Allahşükür Paşazadə Ağdam səfərindən danışdı: “Həmin şəhər yoxdur, ürəyim ağrıdı”

Allahşükür Paşazadə Ağdam səfərindən danışdı: “Həmin şəhər yoxdur, ürəyim ağrıdı”
15:21 07-04-2021 | icon 205

“İşğaldan əvvəl Ağdama tez-tez gələrdim. Bu rayonda dostlarım var idi. Buraya axund da təyin etmişdim. Bugünkü namaz qıldığım məscid mənim üçün əziz olub”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

QMİ sədri qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu: “Elə o vaxtdan Ağdam binalarının və insanlarının gözəlliyi ilə seçilirdi. Bu səfərə gələndə ürəyim ağrıdı. Həmin Ağdam yoxdur. Yol boyu xüsusi geyimdə olan insanların minalardan təmizləmək üçün işlər gördüyünü müşahidə etdim.

Heyfislənirəm ki, Azərbaycandan olan bəzi insanlar torpaqlarımızın azadlığına o qədər də sevinmirlər. Bəlkə də, onlar hətta məğlubiyyət istəyirdilər. Arzu edərdim ki, onlar başa düşsünlər ki, Vətən, torpaq ana qədər qiymətlidir.

Bəlkə də, cavandırlar başa düşmürlər. Hesab edirəm ki, onlar bunu başa düşəcəklər və geri qayıdacaqlar. Prezident İlham Əliyevin fədakarlığı bir daha bütün Azərbaycan xalqına fərəh yaşadır və gələcəyə ümid yaradır. İnanırıq ki, bu torpaqlar çiçəklənəcək və azan səsləri gələcək. Təbii ki, Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük zəhmətləri var. İnanıram ki, dağıdılan 64 məscid bərpa olunacaq və oradan azan səsi gələcək”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib ki, biz Ramazan ayı ilə bağlı fətva verəndə yeni bir şey etmirik:

"Bu ayı Allah-Təala yaradıb. Ay bəzən bir gün sonra görünür. Rəsədxananın vasitəsilə ayın görünməsini ictimaiyyətə çatdıracağıq. Bu, elmi məsələdir və mollalıq deyil. Amma ola bilər ki, ay bizim üfüqdə bir az tez və ya gec görünsün. Bu, mümkündür və ayın digər yerdə görünməsi və ya bizdə görünməməsi bizdən asılı deyil. Bu məsələdə ancaq elmsiz adamlar irad tuta bilər", - QMİ sədri bildirib.

Bundan başqa, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərinə səfər çərçivəsində şəhərdə yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.

Səfər iştirakçıları daha sonra Azərbaycanın Milli Qəhrəmanları - Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digərlərinin məzarını ziyarət ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.

Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, dini konfessiya rəhbərlərinin nümayəndələri və digər din xadimləri iştirak edir.
Səfər davam edir.





0.34317994117737