Firdovsi Əliyev: “Əsas məqsəd Qarabağı yaşıllığa qərq etməkdir”

Firdovsi Əliyev: “Əsas məqsəd Qarabağı yaşıllığa qərq etməkdir”
15:56 07-04-2021 | icon 64

“İşğaldan azad olunan torpaqlarımızda ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür”. milletinsesi.info-ın məlumatına görə, bunu Zəngilanda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın konvensiyanın tam hüquqlu üzvüdür: “Beynəlxalq konvensiyanın mütəxəssisləri bizimlə birlikdə monitorinqlərdə iştirak edəcək. Bu zaman onlar erməni vandallığının şahidi olacaqlar. Bizim Qarabağ bölgəsində yeraltı və yerüstü qiymətli yataqlarımız var. Mineral su ehtiyatlarının 40 faizi bu bölgədə formalaşıb”.

O qeyd edib ki, mənfur düşmən ölkəmizin faydalı yataqlarını da dağıdıb: “Bizim qurub yaratdığımız evlərdə 30 il yaşadılar və gedəndə oranı yandırdılar. Bu illər ərzində 100 min hektar ərazidə yanğınlar törədib, flora və faunamıza ciddi ziyan vurublar. Bununla bağlı araşdırma aparılır. Bu məsələ ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq.

Jurnalistləri Zəngilana gətirməkdə məqsədimiz odur ki, erməni vandallarının məhv etdiyi meşələrimizi və ekoloji terrorun fəsadlarını sizlərə göstərməkdir”.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin sözlərinə görə, Zəngilanda ağac əkilən ərazilər vaxtı ilə sıx meşə olub: “İşğaldan sonra bu yerlər ekoloji terrora məruz qalıb. İlkin araşdırmalara görə, işğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam etdikcə onların məhv etdiyi ərazilərin miqyasının daha böyük olduğunu görəcəyik”.

O qeyd edib ki, əsas məqsəd tez bir zamanda Qarabağ bölgəsini yaşıllığa qərq edək:“Təəssüf ki, hər şey bizim iradəmizdən asılı deyil. Ərazilərin çoxu minalanıb. Ərazilər minalardan təmizləndikcə ağac əkmə aksiyalarımız davam edəcək. Ermənilərin təbiətimizə vurduğu yaraları qısa bir zamanda sağalması istiqamətində hamımız səfərbər olmalıyıq”.




0.43990612030029