Tağı Əhmədovun xanımı danışdı: “O da insandır, dağ deyil, daş deyil”

Tağı Əhmədovun xanımı danışdı: “O da insandır, dağ deyil, daş deyil”
15:07 27-01-2021 | icon 534

Ayaqları tutulduğu üçün ötən gün xəstəxanaya yerləşdirilən Bakı Metropolitenin keçmiş rəisi Tağı Əhmədovdan xəbər var.

Bu haqda “Yeni Sabah.az”a onun həyat yoldaşı Salatın Əhmədova məlumat verib. Tağı Əhmədovun telefonuna etdiyimiz zəngə onun həyat yoldaşı cavab verib.

Bildirib ki, keçmiş rəisin səhhətində müsbət irəliləyiş var və müalicə olunduqdan sonra evə buraxılıb: “Həkimlərimiz sağ olsun, hər cür yardım etdilər.  Hal-hazırda yeriyir”.

Salatın Əhmədova həyat yoldaşının səhhəti ilə bağlı xəbərin ictimailəşdirilməsinə də etirazını bildirib: “Tağı müəllim xəstədirsə, qoyun xəstəliyini yaşasın. Bunu niyə ictimailəşdirirlər? O da insandır, dağ deyil, daş deyil. Bu Azərbaycan xalqına yaraşan bir şeydirmi? Tağı Əhmədov da insandır, o da xəstələnə bilər. İndi yaxşıdır, şükürlər olsun. İcazə versinlər, insan bir az dincəlsin, özünə gəlsin. O da sıradan bir insandır...”

Xatırladaq ki, ötən gün Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb. Onun ayaqlarrı tutulduğundan Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilmişdi. T.Əhmədovun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub.

Onu da qeyd edək ki, şəkərli diabetin ağırlaşmasından klinikaya yerləşdirilən YAP Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov da diabetdən əziyyət çəkirdi. Bir müddət öncə medicina.az-a da öz xəstəliyindən danışan Tağı Əhmədov onu özünəməxsus olaraq “aristokratların xəstəliyi” də adlandırmışdı. Və etiraf etmişdi ki, pəhrizə əməl etməyib, normadan artıq qidalar yedikdə şəkəri, təzyiqi qalxırdı. Şəkərli diabet mədəaltı vəz adlı kiçik orqandan qaynaqlanan problem olsa da, 10 il ərzində təsir etmədiyi orqan və sistem qoymur.




0.86390686035156