Azərbaycanda qanunsuz miqrasiya halları iki dəfə azalıb 

Azərbaycanda qanunsuz miqrasiya halları iki dəfə azalıb 
11:42 14-01-2021 | icon 131

“2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılma mərkəzlərində saxlanılan əcnəbilərin heç birində koronavirusa yoluxma qeydə alınmayıb”.

milletinsesi.info-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il qanunsuz miqrasiya ilə bağlı qeydə alınan faktlarda 51 faiz azalma olub: “Bu rəqəm 2019-cu ildə 14 834 olubsa, 2020-ci ildə 7 317-yə düşüb.

Qanunsuz miqrantların saxlanılma mərkəzlərində yerləşdirmədə 73 faiz azalma olub. 2019-cu ildə mərkəzlərə 1 237, 2020-ci ildə isə 332 nəfər yerləşdirilib. 2020-ci ildə readmissiya tədbirlərində 68 faiz azalma qeydə alınıb”.

O bildirib ki, karantin tədbirləri tətbiq olunan tarixdən çox məhdud sayda readmissiya həyata keçirilib:“Yalnız çarter reysləri vasitələri ilə həyata keçirilən readmissiya tədbirləri 2020-ci ilin yanvar və fevral ayılarını əhatə edib”, - deyə rəis qeyd edib.

V.Hüseynov əlavə edib ki, ötən il readmissiya ilə bağlı 480 sorğu verilib: “145 readmissiya olub. O bildirib ki, indiyə qədər readmissiya ilə bağlı 4 647 sorğu olub. 1 914 nəfərin sorğusu müsbət cavalandırılıb, lakin geri qaytarılması həyata keçirilməyib, nəzərdə tutulur. 2020-ci ildə ölkəyə gələn əcnəbilərin sayında dörd faiz azalma müşahidə edilir”.

Onun sözlərinə görə, 2019-cu ildə ölkəyə 3 170 321 nəfər gəlib: “Ötən il ökəyə gələn əcnəbilərin 22 515 nəfəri Rusiya Federasiyası, 184 253 nəfəri Gürcüstan, 160 513 nəfəri Türkiyə, 72 796 nəfəri İran, 16 954 nəfəri Ukrayna, 136 030 nəfəri digər ölkələrin nümayəndələridir”, - deyə rəis qeyd edib.

O qeyd edib ki, hazırda ölkəmizdə 118 409 əcnəbi yaşayır: “Ölkədə hazırda yaşayan əcnəbilərin 44 805 nəfər Rusiya, 38 698 nəfər Gürcüstan, 11 293 nəfər Türkiyə, 4 145 nəfəri Ukrayna, 2 662 nəfər İran, 16 806 nəfəri isə digər ölkələrin nümayəndələridir”. 

V.Hüseynov əlavə edib ki, pandemiya dövründə əlavə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlanıb. 

Onun sözlərinə görə, ötən il ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı 59 963 olub: “Gürcüstandan 25 385, Rusiyadan 23 583, Türkiyədən 3 626, Ukraynadan 1 736, Pakistandan 835 və digər ölkələrdən 4 795 nəfərin ölkədə yaşaması leqallaşdırılıb”.