“Nizami Gəncəvi İli” ICESCO ilə birlikdə qeyd ediləcək

“Nizami Gəncəvi İli” ICESCO ilə birlikdə qeyd ediləcək
17:14 14-01-2021 | icon 71

“Bu il Azərbaycanda “Nizami Gəncəvi İli”dir. Həmçinin Nizami Gəncəvinin 880 illiyidir. Biz razılaşdıq ki, bu ili ICESCO ilə birlikdə qeyd edək”. “Report” xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə mədəniyyət naziri Anar Kərimov deyib.

“Ermənilər etnik təmizləmə ilə yanaşı, mədəni irsin məhv edilməsi siyasətini də həyata keçiriblər. Hətta qəbiristanlıqlarımız da dağıdılıb. Bunlar cinayətdir. Biz əminik ki, ICESCO bu faktları gördükdən sonra hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim ediləcək. Azad olunmuş ərazilərə texniki missiya göndərəcək. Həmin missiya dağıdılmış yerləri qeydiyyata alacaq və beynəlxalq ictimaiyyətə təqdim edəcək”, -  naziri Anar Kərimov brifinqdə deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.