Əli Həsənov: "Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm"

Əli Həsənov: "Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm"
18:57 14-01-2021 | icon 14179

"Mən Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm. Bu barədə açıqlama vermək niyyətim yoxdur". 

MillətinSəsi.info xəbər verir ki, bunu "AzPolitika.info"ya Prezidentin keçmiş köməkçisi, prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov bildirib.

Bu gün ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərli həbs edilib. Onun barəsəində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həbs-qətimkan tədbiri ilə bağlı təqdimata Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılıb.

V.Səfərliyə qarşı irəli sürülmüş ittihama əsasən, onu 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Belə ki, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) əməli 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddədə “xüsusilə külli miqdar” dedikdə 500 min manatdan yuxarı olan məbləğ nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) maddəsinin sanksiyasında isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, 7 ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslinə aid olan 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrində isə ən yüksək cəza kimi 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Ehtimal var ki, bu cinayət işi üzrə həbslər davam etdirləcək, KİVDF ilə əlaqələri olan keçmiş dövlət məmurları, o cümlədən Fondun fəaliyyətini kurasiya etmiş Əli Həsənov da məsuliyyətə cəlb edilə bilər.

Məlumatlara görə, jurnalistlər üçün binalar inşa edən "Protoks" MMS-nin 51 faizi onun yaxın qohumlarından birinə məxsusdur. Prokurorluğun yaydığı məlumata görə, bu şirkət vasitəsi ilə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Xatırladaq ki, bir neçə gün öncə Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovun 7 ailə şirkətinin könüllü ləğv edildiyi barəsində məlumat yayılıb.

Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində ləğv edilən şirkətlərin siyahısı dərc olunub. Bunlar “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər və “Kaspi Co” MTK-dır.

Adları çəkilən şirkətlər təhsil, media, reklam, ictimai iaşə, tibb, ticarət və tikinti sahələrində fəaliyyət göstərirdi.

Vəkil Aqil Layıc “Press Klub”a bildirdi ki, şirkət rəhbəri onun ləğvinə qərar verərsə, bu barədə elan verməli, tərəfdaşları varsa, onları xəbərdar etməlidir: “Şirkətin kreditləri varsa, kreditorlar və başqa tərəflər bundan xəbərdar olmalıdır”.

Belə məlumatlar yayılıb ki, Ə.Həsənovun ailəsinə məxsus şirkətlərdə son vaxtlar maliyyə durumu yaxşı deyildi, işçilərin maaşları ödənilmirdi.

Vəkil deyir ki, şirkətlər ləğv olunsa belə, oradakı pozuntu hallarıyla bağlı araşdırmalar davam edə bilər: “Ləğvetmə mülki məsuliyyətdən azad edə bilər, cinayət məsuliyyətindən isə yox. Araşdırma aparılıb, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi hallar üzə çıxarılarsa, bu halda, şirkətin ləğv olunması məsuliyyət daşıyan şəxsləri cəzadan yayındıra bilməz”.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Əli Həsənovun ailə şirkətləri onun vəzifəsinin yaratdığı imkanlar hesabına əldə edilmişdi, o, vəzifəsini itirəndən sonra şirkətlərin də əlindən çıxması təbiidir: “Baş verənlər oliqarxiyanın mövcudluğunun göstəricisidir. Əgər maliyyə resursları və siyasi resurslar eyni əldə cəmlənirsə, bu artıq oliqarxiyadır. Tutduqları siyasi postdan, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, biznes qururlar".

Mehman Əliyevin fikrincə, Əli Həsənovun ailə biznesi kənar müdaxilələr hesabına çökdürülüb, şirkətlərin ləğvi də məcburiyyətdən olub.

Xatırladaq ki, Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. 2019-cu ilin noyabrında vəzifədən azad edilib.