VTB bank müştərinin mənzilini əlindən alaraq hərraca qoymaq istəyir - Prezidentə şikayət

VTB bank müştərinin mənzilini əlindən alaraq hərraca qoymaq istəyir - Prezidentə şikayət
11:05 15-01-2021 | icon 14308

Müştəri krediti ödəmək üçün möhlət istəyir, razılıq əldə olunmur

 

VTB bank qışın çovğunlu günlərində obyektiv səbəblərdən bankın kreditini ödəyə bilməyən müştəri, vətəndaş Mikayıl Əliyevin banka girov qoyduğu mənzilini əlimdən alaraq hərraca qoymaq istəyir. Bununla bağlı vətəndaş Mikayıl Əliyev cənab Prezident İlham Əliyevdən kömək istəyir.

Vətəndaş Mikayıl Əliyevin müraciətin olduğu kimi oxucuların nəzərinə çatdırırıq: 

"Hörmətli Cənab Prezident,

Bu müraciəti Sizə yazıb göndərməyimə zərurət yaradan əlacsız, acınacaqlı vəziyyətimdir. Sizdən savayı üz tutmağa kimsəm yoxdur, yeganə ümidim, pənahım Sizsiniz Cənab Prezident!

Mən tam əminəm ki, prezidentimiz olaraq heç kimdən əsirgəmədiyiniz köməkliyinizi məndən də əsirgəməyəcəksiniz. Siz həmişə kimsəsizin kimsəsi, tərəfsizin tərəfində olmusunuz, Cənab Prezident!

Siz xalqımızın dünəni, bu günü və sabahı üçün həyata keçirdiyiniz işləriniz heç bir ölçüyə, idraka sığmır. Bircə faktı xüsusi vurğulamaq yerinə düşər ki, son 17 il ərzində uzaqgörən siyasətiniz nəticəsində müasir tələblərə uyğun 3 mindən artıq məktəb, yüzlərlə səhiyyə müəssisələri, idman kompleksləri, çoxlu sayda sosial təyinatlı obyektlər, habelə, insanların rahatlığı və təhlükəsizliyi naminə körpülər, keçidlər tikilmiş, həmçinin dəyəri milyardlarla ölçülən abadlıq, quruculuq işləri görülmüşdür.

Bir sözlə, Cənab Prezident,

Bu gün Azərbaycan müasirləşir, gündən-günə gözəlləşir, öz simasını dəyişir. Bütün bunlar, eləcə də sadalanmasına zaman lazım olan digər işləriniz uzaqgörən siyasətiniz və gərgin zəhmətiniz sayəsində mümkün olmuşdur.

Sizin yetirdiyiniz siyasi kursunuzun ana xəttini Azərbaycan vətəndaşı təşkil edir. Sizi daim düşündürən xalqın rifahı, əmin-arxayın və rahat yaşamasıdır.

44 gün ərzində doğma torpaqlarımızı erməni işğalçılarından azad etməyiniz isə Sizə ədəbiyyət qazandırdı. Təkcə bu zəfərinizlə Siz sübut etdiniz ki, bu gün də,

sabah da Sizi əvəz edən lider yoxdur, heç qarşıdakı 10 illiklərdə də olmayacaq. Nailiyyətlərinizi görməmək və görüb dəyərləndirməmək ən azından nankorluq ola bilər. Cəsarətlə deyə bilərəm ki, Siz xalqımızın qəhrəman oğlusunuz. Təkcə Bakıda yox, vətənimiz Azərbaycanın bütün bölgələrinin ən möhtəşəm yerlərində Sizin monomit abidəniz ucaldılmalıdır.

Hörmətli Cənab Prezident,

İzn verin, dəyərli vaxtınızı aldığıma görə üzrxahlıq edim və bu günki acınacaqlı vəziyyətimlə bağlı qısaca məlumat verim.

2014-cü ilin oktyabr ayında Yasamal rayonunun Mirəli Seyidov küçəsi 37-də bacıma məxsus iki otaqlı 5 saylı mənzili VTB banka girov qoyub 26000 (iyirmi altı min) dollar kredit götürmüşəm.

İlk illər hesablanan kredit faizlərini öz vaxtında ödəyə bilirdim. Lakin sonralar birdən-birə gözlənilmədən müflisləşmələr banka olan faizləri ödəməyimə əngəl yaratdı. Hazırda əsas borc və faizlərlə birlikdə adıçəkilən banka 31400 dollar yığılıb qalmış borcum var, cənab Prezident.

Bu səbəbdən də bank girov qoyduğum mənzili əlimizdən alıb hərraca qoyub sataraq borcu ödəməyi planlaşdırır.

Qeyd etmək lazım gəlir ki, banka girov qoyduğum Xruşşiov layihəmi 2 otaqlı darısqal mənzildə mənim, bağımın ailəsi və valideynlərim də daxil olmaqla 8 nəfər yaşayırıq. Sizi səmimiyyətimə inandırmaq istəyirəm ki, gecələr növbə ilə yatırıq, heç bir kommunal şəraitiniz yoxdur. Xəcalətimdən bacımın eləcə də valideynlərimin üzünə baxa bilmirəm.

Əziz Prezidentimiz, əgər VTB bank, mənə üç il möhlət verərsə, söz verirəm və öhdəmə götürürəm ki, nimdaş geyinərik, yemərik, içmərik bankın borcunu ödəyərik. Azərbaycan vətəndaşına ayrı seçkilik qoymadan hər bir Azərbaycan vətəndaşının prezidenti kimi mənim məktubumu xüsusi nəzarətə götürməyinizi və mənə möhlət verilməsi ilə əlaqədar müvafiq orqanlara göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirəm. Ömrümün sonuna qədər qayğı və diqqətinizi unutmaram, həmişə adınızı uca, xatirinizi əziz tutaram.

Cənab Prezident, Allah Taala Sizi daim hifz etsin, kölgənizi millətimizin başı üstündən əskik etməsin, Sizə əbədi cansağlığı bəxş etsin – Amin!

Əlaqə telefonu: (055) 222 37 38

Hörmətlə: Mikayıl Əliyev"

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.




1.3317658901215