Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?

Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?
13:09 22-02-2021 | icon 301

Lənkəran Şəhər İcra Hakimiyyəti “Cənub-2000” MMC ilə müqavilə imzalayıb.

MillətinSəsi.info xəbər verir ki, maliyyə dəyəri 17 486.97 AZN olan müqavilədə güşələrin yaradılması nəzərdə tutulur. Hansı güşələrin yaradılması bəlli deyil. Müqavilənin şərtlərində bu barədə hər hansı qeyd yoxdur.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Cənub-2000” MMC 5 iyul 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonunun Şıxlar kəndidir. MMC-nin qanuni təmsilçisi isə Mirzəyev Qadir Nüsrət oğludur.

Araşdırmalarımız zamanı bəlli olub ki, Masallı rayonunun Şıxlar kəndində daha bir neçə şirkət qeydiyyatdadır. Bunlar “Masal-994” MMC, “Dalğa-AA” MMC və “Adil-Mübariz” Tam Ortaqlıq Müəssisəsidir. Bu şirkətlərin hamısı cənub rayonlarının yerli hakimiyyət orqanlarının keçirdiyi tenderlərin qalibi olur.

Konkret olaraq “Cənub-2000” MMC-yə gəlincə, bu şirkət 2010, 2011, 2013 və 2016-cı illərdə Masallı, Lənkəran, Beyləqan, hətta Qəbələ, İsmayıllı rayonlarında keçirilən 37 tenderin qalibi olaraq 2 milyon 382 709,34 manatlıq sifariş əldə edib.

10 manatlıq şirkətin iri məbləğli tenderlərin qalibi olması şübhə doğurmaya bilməz. Digər tərəfdən, hansısa səbəbdən Şəhər İcra Hakimiyyəti tez-tez bu şirkətə müarciət edir.

Məsələn, 2019-cu ilin yanvar-oktyabr aylarında Lənkəran rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 3 milyon 350 min 44 manat olan 45 tender keçirilib.

Tenderlərin ümumi məbləğinə görə ən böyük məbləğ Lənkəran şəhər Icra Hakimiyyətinin keçirdiyi tenderdə qeydə alınıb. İcra Hakimiyyəti ümumilikdə 2 milyon 218 min 859 manat məbləğində 9 tender müqaviləsi bağlayıb. Bu tenderlərdən 6-nı “Cənub-2000” MMC şirkəti udub.

Onu da qeyd edək ki, “Cənub-2000” MMC-nin qanuni təmsilçisi əvvəl Səfərov Elnur Elşad oğlu olub. Bəzi iddialara görə, Lənkəranın icra başçısı Taleh Qaraşovla “Cənub-2000” MMC arasında iş ortaqlığı var.

Bu iddiaların nə qədər əsaslı olduğunu deyə bilmərik. Amma Taleh Qaraşovun 10 manatlıq, özü də şübhəli tenderlərdə istifadə olunan şirkətə iri dövlət layihələrini etibar etməsinin məntiqini anlamaq çətindir.

Mənbə reportyor.info