Həkim Turanə Rəsulova: “Ölkədə mütləq karantin tətbiq edilməlidir” - VİDEO

Həkim Turanə Rəsulova: “Ölkədə mütləq karantin tətbiq edilməlidir” - VİDEO
18:42 07-04-2021 | icon 520

“Azərbaycanda məhdudlaşdırıcı tədbirlər mütləq həyata keçirilməlidir”. Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib.

O bildirib ki, gündəlik koronavirusa yoluxma sayı 2000-2200 olması bu tədbirləri labüd edir: “Epidemiologiyada belə bir qayda var ki, yeni yoluxanların sayı çoxdursa və ya rəqəm hansısa sayda dayanıbsa, mütləq məhdudiyyətlər tətbiq edilməlidir. Əgər məhdudiyyətlər varsa, yeni məhdudlaşdırıcı tədbir əlavə olunmalıdır.

Azərbaycandakı bugünkü mənzərə onu göstərir ki, hazırkı vəziyyət belə davam edərsə, yeni yoluxma sayı və ölüm halları daha da artacaq, xəstəxanalar yüklənəcək. Peyvəndlənmə prosesi başlar-başlamaz karantinin yumşaldılması epidemioloji baxımdan doğru deyil. Bu proses əhalinin 70-80 faizini əhatə etdiyi halda effektivdir. Yəni əhalinin 50 faizi peyvənd olunmuş olsa belə, bu, yoluxma sayını azaltmayacaq”.

Həkim Turanə Rəsulova deyib ki peyvəndlənmə prosesini qısa müddətdə və effektiv şəkildə həyata keçirmək lazımdır. Belə olarsa, mutant virusların ortaya çıxma ehtimalı azalacaq. 

O bildirib ki, vaksinasiya prosesi ilə paralel müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır ki, normal həyata dönmək asan olsun: “Britaniya ştammı əgər paytaxtdan regionlara yayılmayıbsa, mütləq şəkildə sosial hərəkətliyin qarşısını almaq, şəhərlərarası gediş-gəlişi məhdudlaşdırmaq lazımdır.

Hazırda ən böyük təhlükə olan ictimai nəqliyyatla bağlı reformlar həyata keçirilməlidir. SMS-icazə sistemi və yaxud tam qapanma olmasa da olar, amma hansı yerlərdə virus ən çox yayılırsa, orada qapanma və yaxud məhdudlaşdırıcı tədbirlər görülə bilər.

Düşünürəm ki, əhalinin 80 faizi peyvənd olunanadək bu kimi tədbirləri icra etsək, peyvənddən sonra normal həyata dönmək çox asan olacaq”.




0.46148300170898