Xırdalanda səkinin üzərində tikilən obyekt narazılığa səbəb oldu

Xırdalanda səkinin üzərində tikilən obyekt narazılığa səbəb oldu
18:28 15-01-2021 | icon 77

Abşeron rayonunda səki üzərində tikilən obyekt ciddi narazılığa səbəb oldu. Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Belə ki, vətəndaşlar Xırdalan şəhərində Heydər Əliyev parkının yaxınlığında Zərifə Əliyeva küçəsində obyekt tikintisinə etiraz edir. 

Piyada yolunun üstündə tikilən obyekt ərazidən keçən piyadaların hərəkətinə mane yaradır. Bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, məsələyə baxan yoxdur.

Məsələ ilə bağlı Abşreon rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli ilə əlaqə saxladıq. O, açıqlamasında sözügedən obyektin qanunsuz tikildiyini bildirdi:

"Ərazidə olan köşk müvafiq razılıq alınmadan, qeyri-qanuni şəkildə tikilib. Məsələ ilə bağlı İcra Hakimiyyəti tərəfindən sahibkara xəbərdarlıq edilib və şəhərin memarlığına uyğun gəlmədiyi üçün köşkün uzaqlaşdırılması üzrə işlər həyata keçirilir".