi sadalanan ərazilərə keçir”.

Emin Əmrullayev bildirib ki, bu öz-özlüyündə gün ərzində məktəblərin bağlanması deməkdir: “Artıq martın 29-dan başlayaraq orta hesabla gün ərzində 10-12 məktəbin distant təhsilə keçirilməsini müşahidə edirdik. Proqnozlara görə bu rəqəmlər artmağa doğru gedirdi. İstənilən halda gün ərzində 2500-3000 yoluxma olanda onun 70 faizi Bakının payına düşdüyü halda Bakı, Sumqayıt, Abşeronda məktəblər bağlanır. Bütün bunlar Səhiyyə orqanlarının rəyi ilə həyata keçirilir”.

Nazir səbəblərdən birinin də davamiyyət məsələsinin olduğunu deyib: “Davamiyyət məsələsi vacibdir. Yoluxma artdıqca valideynlər övladlarını riskə atmamaq üçün məktəbə göndərmirdilər. Belə olan halda təhsil müəssisələrinə gələn uşaqların sayı az olurdu. Bu da tərəfimizdən izlənilirdi. Məktəblərə nümayəndələrimizin səfərləri zamanı bu qeydlər götürülür və analiz aparılırdı.Onsuzda siniflər yarımqruplarda fəaliyyət göstərirdi, o qrupun da yarısından çoxunun məktəbə gəlməyəndə davamlılıqdan danışa bilmirik. Bu mənada heç olmasa distant təhsilə keçmək daha məntiqli görünür.

Biz məktəblərin distant təhsilə keçirilməsi məsələsi ilə bağlı ictimaiyyətin də rəyini öyrənməyə çalışdıq. Bu sorğu müəyyən suallar doğurdu, lakin bu məsələyə də Təhsil Nazirliyi tərəfindən aydınlıq gətirildi”.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, bu sorğunun elmi-akademik sorğu olmadığını qeyd etdik: “Bu tip qərarlar qısa zamanda qəbul edilir, elmi sorğular isə daha uzun hazırlıq tələb edir. Məqsədimiz cəmiyyətin ilkin reaksiyasını öyrənmək idi. Bu sorğuda 50 mindən artıq insan iştirak etdi və şərh yazdı. Valideynlərin bir qismi uşaqlarını hələ də təhsil müəssisələrinə göndərmək istəyirlərsə, digər qrup valideynlər isə yoluxma sayının artmasına görə tam əksini istəyir. Bu qərarı düz və ya səhv yox, uyğun qərar kimi qiymətləndirərdim. Bu vəziyyətdə insanların sağlamlığını qorumaq üçün verilən bu qərar düzgün addımdır”. 




0.40448713302612