188 nəzarətçi-müəllim bazadan xaric edilib 

188 nəzarətçi-müəllim bazadan xaric edilib 
14:49 14-01-2021 | icon 149

“İmtahan rəhbərlərinin əsas hissəsi Azərbaycan Milli Elmlər Akademiyasının işçiləridir”. Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, qeyd edib ki, nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilən nəzarətçilərlə yanaşı, köçürməyə və digər qayda pozuntularına yol verən, cəlb edildiyi imtahanlara üzrlü səbəb olmadan gəlməyən nəzarətçilərlə də bağlı tədbir görülüb.

Onun sözlərinə görə, yuxarıda qeyd olunan səbəblərə görə 188 nəzarətçi müəllimi bazadan xaric edilib və onlar haqqında məlumatlar müvafiq qurumlara göndərilib: "Bu tədris ilində 38 nəzarətçi-müəllim Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fəxri fərmanla təltif edilib”.

DİM sədri qeyd edib ki, ümumilikdə 12 ildə təltif edilən müəllimlərin sayı 363 nəfər olub: “Bu il imtahanda iştirak edən 50 nəzarətçi-müəllim Vətən Müharibəsində iştirak ediblər. Onlardan 4 nəfəri şəhid olub. Yanvarın 18-ə qədər imtahan tarixləri barədə fikir söyləməyə ixtiyarım yoxdur. İmtahan tarixlərini yalnız həmin vaxtdan sonra təxmini də olsa, söyləyə bilərik”.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, yaxın günlər üçün sadəcə imtahanların ardıcıllığını açıqlamaq mümkündür: “Tarixlər hər dəfə pandemiyanın şərtlərindən asılı olur. Biz tarixlərlə bağlı təklifləri hazırlayıb, hökumətə öncədən təqdim edirik. Buraxılış imtahanlarının strukturu elan olunub və xüsusi jurnal da çıxıb”.

DİM sədri qeyd edib ki, mart ayında imkan olsa, qəbul imtahanları yenə də iki mərhələdə (yaz və yay) keçiriləcək. O bildirib ki, bu məsələlər müzakirə edilir: “Çalışacağıq ki, bu il abituriyentlərə iki şans verilsin. İmtahanların ardıcıllığı müəyyən olunanda və aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, ötən il pandemiya səbəbindən qəbul imtahanı bir mərhələdə keçirilmişdi.