ABŞ-da alman hərbçilər terrorçularla səhv salındı

ABŞ-da alman hərbçilər terrorçularla səhv salındı
09:56 22-02-2021 | icon 36

Arizonada təlimlərdə olan iki alman hərbçinin həddindən artıq gizli davranışı Almaniya ilə ABŞ arasında diplomatik qalmaqal yaradacaqmış.

Bu barədə “Der Spiegel” xəbər verib.

Bildirilir ki, Bundesverin elit birliyindən olan və manevrlərdə iştirak edən iki hərbçi yerli xəstəxanalardan birinə baş çəkərək fövqəladə halda, yaxud koronavirusa yoluxma olacağı təqdirdə həkimlərin onlara nə dərəcədə kömək edə biləcəyini öyrənmək istəyib.

Tibbi heyət gələnlərdən şəxsiyyətini təsdiq edən sənədləri göstərmələrini istəsə də hərbçilər imtina ediblər. Bu səbəbdən tibb işçiləri onların xəstəxanaya hücum hazırlayan terrorçular ola biləcəyini ehtimal edib və dərhal Federal Təhqiqatlar Bürosuna (FTB) şübhəli şəxslər barədə məlumat verib.

FTB Almaniyanın Vaşinqtondakı səfirliyi ilə əlaqə yaradıb. Lakin məxfilik səbəbindən diplomatik nümayəndəlik alman xüsusi təyinatlılarının Arizonadakı təlimləri barədə məlumatsız olub.

Yalnız Berlinə edilən çoxsaylı telefon zənglərindən sonra məsələnin əsli öyrənilib və problem həll olunub.